Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:28

Neft Fondunun 'canı' dövlət büdcəsindən qurtarır?


Neft buruqları
Neft buruqları

Gələn il Dövlət Neft Fondundan (DNF-dən) dövlət büdcəsinə nəzərdə tutulan transfert cari illə müqayisədə əhəmiyyətli dərəcədə azalacaq. Bunu maliyyə naziri Samir Şərifov deyib. Söhbət, təxminən, 1.5 milyard manatlıq azalmadan gedir. Nazir azalmanı dövlət başçısının tapşırıqlarının icrası kimi qiymətləndirib. DNF-dən büdcəyə 7 milyard 615 milyon manat köçürülməsi proqnozlaşdırılır.

Dövlət Neft Fondu yaradılarkən (1999-cu ildə), başlıca məqsəd belə ifadə edilmişdi: «Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması».

Ancaq ötən illər göstərdi ki, DNF-yə gələn pullar hökumətin çəkuzantıya çevriləni layihələrinə və dövlət büdcəsinin doldurulmasına xərclənib. Ekspertlər «Büdcə neft pullarından asılı hala salınmasın!» – desələr də, hökumət onların bu xəbərdarlığını görməzdən gəldi və büdcəni DNF-nin transfertləri hesabına şişirtməyə davam etdi.

2001-2015-ci illərdə bütövlükdə DNF xərclərinin 91 faizi dövlət büdcəsinə transfertlərdir. Bu köçürmələrin dövlət büdcəsi gəlirlərində payı 2003-cü ildə 8.2 faizdən 2011-2012-ci illərdə ən yüksək – 57.3 faizə yüksəlib. 2015-ci ildə bu rəqəm 46.4 faiz olub.

Dövlət büdcəsinə transfertin illər üzrə bölgüsü (manatla):

2003 – 100 milyon

2004 - 130 milyon

2005 – 150 milyon

2006 – 585 milyon

2007 – 585 milyon

2008 – 3 milyard 800 milyon

2009 – 4 milyard 915 milyon

2010 – 5 milyard 915 milyon

2011 – 9 milyard

2012 – 9 milyard 905 milyon

2013 – 11 milyard 350 milyon

2014 – 9 milyard 337 milyon

2015 – 8 milyard 130 milyon

Azər Mehtiyev
Azər Mehtiyev

«BU, MƏCBURİ ADDIMDIR»

İqtisadçı ekspert Azər Mehtiyev fonddan dövlət büdcəsinə transfertin azaldılmasını alqışlayır: «İndiki halda bunu məcburi addım saymaq olar. Son 2 ildə baş verənlər dövlət büdcəsinin neft gəlirlərindən, xüsusən DNF-dən asılılığının azaldılmasını zəruri edib. Görünən budur ki, hökumət dövlət büdcəsinin xərclərini azaltmağa və büdcənin qeyri-neft gəlirlərinin səviyyəsinə uyğunlaşdırmağa çalışır».

Ekspertin fikrincə, DNF-dən dövlət büdcəsinə transfertlərlə bağlı ciddi hüquqi normanın - xarici təcrübədə «büdcə qaydası» adlandırılan hüquqi qaydanın qəbul edilməsinə ehtiyac var: «Yəni, dövlət büdcəsi ilə fond arasında münasibətlər və transfertin məbləği konkret normalarla tənzimlənməlidir».

Ekspert başqa bir məqama - DNF-dən birbaşa maliyyələşdirilən layihələrə də diqqət çəkir: «Növbəti ildə DNF-dən birbaşa maliyyələşdirilən layihələrə nə qədər vəsait ayrılacağı hələ açıqlanmayıb. Transfertin azaldılması bütövlükdə fondun xərclərinin azaldılmasını nəzərdə tutur, yoxsa birbaşa layihələrə vəsaitin artırılmasını? Bu məsələyə də aydınlıq gətirilməlidir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG