Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:27

Azərbaycan Avro-2016-dan pul qazanıb?- 'Bizi dolayıblar'


Renato Sanches SOCAR Gənc Oyunçu mükafatını alır. Solda SOCAR-ın rəhbəri Rövnəq Abdullayev

Renato Sanches SOCAR Gənc Oyunçu mükafatını alır. Solda SOCAR-ın rəhbəri Rövnəq Abdullayev

►SOCAR iddia edir ki, “AVRO-2016”da reklam kampaniyasından sonra məhsullarının beynəlxalq bazarlardakı satışı 30 faizədək artıb

“AVRO-2016”da reklam kampaniyası Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-a düşərli olub.

SOCAR rəsmiləri şirkət məhsullarının beynəlxalq bazarlarda satışının 30 faizədək artdığını deyirlər. Parisdə - Azərbaycan Mədəniyyət Mərkəzində SOCAR-ın təşkilatçılığı ilə keçirilən qəbulda belə deyilib.

“Reklam kampaniyası nəticəsində...”

Şirkətin məlumatında son illər SOCAR-ın xarici ölkələrdə qazancgətirən törəmə şirkətlər qurmasından və nəticədə, nəhəng transmilli şirkətlər sırasına girməsindən də söz açılıb:

“SOCAR Avropa bazarında həyata keçirdiyi əməliyyatların davamlı olmasında maraqlıdır. “AVRO-2016” kimi möhtəşəm kütləvi tədbir vasitəsilə SOCAR brendinin tanıdılması məhz bu məqsədə xidmət edib. Reklam kampaniyası nəticəsində SOCAR məhsullarının beynəlxalq bazarlarda satış həcmi, ilkin hesablamalara görə, 30 faizədək yüksəlib”.

Bununla belə, şirkətin konkret rəqəm açıqlamaması sual doğurur. Söhbətin hansı məhsullardan getdiyi və satışın hansı ölkələrdə artması bildirilmir. Başqa bir məqam da qaranlıq qalır: “SOCAR-ın məhsulları dedikdə, öz istehsal etdiyi nəzərdə tutulur, yoxsa beynəlxalq bazarda alıb-satdığı? Adi bir misal: Azərbaycan 2013-cü ildən benzin ixracını dayandırıb, 2014-cü ildənsə xaricdən benzin gətirir. Bu zaman ümid qalır şirkətin xarici bazarlarda alıb-satdığına. Düzdür, ekspertlər buna da şübhə ilə yanaşırlar.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“SOCAR-ın benzinini alan var?”

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, belə bir məlumatın açıqlanması SOCAR-ın reklam kampaniyasının tənqid olunmasına cavabdır:

“Bunlar, guya, bizi dolayıblar, amma əslində, özlərini rəzil günə qoyublar.Nə marketinqdən, nə də reklam effektindən xəbərləri yoxdur. Çempionat dünən bitibsə, nə tez effekti oldu ki, SOCAR satışları 30 faiz artırdı?! Nə satırdı SOCAR? Benzin? SOCAR-ın benzinini alan var? Özümüz “Avro-3” standartına cavab verən “Premium” markasını xaricdən alırıq. Avropa isə “Avro-5” standartlarına keçib”.

“Nefti satmağa reklam lazımdır, bəyəm?”

Ekspert nəyin artdığını soruşur:

“Bəs nə artıb, niyə camaatı axmaq yerinə qoyublar?! Nefti satmağa reklam lazımdır, bəyəm? İngilis nefti çıxarıb, daşıyaraq satır, pulunu da bunlara verir. Bunlarsa həmin pulu mənasız yerlərə xərcləyib, hələ bununla fəxr də edirlər”.

“Şirkət israfçılığını ört-basdır etmək istəyir”

İqtisadiyyat araşdırıcısı Zöhrab İsmayıl da SOCAR-ın ixracatı 30 faiz artırdığına şübhəylə yanaşır: “SOCAR 30 faizi hardan aldı? Bu, istehsala təsir etməliydi, axı. Buna şübhə ilə yanaşıram”.

Z. İsmayıl da o fikirdədir ki, şirkətin bu açıqlaması ictimai qınağa reaksiyadır:

“Düşünürəm ki, SOCAR sosial şəbəkələrdə tənqid və istehza hədəfinə çevrilən “Avro-2016” reklamlarının, guya, hansısa faydalar gətirdiyini ortaya atmaqla, israfçılığını ört-basdır etmək istəyir”.

Buna da bax: Avro-2016-nın ən gözəl qolu seçildi

Günün bütün mövzuları

XS
SM
MD
LG