Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:00

«Gələn il, Rusiya və Qazaxıstanda olduğu kimi, Mərkəzi Bankın liberal üzən məzənnə siyasətinə keçməsi ehtimalı kifayət qədər yüksəkdir».

İqtisadçı Vüqar Bayramov belə hesab edir.

Ekspert bildirib ki, bu halda hətta Neft Fondunun mövcud transfertləri də manatın ucuzlaşmasının qarşısını ala bilməyəcək: «Neftin dünyada bazar qiyməti hətta 60 dollara çatsa da belə, bu manatın möhkəmlənməsi üçün yetərli deyil».

V.Bayramov qeyd edib ki, bu məsələdə Dövlət Neft Fondundan xərcləmələrin səviyyəsi olduqca vacibdir: «Çünki manatın taleyini artıq daha çox Mərkəzi Bankın intervensiyası deyil, Neft Fondunun hərraca çıxardığı dollarların məbləği müəyyənləşdirir. Bu ilin 9 ayında 4 milyard dollar satan Fond həmin müddətdə cəmi 3 milyard 823 milyon manat xərcləyib. Həmin müddətdə manatın dollara orta məzənnəsini nəzərə aldıqda, belə çıxır ki, sözügedən dövrdə Fondda orta hesabla 2 milyard 440 milyon manat milli valyuta artıqlığı olub. Təbii ki, Fond belə manat artıqlığı prinsipi ilə uzun müddət hərraclara çıxa bilməz və bu sözügedən qurumun strategiyasına da tam uyğun gəlmir».

İqtisadçının fikrincə, dövlət xərcləmələri və Neft Fondunun dollar satışı manatın məzənnəsindən ötrü yaxın illərdə əsas amil olacaq.

Ekspert qeyd edir ki, ehtiyatlarının 75 faizini itirən Mərkəzi Bank 4 milyard dollarlıq rezervi ilə artıq prosesə birbaşa müdaxilə etməkdə maraqlı görünmür. «Deməli, neftin indiki qiymət artımları Azərbaycanda dollara olan tələbi azaltmayacaq. Təbii ki, bu kontekstdən manatın məzənnəsinin möhkəmlənməsi real deyil», - V.Bayramov deyir.

Hazırda Neft Fondunun 36 milyard dollara yaxın ehtiyatının olduğu bildirilir.

Mərkəzi Bank ötən il dekabrın 21-də baş verən sonuncu devalvasiyadan sonra üzən məzənnə sisteminə keçildiyini bildirsə də, müstəqil iqtisadçılar bu deyilənlə razı deyillər. Onlar vurğulayırlar ki, Azərbaycanda, hələ də, manatın məzənnəsi tənzimlənir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG