Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:25

Neft ucuzlaşandan bəri Azərbaycan xarici ölkələrə böyük sərmayələr yatırmaqla durumdan çıxmağa çalışır, bundan ötrü hətta riskə getməyə hazırdır. Bunu «Nikkei Asian Review» qəzeti yazır.

Qəzet Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktorunun müavini İsrafil Məmmədova istinad edərək, fondun səhmlərə investisiyaları, eləcə də birbaşa sərmayəni 15-dən 25 faizədək artırmağı planlaşdırdığını xəbər verir.

DAŞINMAZ ƏMLAKA İNVESTİSİYA ARTIRILIR

«Nikkei Asian Review»un yazdığına görə, keçən il Azərbaycanın Dövlət Neft Fondu Tokiodakı «Kirarito Ginza» ticarət mərkəzini almaqdan ötrü nəhəng yapon şirkəti «Orix»ə 52.3 milyard yen (496 milyon dollar) ödəyib. Bundan başqa, SOFAZ Yaponiyada daşınmaz əmlakın inkişafında iştirak edən fondlara, o cümlədən ucqar şəhərlərdə logistik komplekslər və daşınmaz əmlaka sərmayə yatırır.

Qəzetə müsahibəsində İsrafil Məmmədov deyib ki, Azərbaycan Neft Fondu daşınmaz əmlaka qoyulan investisiyanı təxminən iki dəfə artırmaq – 5.5%-dən 10%-ə qaldırmaq niyyətindədir.

Neft Fondunun Azərbaycanın gələcəyi üçün ehtiyat toplamaq və ölkədə iqtisadi stabilliyi bərpa etmək funksiyasını xatırladan «Nikkei Asian Review» fondun aktivlərinin 2006-cı ildən bu yana 24 dəfə artdığını, ancaq neft dəyərdən düşəndən bəri aktivlərin azalmaqda olduğunu qeyd edir. Müəllif yazır ki, həm faiz dərəcələrinin aşağı olmasının gəlirləri azaltması, həm də neftin kəskin ucuzlaşması Azərbaycanın Neft Fondunu investisiya portfelinə daha riskli aktivlər qoşmağa vadar edib.

KİÇİK BİZNES

«Nikkei Asian Review» eyni zamanda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xarici ölkələrdə emal sənayesi, nəqliyyat və elektrik enerjisi istehsalına cəlb olunduğunu yazır. Qəzetin məlumatına görə, SOCAR Yunanıstanın qaz kəməri operatorlarından birinin səhmlərinin 49%-ni almaqla bağlı razılaşmanı əldə etmək üzrədir.

Qəzet həmçinin, SOCAR-ın Albaniyadan Xorvatiyaya uzanan qaz kəmərinin tikintisində iştirakını, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin 2020-ci ilə kimi hazır olacağını və Azərbaycan qazını Türkiyə vasitəsilə İtaliyaya çatdıracağını xatırladır. «Balkan yarımadasında qurulacaq qaz nəqliyyatı şəbəkəsi Azərbaycan qazına tələbatı artıra və yeni yataqların inkişafına səbəb ola bilər». «Nikkei Asian Review» belə yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG