Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:27

►"Hökumət ən pis ssenariyə hazır olmalı, neft 20 dollar olduğu təqdirdə atacağı addımları indidən müəyyənləşdirməlidir"

Maliyyə naziri Samir Şərifov 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılacağını, neft gəlirlərinin 30 dollardan götürüləcəyini bildirib. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, büdcəyə yenidən baxmaq üçün müəyyən rübün nəticələrini gözləmək lazımdır, çünki bunu müvafiq qanunvericilik tələb edir:

– Maliyyə naziri parlamentdə 2016-cı ilin büdcəsini təqdim edəndə demişdi ki, onların büdcə ilə bağlı 3 ssenariləri var, yəni neftin barrelini 50, 40 və 30 dollardan göstərən büdcə təklifi hazırlayıblar. Əgər belə ssenarilər varsa, elə bunu müzakirəyə çıxarmaq olardı. Görünür, o vaxt bunu desələr də, ortada konkret ssenari olmayıb. Neftin qiymətinin 30 dollardan götürülməsi büdcəyə yenidən baxmaq zərurəti yaradır, ancaq mövcud qanunvericiliyə görə, büdcədə dəyişikliklər aparılması üçün müəyyən rübün nəticələrini gözləmək lazımdır. Amma görünür, yanvar ayında başlanan proseslər, neftin 30 dollardan yuxarı olmayacağı qənaəti büdcə proqnozunun yerinə yetirilməyəcəyini söyləməyə ciddi əsas verir. Büdcədə kəskin ixtisarlara ehtiyac var. Problem yalnız neft gəlirlərinin azalmasında deyil. Ölkə iqtisadiyyatını bürümüş böhran nəticəsində digər sahələrdə vergi daxilolmalarının azalmasını da müşahidə edirik. O vaxt büdcəni təhlil edərkən qeyd etmişdik ki, qeyri-neft sektorundan vergi daxilolmaları ilə bağlı proqnozlar reallığa uyğun deyil. İndi büdcəyə yenidən baxarkən, təkcə neft gəlirlərinin azalmasını yox, həm də vergi daxilolmaları ilə bağlı proqnozlara da yenidən baxıb bunu da nəzərə almaq lazımdır.

Azər Mehtiyev

Azər Mehtiyev

– Azər bəy, Dünya Bankı neftin 20 dollara qədər düşəcəyini deyir. Sizcə, 30 dollar optimal rəqəmdimi?

– Düzdür, neftin qiymətinin hansı həddə qədər düşəcəyini proqnozlaşdırmaq çətindir, amma 20 dollara düşəcəyi təqdirdə bu, bir il ərzində məhz bu qiymətdə qalacağı demək deyil. Büdcədə orta hesabla 30 dollardan götürülür. Fikrimcə, bir il ərzində neftin qiyməti 5 dollar aşağı-yuxarı 30 dollar civarında olacaq. Ancaq bununla belə, hökumət ən pis ssenariyə hazır olmalı, neft 20 dollar olduğu təqdirdə atacağı addımları indidən müəyyənləşdirməlidir.

Buna da bax: Tərtərdə iki uşaq külə dönmüş evdə yaşayır

“Büdcədə ixtisar üçün kifayət qədər imkan var”

– Büdcədə hansı xərclərin kəsilməsi zəruridir?

– Ciddi islahatlara ehtiyac var. Azərbaycanda büdcə xərcləri planlaşdırılarkən, nəticələrə hesablanan planlama sisteminin olmadığı görünürdü. Çox bədxərc, şişirdilmiş bir büdcəmiz var. Dövlət qurumları da bədxərc işləməyə alışıb. İndi büdcədə ixtisarlar aparmaq üçün real imkanlar mövcuddur. Ancaq eyni zamanda dövlət idarəetmə sistemində struktur islahatlarına ehtiyac var, həm də söhbət dövlət investisiyalarının xərclənməsi zamanı qənaət edilməsindən, özəl şirkət-dövlət tərəfdaşlığının yaradılmasından gedir. Bu ilki dövlət büdcəsində ixtisara məruz qalası kifayət qədər xərc maddəsi var.

– Azər bəy, bu il hökumət pensiyaları, sosial müavinətləri, büdcədən maliyyələşən müəssisələrdə çalışanların əmək haqqını ödəməkdə zorluq çəkəcəkmi?

– Ehtimal edirik ki, belə bir problem olacaq. Çünki büdcənin gəlirlərinin toplanması ilə bağlı problemlər gözlə görünür. Ötən il bu problemlərin həllində nisbətən devalvasiyanın rolu oldu, yəni valyutanın artan kursu ilə bu vəsaiti ödəmək imkanı yarandı. Bu il isə hökumət devalvasiyaya getmək istəmir, əslində, artıq bunun üçün də imkanlar məhdudlaşıb. Bu halda yeganə mənbə real şəkildə vergi daxilolmalarının artırılmasına nail olmaqdır. Bu da baş verməsə, ən böyük ehtimalla dövriyyəyə əlavə manat buraxılmasıdır, bu zaman isə inflyasiyanın sürətlənməsi baş verə bilər.

Son vaxtlar “süni qiymət artımı” adı altında, həm də valyutanın tənzimlənməsi üçün atılan addımlar daha çox sahibkarlığın sıxışdırılmasına yönəlib. İndiki məqamda liberal addımlar atılmalı, sahibkarlar üçün daha əlverişli, açıq mühit yaradılmalı olduqları halda, sosial narazılıqların qarşısını almaq məqsədilə qiymət tənzimlənməsi siyasəti başladıldı.

Buna da bax: Məşədi Natiqi prezident buraxdırıb

“Süni qiymət” yox, “inhisarçı qiymət” var

– Süni qiymət artımı ittihamı ilə bəzi sahibkarlar cəzalandırılır və ya həbsə atılır. Bu, sahibkarlıq mühitinə necə təsir edəcək?

– Son vaxtlar “süni qiymət artımı” adı altında, həm də valyutanın tənzimlənməsi üçün atılan addımlar daha çox sahibkarlığın sıxışdırılmasına yönəlib. İndiki məqamda liberal addımlar atılmalı, sahibkarlar üçün daha əlverişli, açıq mühit yaradılmalı olduqları halda, sosial narazılıqların qarşısını almaq məqsədilə qiymət tənzimlənməsi siyasəti başladıldı. Bu, təəssüf ki, sahibkarlıq mühitini pisləşdirməyə doğru gedəcək. Guya sahibkarlara vergi güzəştləri tətbiq edilir, ancaq əslində, sahibkarlar bir çox ödəmələrlə üzləşib. Baş verənlər isə nəinki sahibkarlığı inkişaf etdirəcək, mövcud sahibkarlıq strukturlarını da sıradan çıxaracaq. Ümumiyyətlə, “süni qiymət artımı” məsələsi yoxdur, söhbət inhisarçı qiymətlərdən gedir. Bunu isə inhisarçılar tətbiq edir. Ölkə iqtisadiyyatı monopolistlərdən təmizlənməyincə, təbii ki, qiymətlərin artması və ya bu cür proseslər qaçılmaz olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG