Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:29

Nazarbaev qazaxlara SMS göndərdi


Nursultan Nazarbaev
Nursultan Nazarbaev

-

Qazax rəhbərliyi etirazları yatırmaq üçün SMS-lərdən və Facebook-dan istifadə edirlər.

PREZİDENT NİYƏ MESAJ YOLLAMALI OLDU

Mayın 6-da qazaxların əksəriyyəti smartfonlarına qeyri-adi mənbədən gələn SMS-i görəndə çox təəccübləndilər. SMS-in mətnində üzrxahlıq tonu duyulmaqda idi. Amma bu mesajı göndərən nə üzr istəyən həyat yoldaşı, nə də peşman olmuş dost idi.

SMS Qazaxıstan dövlət başçısının Astanada yerləşən «Akorda» Sarayından göndərilmişdi. Mesajın mətni sadədir: «Respublika prezidenti Nursultan Nazarbaev ictimai həyəcan yaratmış Torpaq Məcəlləsinin bəzi maddələrinə moratorium elan edib».

Xəbər-mesajı aparıcı mobil operatorlar «Altel», «Beeline», «Kcell» və «Tele2» göndərib, özü də Nazarbaev-in qərarını açıqlamasından 24 saat keçməmiş. Prezident bu qərarı səs-küylü ictimai təzyiq altında verib. Söhbət dövlətə məxsus kənd təsərrüfatı torpaqlarının auksionlar vasitəsilə özəlləşdirilməsi haqqında mübahisəli planın təxirə salınmasından gedir. Sözügedən SMS də dövlətin atdığı addımın rəqəmsal təzahürüdür.

NAZARBAEV SOSİAL ŞƏBƏKƏLƏRİN İMKANINI ARAŞDIRIR

Nursultan Nazarbaev keçmiş sovet respublikalarından olan Qazaxıstanı 25 ildir bərk-bərk sıxılmış qapaq altında idarə edir. Bəs dövlət başçısının son jesti nədən xəbər verir? Əslində, Nazarbaev-in SMS göndərməsi bir etirafdır. Sosial və digər rəqəmsal medianın ənənəvi informasiya təsir vasitələri - dövlətin nəzarətində olan qəzet, televiziya və radiodan daha effektiv olmasının susqun etirafı...

Nazarbaev-in anonslu videosu da Prezident Sarayının Facebook səhifəsində dövlətin nəzarət etdiyi kütləvi informasiya vasitələrindən daha öncə göründü.

Nazarbaev administrasiyası Facebook, ВКонтакте kimi rəqəmsal platformaların və mətn-mesajların potensial təsirini araşdırır. Bütün bunlar hakim dairənin müstəqil və müxalif media vasitələrinin sıxışdırıldığı bir ölkədə baş verir.

Atırau şəhərində mitinq.
Atırau şəhərində mitinq.

XOŞBƏXTLİK... HƏQİQƏT NAZİRLİYİ DƏ YARADILDI

Qazax prezidenti, sadəcə, əmin olmaq istəyir ki, ölkəsində hər bir kəs, xüsusən də son etiraz aksiyalarının önündə gedənlər hökumətin planını təxirə salmasından xəbərdardır. Amma onun atdığı addımlar bununla bitmir.

Mayın 5-də Nazarbaev yeni İnformasiya Texnologiyaları və Rabitə Nazirliyinin yaradıldığını elan edib. Ona prezidentin keçmiş mətbuat katibi rəhbərlik edəcək. Bu nazirlik «cari informasiya məsələlərinin təmin olunması və islahatların səmərəli həyata keçirilməsi» yönündə fəaliyyət göstərəcək.

Prezident qurumun işi haqqında deyir: «İnternetdəki vebsaytlar və sosial şəbəkələr də daxil olmaqla, bütün növ informasiya mühitinin monitorinqi aparılmalıdır. Bu, xüsusilə kəskin problemlərin aşkarlanması və ona operativ reaksiya göstərilməsi üçün edilir». Nazirliyin digər məqsədi, Nazarbaev dediyi kimi, «həm elektron, həm də çap sahəsində ölkənin informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində informasiya məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasıdır».

Bir çox Facebook istifadəçiləri yeni nazirliyin yaranmasını əndişə ilə qarşılayıblar. Onlar bu nazirliyi «Həqiqət nazirliyi», «Xoşbəxtlik nazirliyi» və «Oruell qarabasması» ilə müqayisə edirlər.

Torpaq Məcəlləsinə düzəlişlərin icrasının dayandırılması ölkəboyu iki həftə davam edən nümayişlərdən sonra mümkün olub. Bu, 2011-ci ildə ölkənin cənub qərbindəki Janaozen və Şetpe şəhərlərində baş vermiş etirazlardan sonra ictimai qəzəbin tüğyan etdiyi ən böyük aksiya idi. O zaman polis etiraz edən neftçilərdən, ən azı, 16 nəfərini güllələmişdi.

Bu il aprelin 24-də ölkənin qərbindəki Atırau şəhərində, azı, 1000 nəfər torpaqların satışa çıxarılmasına etiraz edib.

Qazax fəallar mayın 21-də daha böyük şəhərlərdə kütləvi etiraz aksiyalarına çağırışlar ediblər.

XS
SM
MD
LG