Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:14

Niderlandın dərdi: həbsxanalar boşalır


Niderlandda həbsxana
Niderlandda həbsxana

«Bu yaxınlarda Niderlandda həbsxanaya yolunuz düşsə, orda məhbus tapmaya bilərsiniz. Bu həftə Niderland Ədliyyə Nazirliyi elan edib ki, ölkə həbsxanalarında məhbus sayı 2011-2015-ci illərdə 27 faiz düşüb. Bunu Amerikayla müqayisə etsək, 27 faizlik azalma 600 min adamın buraxılması deməkdir». Bu barədə «The Washington Post» qəzetində Adam Taylor yazır.

Müəllif bu rəqəmin ABŞ-ın Viskonsin ştatındakı Miluoki şəhərinin əhalisinin sayına bərabər olduğunu yazır.

DÜNYADA MƏHBUSLAR ARTIR

Ümumilikdə isə dünyada həbsxana kontingenti getdikcə artmaqdadır. Kriminal Siyasət Araşdırmaları İnstitutunun (Institute for Criminal Policy Research) fevralda yaydığı hesabata görə, 2000-2015-ci illərdə dünyada məhbus sayı 20 faiz artıb. Həmin müddətdə ümumi əhali sayındakı artım 18 faiz olub.

Niderlandın Ədliyyə Nazirliyi isə bildirir ki, Avropada ən az məhbus sayına malikdir, hər 100 min nəfərə cəmi-cümlətani 57 məhbus düşür. Bu ölkə təkcə Finlandiyadan geri qalır: orada hər 100 min nəfərə 54 məhbus düşür. Avropada ən çox məhbus İngiltərə və Uelsdədir, 100 min nəfərə 148 məhbus var. Amma yazıda qeyd olunur ki, bu ölkələrin heç biri Birləşmiş Ştatlara çata bilməz – 100 min nəfərə 693 məhbus necədir?

Niderlandda son illərdə törədilən cinayətlərin sayında da 0.9 faiz azalma var. Bundan başqa, ictimai işə cəlbetmə cəzaları da artıb. Nəticədə yaşı 17-dən az və 18-22 yaş arası məhbusların sayında uyğun olaraq 55 və 44 faizlik azalma var.

Məhbus sayının azalmasıyla həbsxanalar da bağlanır. 2013-cü ildə ölkədə 19 həbsxana qıfıllanıb. Bu ilin martında «De Telegraaf» qəzeti yazıb ki, daha 5 cəzaçəkmə yeri qapanacaq. Bu arada istifadəsiz qalan həbsxanalar da boş saxlanmır. Hökumət bu həbsxanaları Norveç və Belçika hökumətlərinə verib ki, məhbuslarını yerləşdirsinlər. Bəzi boşalmış təcridxanalarda isə qaçqınlar və miqrantlar yerləşdirilib.

Bu həbsxana kameralarında, adətən, 1-2 nəfər qalır, gimnastika zalları, yaxşı mətbəxləri olur.

İŞSİZ QALANLAR VAR

Amma məhbusların azalmasından ziyana düşənlər də varmış. «De Telegraaf» yazır ki, bu il 5 həbsxananın bağlanması 1900 nəfərin işsiz qalması deməkdir. Digər tərəfdən, Niderlandda bir məsələnin müzakirəsi gedir – doğrudanmı ölkədə az cinayətkar var, yoxsa son illər aparılan islahatlar daha az cinayətkarın tutulmasıyla sonuclanır.

«Hökumət həqiqətən də cinayətkarları tutsaydı, həbsxana kameralarımız boşalmazdı», - parlamentin Sosialist Partiyasından olan üzvü Nine Kooiman deyir.

Niderland həbsxanaları boşalan yeganə ölkə deyilmiş. İsveçdə məhbus sayı 2004-cü ildə 5 min 722 idi, 2014-cü ildə 4 min 500 nəfərə düşüb. Bu ölkə də bəzi həbsxanaları bağlamalı olub. «The Guardian» qəzeti 2013-cü ildə yazırdı ki, İsveç həbsxanalarındakı insani və rahat durum məhbusların reabilitasiyasını sürətləndirib.

100 MİN NƏFƏRƏ 236 MƏHBUS

Azərbaycanda isə hər 100 min nəfərə 236 məhbus düşür. Bunu da Kriminal Siyasət Araşdırmaları İnstitutunun hesabatına əsasən demək olar. Hesabata 2014-cü ilin statistikası salınıb. 2000-ci ildə Azərbaycanda hər 100 min nəfərə 291, 2005-ci ildə 221, 2010-cu ildə isə 241 məhbus düşüb.

2014-cü ildə ölkədə 22 min 526 məhbusun olduğu qeyd edilir. 2000-ci ildə bu rəqəm 23 min 504, 2005-ci ildə 18 min 656, 2010-cu ildə 21 min 971 idi.

Ermənistanda hər 100 min nəfərə 130, Gürcüstanda 274, Rusiyada 445, Türkiyədə isə 220 məhbus düşür.

Azərbaycanda müstəqil hüquqşünaslar həbsxanada sıxlıq məsələsini vaxtaşırı qaldırırlar. Hakimiyyət təmsilçiləri isə bu sahədə islahatlar aparıldığını, ölkədə məhbus sayının qonşu ölkələrlə, özəlliklə, Gürcüstanla müqayisədə az olduğunu vurğulayırlar.

XS
SM
MD
LG