Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

Nazirlər Kabineti «İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı»nı təsdiqləyib

Nazirlər Kabineti «İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı»nı və həmin malların ixracına görə vəsaitin ödənilməsi qaydasını təsdiqləyib. Bu məhsulları xaricə göndərən sahibkarlar dövlət büdcəsindən ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq əmsallara uyğun pul alacaqlar.

Buna da bax: «NAZ-Lifan»la «London taksisi»nin fərqi​

Bu mallara görə, ixrac təşviqi ödənəcək:

Təbii bal;
Əncir
Quru üzüm
Quru meyvə
Xurma
Nar

Unlu qənnadı məmulatları, o cümlədən paxlava, şəkərbura kimi şərq şirniyyatları;

Sirkə və ya sirkə turşusu ilə konservləşdirilən tərəvəz, meyvə, qoz-fındıq;
Şəkərlə konservləşdirilən tərəvəz, meyvə, qoz-fındıq;
Sirkəsiz və ya sirkə turşusu olmadan hazırlanan və ya konservləşdirilən pomidor;
Sirkəsiz və ya sirkə turşusu olmadan hazırlanan və ya konservləşdirilən, dondurulmamış digər tərəvəzlər;
Cemlər, mürəbbələr, meyvə jelesi, marmelad, meyvə və ya qoz-fındıq püresi;
Meyvə və ya qoz-fındıq pastası;
Başqa üsulla hazırlanmış və ya konservləşdirilmiş meyvə, qoz-fındıq, o cümlədən qablaşdırılmış qoz-fındıq və badam;
Meyvə və tərəvəz şirələri, o cümlədən nar şirəsi;
Sous və ədviyyatlar;
Təbii və ya süni mineral sular, qazlı sular;
Alkoqolsuz içkilər;
Təbii üzüm şərabları və üzüm suslosu;
Vermutlar, bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları;
Konyak, brendi, likörlər və digər spirtli içkilər, üzüm şərablarının distillatları;
Naftalan mazı;
Təbii dəridən geyim əşyaları və digər məmulatlar;
İpək parçalar;
Əllə toxunmuş xovlu və xovsuz xalçalar;
Pambıq ipliyindən geyim əşyaları, ləvazimat və digər hazır toxuculuq məmulatları;
Üstü təbii dəridən olan ayaqqabılar.

Buna da bax: «Azərbaycanda böhranın dərdini ölkədə axtarmaq lazımdır»

Fərman yaz başlarkən verilmişdi

Prezident İlham Əliyev bu il martın 1-də «Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» fərman vermişdi. Həmin sənəddə ixrac təşviqinin baza məbləği ixrac olunan məhsulun gömrük dəyərinin 3 faizi həddində müəyyənləşdirilmişdi. Nazirlər Kabineti ayrı-ayrı məhsullara müxtəlif əmsallar tətbiq edib. Təbii bal, adı çəkilən meyvələr (nar və xurmadan başqa), unlu qənnadı məmulatı, şəkərlə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq, təbii və ya süni mineral sular, qazlı sular, alkoqolsuz içkilər və ipək parçaların ixracına görə 3 faizlik ixrac əlavəsinə 1,5 əmsal tətbiq olunur.

Nar və xurma ixracatçılarına 3 faiz, siyahıda adıdedən digər malların ixracına görə isə, ikiqat - 6 faiz ixrac əlavəsi ödəniləcək.

Necə və nə vaxt ödəniləcək?

İxrac təşviqinin ödənilməsindən ötrü İqtisadiyyat Nazirliyinə ərizə ilə üz tutulmalıdır. Nazirlik pulun 10 gün içində ödənilməsinə dair qərarı ixracatçıya və Maliyyə Nazirliyinə təqdim edir. Maliyyə Nazirliyi isə “məktub-sərəncam”ı İqtisadiyyat Nazirliyindən alandan sonra üç iş günü ərzində sahibkara ixrac təşviqini ödəməlidir.

İxrac təşviqi ixrac-gömrük bəyannaməsindəki xarici valyuta məzənnəsinə görə, ancaq manatla ödənilir.

Kimlərə məhdudiyyət var?

“Qaydalar”da ixrac əlavəsi ödənməsinə müəyyən məhdudiyyətlər də qoyulub. Məsələn, sənaye və ya texnologiya parklarında istehsal olunmuş malların ixracına görə həmin əlavə verilməyəcək. Çünki onlara yetərincə vergi və gömrük güzəştləri var. Dövlətin mülkiyyətindəki və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus şirkətlər də bu qərardan yararlana bilməyəcək.

İxracın təşviqi haqqında qərar bu il martın 1-dən sonra ixrac edilən mallara şamil edilir. Qeyri-neft məhsulları ixracatçıları bu qərardan 2020-ci ilin sonunadək faydalana biləcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG