Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:38

►Tale Bağırzadə və Fuad Qəhrəmanlının istintaqı yekunlaşıb

“Nardaran işi ”ndə həbs olunan “Müsəlman Birliyi ” Hərəkatının rəhbəri Taleh Bağırzadənin və saxlanılan daha 20 nəfərin istintaqı başa çatıb.

Bu haqda Azadlıq Radiosuna Nardaran qəsəbəsində baş verən olaylar sonrası həbs olunanların vəkillərindən Fariz Namazlı və Elçin Sadıqov bilgi verib.

Vəkillərin deməsinə görə, artıq ittihamlar konkretləşdirilərək elan edilib. Ancaq, hələ onlar cinayət işi materialları ilə detallı tanış olmayıblar.

İstintaqı başa çatanlar arasında Taleh Bağırzadədən başqa onun müavinlərindən Elçin Qasımovun, ilahiyyatçı Zülfüqar Mikayılovun, və Abbas Hüseynin də adları var.

2015-ci ilin noyabrında Nardaranda keçirilən polis əməliyyatı zamanı dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə və onun tərəfdarları həbs edilib. Prokurorluğun bildirməsinə görə, bu hərəkatla bağlı ümumilikdə 70 nəfər həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsində terrorçuluq və daha bir neçə ağır maddə üzrə ittiham irəli sürülüb. İstintaq yekunlaşarkən Tale Bağırzadəyə qarşı qəsdən adam öldürməklə də bağlı ittiham irəli sürülüb. Vəkilinin deməsinə görə, T. Bağırzadə ittihamları əsassız və cəfəngiyat adlandırıb.

Nardaran əməliyyatında ikisi polis olmaqla 7 nəfər həlak olmuşdu.

____________________________________________________________

Bunlara da bax:
Ali Məhkəmənin ikili standartı
Zaqatalada vəzifəli şəxslərin saxlanıldığı bildirilir

____________________________________________________________

Fuad Qəhrəmanlının da işi məhkəməyə gedir

Vəkili Nemət Kərimlinin bildirdiyinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlının cinayət işinin ibtidai istintaqı da artıq yekunlaşıb. Fuad Qəhrəmanlı da Nardaran olayları ilə bağlı facebook səhifəsində yazdığı fikirlərə görə ittiham edilərək həbs edilib.

N. Kərimlinin deməsinə görə, istintaq qurumu vəkillərə araşdırmanın yekunlaşdığını bildirib. Vəkillər cinayət işi materialları ilə tanış olduqdan sonra iş məhkəməyə göndəriləcək.

Fuad Qəhrəmanlı facebook səhifəsində yazdığı statuslara görə, ötən il dekabrın 8-də həbs olunub. Həmin statuslara görə, ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülmüşdü.

Sonradan ittihamlar ağırlaşdırılıb. İstintaq zamanı Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 220.2-ci (kütləvi iğtişaşa çağırış) maddəsi ilə daha bir ittiham irəli sürülüb.

Fuad Qəhrəmanlı da ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

Nardaran olayları ilə bağlı həbs edilənlərdən daha yüngül maddələrlə ittiham edilənlərdən bəzilərinin isə işi məhkəməyə bir qədər əvvəl göndərilmişdi.Onlardan 3 nəfər 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası alıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG