Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:09

'Bu məsələdə Qazaxıstanın bizə yardımı dəyə bilər'


N.Nazarbaev, İ.Əliyev və V.Putin
N.Nazarbaev, İ.Əliyev və V.Putin

Qazaxıstan prezidenti Nursultan Nazarbaev oktyabrın 12-də Azərbaycana səfər etməlidir. Amma səfəröncəsi onun soyuqlaması haqda rəsmi saytında xəbər yerləşdirilib. Bununla belə, rəsmi mənbələr səfərin təxirə salınıb-salınmaması haqda indilik heç nə deməyiblər.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə iki ölkənin münasibətlərindən danışırıq.

Elxan Şahinoğlu: 'Bizim əsas problemimiz olan Qarabağ məsələsində Qazaxıstandan hər zaman tam dəstək görürük...'
Gözlə

No media source currently available

0:00 0:06:02 0:00
Direct-ə keçid

– Elxan bəy, Qazaxıstanla Azərbaycan nə qədər yaxındırlar? Onların münasibətini necə dəyərləndirmək olar?

– Biz tərəfdaş ölkələrik. Mərkəzi Asiya ölkələri içərisində Azərbaycanın iki dövlətlə daha çox əlaqəsi var. Bunlardan biri Qazaxıstandır, digəri Özbəkistan. Özbəkistan yeganə Mərkəzi Asiya ölkəsidir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə bu ölkədə səfirlik açmayıb. Təsadüfi deyil ki, İslam Karimov-un vəfatından sonra Özbəkistanda prezident seçkisi keçirilməsə də, Azərbaycanın müdafiə naziri Zakir Həsənov bugünlərdə Daşkəndə səfər etdi. Səfərdə məqsəd gələcək hakimiyyətin də eks-prezidentin siyasətini davam etdirməsidir. O ki qaldı Qazaxıstana, bu ölkəylə bir neçə istiqamətdə əməkdaşlıq edilir. Azərbaycan böyük layihələr həyata keçirir və bu layihələrdə Qazaxıstanın da iştirakını zəruri sayır. Bunlardan biri Bakı-Tbilisi-Qars dəmiryolu layihəsidir. Bu layihənin tam həcmdə işləyə bilməsi üçün Çindən gələn mallar Qazaxıstan üzərindən keçib Azərbaycana gəlməlidir. Deməli, bu məsələdə Qazaxıstanın da rolu və payı böyük olmalıdır. Əslində, Qazaxıstan özü də bu layihəyə böyük maraq göstərir. Bundan başqa, neft-qaz layihələrində də ortaq fəaliyyət mümkündür. TAP, TANAP layihələri işə düşdüyü halda Qazaxıstanın orda iştirakı istisna edilmir.

– Özbəkistanın Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verdiyini söylədiniz. Qazaxıstan hansı şəkildə dəstək verir? İki ölkənin siyasi əlaqələrini necə dəyərləndirmək olar?

– Siyasi təmasların yüksək səviyyədə olduğunu söyləmək olar. Bizim əsas problemimiz olan Qarabağ məsələsində Qazaxıstandan hər zaman tam dəstək görürük. Buna bir neçə misal da göstərmək olar. Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istədikdə Qazaxıstan prezidenti Nursultan Nazarbaev açıq dedi ki, Ermənistan üzv olacaqsa, elə edək Azərbaycanın maraqları da arxa plana keçməsin. Niyə bunu etdi? Ermənistan istəyirdi ki, Dağlıq Qarabağda istehsal olunan malları da Avrasiya İqtisadi Birliyinin bazarına çıxarsın. Qazaxıstan qətiyyətlə bunun əleyhinə çıxdı. Özü də bunu açıq şəkildə dilə gətirdi. Astana hər zaman Qarabağ münaqişəsində Azərbaycanın yanındadır. Baxmayaraq ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Həmin hərbi qurumda Ermənistan da var, bununla da iki ölkə hərbi müttəfiqdir. Amma reallıqda görürük ki, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu münaqişənin həllinə bizim mövqedən yaxınlaşır. Bu baxımdan, Nazarbaev-in Azərbaycana səfərinə böyük əhəmiyyət verirəm. Həm fikir mübadiləsinin genişləndirilməsi üçün imkandır, həm də müəyyən sazişlər imzalana bilər. Xüsusən də, Bakı-Tbilisi-Qars layihəsinin bu ilin sonu-gələn ilin əvvəlində işə düşəcəyi gözlənirsə, Qazaxıstanın da bununla bağlı bir baxışı, planı olmalıdır.

– Bir müddət öncə Türkiyə ilə Rusiya arasında böhran yaşananda Nazarbaev də iki ölkənin münasibətinin nizamlanmasında vasitəçilik etdi. Erdoğan-ın məktubunun Putin-ə çatdırılmasında, münasibətlərin yumşalmasında o da bacardığını etdi. Hər halda, türk mətbuatı xarici siyasət idarəsinin başçısına istinadla belə yazırdı. Nazarbaev Azərbaycan-Ermənistan danışıqlarında da müəyyən vasitəçilik edə bilərmi?

– Əslinə qalsa, Nazarbaev o siyasi fiqurlardandır ki, Qarabağ münaqişəsi başlayanda belə, münaqişənin həllinə maraq göstərirdi. Hələ 1990-cı illərin əvvəllərində Rusiya prezidenti Boris Yeltsin-lə Nursultan Nazarbaev-in Azərbaycana, Ermənistana, Dağlıq Qarabağa səfəri oldu. Qazax prezidenti həmin dövrdə bu münaqişənin həllində fəal olmağa çalışırdı. Hətta o da xatirimdədir ki, Xankəndində erməni separatçılar ayağa durub fikir söyləmək istəyəndə Nazarbaev onları yerində oturtdu. Baxmayaraq ki, Yeltsin onları dinləməyə hazır idi. İkincisi də, bəli, Qazaxıstan prezidentinin Türkiyə-Rusiya münasibətlərinin bərpasında böyük rolu olub. Erdoğan-ın məktubunun Putin-ə çatdırılmasında məhz onun birbaşa rolu var. İki dövlətin münasibətləri gərginləşəndə Nursultan Nazarbaev-in tərəflərə belə bir xəbərdarlığı, mesajı oldu ki, o bu iki ölkənin dostluğu, yaxınlaşması üçün illər boyu əziyyət çəkib, bu əziyyəti yerə vurmaq olmaz. Bu iki dövlət başçısına mesaj idi... Bizim məsələyə gəlincə, apreldən sonra Azərbaycan cəmiyyətində gözlənti vardı ki, Rusiya Ermənistana Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması ilə bağlı təzyiq göstərəcək. Amma bu, baş vermədi. İlham Əliyev Nazirlər Kabinetinin son iclasında ona Dağlıq Qarabağı tanımaq yönündə təzyiqlər göstərildiyini bildirdi. Bu o deməkdir ki, apreldən sonra böyük dövlətlərin mövqeyi dəyişməyib, Ermənistana deyil, bizə təzyiq edirlər. İndiki mərhələdə Qazaxıstan Rusiya ilə dialoqu genişləndirə bilər, Rusiya ilə izahat işi apara bilər. Dünən (oktyabrın 10-da – red.) Putin İstanbulda idi. Türkiyə bu ölkəylə böyük anlaşmalar imzaladı. Əslində Putin İstanbul konqresində anlamalıydı ki, Türkiyə və Azərbaycanla sıx siyasi-iqtisadi-hərbi inteqrasiya arzulayırsa, Qarabağ münaqişəsi mütləq mənada həll edilməlidir. Bu məsələdə Qazaxıstanın bizə yardımı ola bilər. İndi Azərbaycan bu məsələnin həlli yönündə Rusiyayla təkbaşına işləyir. Ancaq Qazaxıstan da dəstək versə, düşünürəm ki, münaqişənin həllinə bir az daha çox yaxınlaşa bilərik.

– Yeri gəlmişkən, Nazarbaev Azərbaycandan sonra Ermənistana səfər edəcək, bu ölkədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tədbirinə qatılacaq.

– Ermənistana çox adam səfər edir. Amma nəticədə Azərbaycanı strateji tərəfdaş kimi seçdiklərini görürük. Ermənistan kasıb ölkədir, Azərbaycan kimi böyük layihələr reallaşdırmır. Nazarbaev-in Azərbaycana səfəri zamanı da real layihələr müzakirə mövzusu olacaq, Ermənistana səfər simvolik xarakter daşıyır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG