Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:17

Sabunçu Rayon Məhkəməsində Nardaran olaylarında həbs olunmuş qəsəbə sakini Həsən Mirzəyevin məhkəmə prosesi davam edir.

H.Mirzəyev noyabrın 26-da baş verən olaylar zamanı Nardaranda çəkiliş aparan İctimai Televiziyanın əməkdaşlarına məxsus videokameranı sındırmaqda ittiham olunur.

Bu haqda hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.

Onun bildirdiyinə görə, Həsən Mirzəyev vəkilsiz qalıb. «Onun anasının və yaxınlarının verdiyi məlumata görə, ötən məhkəmə prosesində İTV-nin əməkdaşları iştirak ediblər. Onlar bildiriblər ki, onlara məxsus videokameranı H.Mirzəyev sındırmayıb. Ondan şikayətçi deyillər. Lakin jurnalistlər bu barədə yazılı ərizə yazmaq istəməyiblər. Bildiriblər ki, rəhbərliyin razılığı olmalıdır», - hüquq müdafiəçisi bildirib.

H.Mirzəyev Nardaran olaylarından 5 ay sonra, 2016-cı il aprelin 19-da həbs olunub.

Hüquq müdafiəçisinin deməsinə görə, o, istintaq zamanı işgəncələr və təhdid altında etirafedici izahata imza atıb. Amma məhkəmədə bildirib ki, çəkiliş zamanı meydanda olsa da, videokamera sındırmayıb. Şahidlər də onun jurnalistləri vurmadığını və kameranı sındırmadığını bildirirlər.

H.Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Xəzər dənizinin Nardaran hissəsindəki dəstəsində xilasedici işləyirmiş.

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda ikisi polis olmaqla, altı şəxs həlak olub.

Rəsmi bilgilərə görə, həmin olaylarda «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası alıblar.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. Onların bəziləri qətldə, digərləri isə nisbətən yüngül cinayətlərdə suçlanırlar. Təqsirləndirilənlər bu ittihamları rədd edir, ifadələrin işgəncə altında alındığını bildirirlər.

Məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG