Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:09

Cəmil Həsənli: '30-cu illərdə nə qədər ağır işgəncə versələr də, şalvar soyundurmayıblar'


NKVD. Alleqoriya. ©Shutterstock
NKVD. Alleqoriya. ©Shutterstock

Rusiyanın “Memorial” hüquq cəmiyyəti “SSRİ təhlükəsizlik orqanlarının kadr heyəti: 1935-1939” adlı sənəd dərc edib. İlk dəfə dərc olunan sənəddə NKVD-nin 40 mindən artıq işçisinin adı açıqlanıb (NKVD – ruscadan tam açıqlayıb çevirəndə, Xalq Daxili İşlər Komissarlığı mənasına gəlir – red.).

Siyahıda Azərbaycan SSR-də 1935-1939-cu illərdə çalışan 278 NKVD-çinin də adı göstərilib. Onlardan 57-si milliyyətcə azərbaycanlı, yerdə qalanı rus, erməni və yəhudidir.

Buna da bax: Azərbaycandakı işgəncə metodları: "Slonik", falaqqa...

Azərbaycanda sovetlərin möhkəmlənməsində Azərbaycan Fövqəladə Komissiyası, bir qədər sonra isə Azərbaycan Dövlət Siyasi İdarəsi və Xalq Daxili İşlər Komissarlığı - NKVD 1920-1940-cı illərdə mühüm rol oynayıb. Onu sistemin maşası adlandıranlar da var.

Rəsmi mənbələrdə deyilir ki, 1920-ci ilin mayından 1921-ci ilin əvvəllərinədək 40 mindən çox azərbaycanlı Fövqəladə Komissiya, 1934-1938-ci illərdə 27 min 854 nəfər Xalq Daxili İşlər Komissarlığı tərəfindən ölümə məhkum edilib.

QULAQ. Simvol.
QULAQ. Simvol.

1920-50-ci illərdə repressiya qurbanlarının sayı 400 mini keçib, yarım milyondan çox insansa ölkədən sürgün edilib.

Azərbaycanda rəsmi mənbələrdə adıçəkilən bu qurumlara rəhbərlik edən Əyyub Xanbudaqovun (1920-1921), Novruz Rizayevin (1927-1929) repressiyalara “etirazlarını açıq şəkildə bəyan etdiklərinə görə” aradan götürüldükləri qeyd olunub.

Buna da bax: Tualetdə də ehtiyatlı olun: Böyük qardaş sizi izləyir...

Azərbaycanın sovetləşdirildiyi ilk illərdə bu qurumlara azərbaycanlılar rəhbərlik etsələr də, sonradan onları başqa millət nümayəndələri əvəzləyb: Frinovski Mixail Petroviç (1930 avqust - 1933 aprel), Aqrba Aleksey Serqeyeviç (1933 mart - 1934 mart), Sumbatov-Topuridze Yuvelian Davıdoviç (1934 mart - 1938 yanvar), Rayev-Kaminski Mixail (Yakov) Qriqoryeviç (1938 (yanvar - noyabr), Yemelyanov Stepan Federoviç (1939 fevral - 1953 avqust).

Azərbaycan NKVD-sinin ən uzunömürlü şefi Yemelyanov olub – 14 il. O, Stalinin ölümündən sonra məhkum edilsə də, günahsızlığını isbatlamaq üçün dəfələrlə respublika rəhbərliyinə üz tutur. Ömrünün son illərində bir zamanlar başçılıq etdiyi güc qurumunun varisi sayılacaq “KQB”-də - Dövlət Təhlükəsizlik Komitəsində xarrat çalışır... AzadlıqRadiosu-na bu məlumatı tədqiqatçı alim, tarixçi-professor Cəmil Həsənli verib.

Tarixçi professor Cəmil Həsənli
Tarixçi professor Cəmil Həsənli

Onunla müsahibədən öncə bir məqamı da xatırlatmağa dəyər ki, AzadlıqRadiosu NKVD ilə bağlı Tarix İnstitutunun və Bakı Dövlət Universiteti alimlərinin fikirlərini almaq istəsə də, mümkün olmayıb.

– Cəmil bəy, nə idi NKVD-nin missiyası?

Buna da bax: Nardaran işi: 'Şalvarımı aşağı çəkəndə, dözmədim'

– Bu qurum siyasi və ideoloji baxımdan insanları tutmağa hədəflənmişdi, xalq düşməni axtarmaq, tapmaq və cəzalandırmaq lazım idi. 1937-ci ildən başlayaraq, nə qədər xalq düşməninin həbs edilməsiylə bağlı respublikalara plan qoyulurdu. Hətta bəzən tutulacaq adamların siyahısı da Moskvadan göndərilir və onlara veriləcək cəza da orada qeyd edilirdi. Güllələnmə, ömürlük həbs, sürgün və ya 25 illik katorqaya göndərilmə kimi cəzalar vardı. O sistemin atributu olan NKVD-nin işi ancaq insanları tutmaqdan, onlara saxta ittiham verməkdən ibarət idi. Həmin dövrdə bu qurumda azərbaycanlıların sayı da çox deyildi. Hardasa 30 faizə qədərdi.

Buna da bax: Gündüzlər futbolçu, gecələr NKVD casusu

– Bilərəkdən belə etmişdilər, yoxsa başqa səbəblər vardı?

– Bunun bir səbəbi o dövrdə həmin sahədə çalışacaq peşəkarların olmaması idi. Burda bir maraqlı tərəf də var. Bu orqanda azərbaycanlıların sayı az olduqca, qəddarlığın miqyası daha böyük olurdu. Məsələn, tutulan şəxslə öz dilində danışa bilmirdilər. Burda bir məqam da var ki, Bağırovun məhkəməsində üstü açıldı. Xüsusən erməni müstəntiqlər məqsədli şəkildə həbs edilən şəxslərin boynuna əlavə günah qoyurmuşlar. Amma fikrimcə, burda müstəntiqin milliyyəti elə böyük rol oynamırdı. Həmin illərdə NKVD-də çalışan azərbaycanlılar da eyni dərəcədə qəddarlıq nümayiş etdirirdilər. Məsələn, o zaman İsmayıllı rayonunun Kürdmaşı kəndinin 16 yaşından 76 yaşınadək bütün kişiləri tutulmuşdu. Bunu edənlər də azərbaycanlılar idi. Və ya Gəncə qiyamının yatırılmasında azərbaycanlılar da vardı. Mən özüm Stalin siyahıları ilə tanışam. Moskvadan gələn, üstündə hökmlər yazılan siyahıları deyirəm. Bu siyahılar iki aydan bir, ayyarımdan bir Stalinin və ya Molotovun, Kaqanoviçin, hərdən Mikoyanın imzasıyla gəlirdi. Orda artıq müstəntiqlik bir şey yox idi, həmin adamlar tutulmalı idi. Maraqlısı odur ki, 1937-ci ilin əvvəllərində siyahıda olanların böyük əksəriyyəti Azərbaycanda, xüsusən Bakıda yaşayan ruslar, yəhudilər, erməniləriydisə, həmin ilin son aylarında azərbaycanlıların sayı artmağa başlayır.

Buna da bax: Nardaran işində: 'Cinsiyyət orqanımızın üstünə çıxıb təpikləyirdilər'

– Rəsmi mənbələrdə bu quruma başçılıq edən Əyyub Xanbudaqovun, Novruz Rizayevin azərbaycanlıların repressiya olunmasına etiraz etdikləri, bu üzdən özlərinin də repressiya qurbanı olduqları deyilir. Bu nə dərəcədə doğrudur?

– Xanbudaqov 1920-ci ildə vəzifədə - əsasən, Mərkəzi Komitənin katibi olub. Milli məsələyə münasibətdə fikir ayrılıqları vardı, ona görə milli təmayülçülər cərəyanına aid edilmişdi. Sonrakı dövrdə NKVD-yə Stepan Yemelyanov başçılıq edib. Müavini də Ağasəlim Atakişiyev olub. Bu məsələylə bağlı Eldar İsmayılovun, bizim mərhum dostumuzun çox yaxşı kitabı var: “Azərbaycanda Stalin repressiyaları”, özü də Moskvada çıxıb, həmin “Memorial” hüquq cəmiyyəti buraxıb.

– Artıq “Memorial” həmin dövrdə NKVD-də çalışanların adını açıqlayıb, azərbaycanlıların da adı var. Sizcə, bu adlar açıqlanmalıdır, yoxsa düşmənçilikdən yayınmaq üçün bu addımı atmamaq lazım idi?

Buna da bax: «Hədələyirdilər ki, əynimə qırmızı yubka geyindirib, türməyə göndərəcəklər»

– Düşünürəm ki, adlar açıqlanmalıdır və bunun tərbiyəvi əhəmiyyəti var. Burda minlərlə insan taleyindən, özü də günahsız yerə, qəddarlıqla cəzalandırılanlardan söhbət gedir. Azərbaycan ziyalılarının ən qabaqcıl, nüfuzlu hissəsi bu repressiyaların qurbanı olub. Biz Hüseyn Cavidi, Mikayıl Müşfiqi, Yusif Vəzir Çəmənzəminlini, Seyid Hüseyni, bu qəbildən olan ziyalı kəsimi tanıyırıq. Bir nümunə deyim, xalq rəssamı Tahir Salahovun atası Teymur Salahov - Laçın rayonunda partiya komitəsinin katibi də repressiya edilib. Yəni tək ziyalılar yox, yetişən milli kadrların da böyük hissəsi o illərdə məhv edildi. Burda çox sayda naməlum adamlar var.

– Dediniz ki, NKVD əməkdaşlarının adlarının açıqlanması tərbiyəvi əhəmiyyət daşımalıdır. Bir az açıqlaya bilərsinizmi fikrinizi?

– Bu gün insanların, xüsusən “Bandotdel”də işləyənlərin tarixdən dərs alması üçün bu mühüm bir örnəkdir.

Buna da bax: 'Şalvarımı soyundurub çəkdilər...'

– NKVD-nin özünəxas işgəncələri də olub. Buna mənbələrdə də rast gəlmək mümkündür. Onlardan güc qurumlarında ifadə almaq üçün indinin özündə də istifadə edilməsi haqda məlumatlar gəlir. Elə son məhkəmələr buna misaldır. Yəni pis ənənənin başlanğıcı NKVD-də qoyulub demək olarmı?

– O dövrdə NKVD işçilərinə zor tətbiq etməklə ifadə almağa qanun icazə verirdi. Xalq Daxili İşlər Komissarlığının əmri varıydı ki, dustaqlardan, istintaq altında olanlardan işgəncə altında ifadə almaq olar. O vaxt bu qanuni idi. İndisə qanun buna icazə vermir. Yəni onda müstəntiqin əlində söykənəcək bir məqam varıydı. İnsanları vəhşicəsinə döyməklə ifadə alırdılar. İstintaq hərəkətləri gecələr həyata keçirilirdi. Mən o istintaq ifadələriylə tanışam. Rəhmətlik Ziya Bünyadov “Qırmızı terror” kitabında Azərbaycan ziyalılarının başına gətirilən böyük müsibətlərdən yazmışdı. Orda işgəncələrin mexanizmi də var. Üstəlik, müstəntiqlər özlərindən yuxarı orqanlara verdikləri işgəncə haqda məlumat ötürürdülər.

– Buna nə gərək vardı?

– İşgəncə qanuniləşdirildiyindən, belə məlumatı verməkdən çəkinmirdilər. Həbs olunanları dəyənəklə döyür, qışda soyuq suda saxlayır, dırnaqlarını çıxarır, bu cür əzazil işgəncələr verirdilər. Bəzən, deyirik ki, filankəs filankəsin üzünə durub. Bunu demək asandır. Amma adam özü özünün üzünə durursa, onun başqasının üzünə durmasına niyə təəccüblənək? Həmin işgəncə metodları bu gün “Bandotdel”də bir az müasir formada tətbiq edilir. O gənclərin ifadələrində vardı, şalvarlarını soyundurmaq istəyiblər. Bilirsiz, 1930-cu illərdə nə qədər ağır işgəncə versələr də, buna yol verməyiblər.

Buna da bax: Nardaran işi: ‘İşgəncələrin bircə faizi Zahid Oruca verilsəydi...’

– Cəmil bəy, sizcə, NKVD-də çalışanların oradan getmək seçimi vardı, yoxsa sistem buna aman verməzdi?

– Doğrusu, bunu indi demək çətindir. Ancaq sovet totalitar rejimi elə dəyərlər və ya dəyərsizliklər üzərində qurulmuşdu ki, seçim azadlığı yox idi. Heç kim deyə bilməzdi ki, mən adam döyməkdən, güllələməkdən yoruldum, daha bunu etmək istəmirəm. Özü də sonradan çox sayda NKVD işçisi repressiya edildi. Təkcə Azərbaycanda deyil, Rusiyada, eləcə də başqa respublikalarda. Stalin rejiminin cinayətləri açılandan sonra o adamların bir hissəsi orqanlardan xaric edildi, rütbələri əlindən alındı, həbs olundu. Bütünlükdə NKVD və onun varisi olan “KQB” cəmiyyətdə gözükölgəli vəziyyətə düşdü. Söhbət rəhbər kadrlardan gedirsə, Yemelyanov da, Atakişiyev də cəzasını aldı, elə başqaları da... Yemelyanov 25 il azadlıqdan məhrum edildi. O, 1960-cı ildə Vəli Axundova məktub yazıb ki, nahaqdan tutulub. Amma o məktubun üstündə ona cavab verilməməsi ilə bağlı dərkənar var. Sonradan Stepan Yemelyanov Heydər Əliyevə də yazıb. O cəzasının böyük hissəsini çəkib və qayıdandan sonra, yanılmıramsa, KQB-də xarrat işləyib. Bax belə bir tale...

Buna da bax:

Sizcə, nələri işgəncə saymaq olar?
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG