Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:52

►“Onlar evdə namaz qılanda öldürülüblər. O ölüm şəraiti həmin şəxslərin terrorçu olduğunu göstərmir, axı."

Nardaran ağsaqqalı Natiq Kərimov AzadlıqRadiosuna müsahibəsində kənddəki son durumdan danışıb:

- Polis tək bu gün yox, hər gün kənddə axtarış aparır. Axtariş aparmadığı gün var? Polisin “voronok”ları gəlir, itləri buraxır, hər gün nəsə axtarırlar. Nə axtarırlar, bilmirik. Ancaq axtarışlardan sonra protokol tərtib olunmur. Mənim bildiyimə görə, şahidlərin, bələdiyyənin, icra nümayəndəsinin iştirakı ilə mütləq protokol tərtib olunmalıdır və nəticə orda qeyd edilməlidir.

- Kənddə yeni saxlanılanlar olması haqda məlumat yayılıb.

- Nardaranda hər gün 4-5 adam saxlanılır. Aparırlar polisə, sonra buraxırlar.

- “Trend” informasiya agentliyinin yaydığı məlumatda kənddə silah-sursat və narkotik tapıldığı deyilir.

- Kənddə nə silah-sursat, nə də narkotik tapılıb. Mən inanmıram ki, kənddə axtarış aparılan evlərdən silah və ya narkotik tapılsın. O adamları, o evləri hamımız tanıyırıq. Bunu demək vicdansızlıqdı... Verilən ittihamların əsası yoxdur. Onlar niyə dövləti çevirməliydilər, ya terror etməliydilər? Dövləti çevirməyin bircə yolu var: referendum, seçkilər. (Ardı aşağıda)

- Nardaranda polisin keçirdiyi əməliyyatda 5 nəfər ölmüşdü, təxminən bir həftə sonra dəfn olunan mərhumların yaxınları yas mərasimlərini keçirə bilirlər?

- Ölənlərdən biri Masallıdan idi, yəqin hüzr mərasimi orda keçirilər. Bizim kənddən olanlara gələndə, yox, yas mərasimi keçirilmir. Mən getmək istədim bir dəfə, dedilər ki, cümə axşamı məclisi olmur.

- Niyə? İcazə verilmir, ya başqa səbəb var?

- Həmin ailələr çox kasıbdır... Bəlkə də 3-5 adamın bir yerdə yığışmasına icazə verilmir deyə onlar yas məclisi keçirmirlər. Adamları ölənlərin qəbirlərinə yaxın buraxmırlar. Onları polis xüsusi projektorlu, üstündə avtomat olan maşınlarla, üç tərəfdən mühafizə edir. Bilmirəm nə məsələdir? Nəyi, niyə mühafizə edirlər? Heç bilmədik ölüləri niyə o qədər gec verdilər. O morqdan bu morqa, bu morqdan o morqa niyə apardılar. Sonra da tələm-tələsik dəfn etdilər. Kimi deyir ki, terrorçunu dəfn etmək üçün yaxınlarına vermirlər. Mən belə qanun bilmirəm. İkincisi, onlar evdə namaz qılanda öldürülüblər. O ölüm şəraiti həmin şəxslərin terrorçu olduğunu göstərmir, axı. Pankisi dərəsində öldürülsəydilər, hə, onlar deyən olardı. Üçüncüsü, bunu istintaq, məhkəmə sübut etməlidir ki, kim terrorçudur.

- Kənd yenə polis nəzarəti altındadır?

- Gücləndirilmiş polis nəzarəti altında yaşayırıq. Maştağadan tutmuş hər yeri yoxlayırlar. Kəndə müxbir buraxılmır. Məktəblər işləyir, məscidlər bağlıdır. Kəndə tədricən işıq, qaz verilir. Gecələr az da olsa, hər yerə işıq verilir. Gündüzlərsə donuruq. Bax, indi yaxın adamın evindəyəm, uşaqlar odun doğrayıb sobaya atırlar. Yaşayırıq da polisin nəzarəti altında. Nə vaxta kimi davam edəcək bu, bilmirəm. Amma bunu yığışdırmaq vaxtıdır. Yığışdırılmasa, pis olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG