Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:14

'Nardaran işi'ndə vəkillərdən şikayət olunacaq


►"Necə oldu, nə mənim atdığım 25 güllə onlara dəydi, nə də onların atdığı güllələr mənə dəydi?"

"Nardaran işi" məhkəməsində təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillərin bir neçəsinin barəsində Vəkillər Kollegiyasına müraciət olunacaq. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində həmin işə baxan hakim Əlövsət Abbasov məlumat verib.

“VƏKİLSİZ PROSES KEÇİRMƏK OLMAZ”

Bu iş üzrə avqustun 25-də keçirilən məhkəmə iclasına vəkillərin bir neçəsi qatılmamışdı. Hakim bildirib ki, müdafiəçilərə prosesdə iştirakla əlaqədar dəfələrlə xəbərdarlıq edilsə də, nəticəsi olmayıb.

"Ona görə də Vəkillər Kollegiyasına müraciət edəcəyəm ki, tədbir görülsün və bu məsələ həllini tapsın. Vəkillər olmadan proses keçirmək olmaz", – hakim bildirib.

Bugünkü məhkəmə iclasında ötən il noyabrın 26-da Nardaran əməliyyatında iştirak edən polislərdən biri olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elçin Tağıyevin dindirilməsi davam etdirilməli idi. O, ötən məhkəmə iclasında ifadə verərkən demişdi ki, təqsirləndirilən şəxslərdən Abbas Hüseynovu özü saxlayıb, həmin vaxt Abbasın əlində silah olub.

Buna da bax: Sanki topuq, kim hardan gəldi, təpikləyirdi'

“BAŞDAN-AYAĞA FANTAZİYADI”

Bugünkü məhkəmə iclasında Abbas Hüseynov polisin dediklərinə münasibət bildirib. Qeyd edib ki, saxlanılarkən əlində silah olmayıb:

"Bu adam deyir ki, mən guya, həyətə girəndə iki evin ortasında, qapı ilə üzbəüz əlimdə silah dayanmışam, güllə atmışam, üzbəüzdə də qara maskalılar. Necə oldu, nə mənim atdığım 25 güllə onlara dəydi, nə də onların atdığı güllələr mənə dəydi? Bu, başdan-ayağa fantaziyadı. Orada kino çəkdirirdik? Bu qədər yalan olmaz axı..."

Vəkillərin hamısının iştirak etməməsi səbəbindən məhkəmə avqustun 26-na qədər təxirə salınıb.

Buna da bax: Leyla Yunus Taleh Bağırova məktub yazdı: 'Qorxulu və dəhşətlidir'

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonrakı günlər də həbslər davam edib.

Sonradan prokurorluq bildirdi ki, «Müsəlman Birliyi» Hərəkatına görə, ümumilikdə 70 nəfər şəxs həbs edilib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Hərçənd, onlar özləri bu ittihamları rədd edirlər. Tutulanlar bildirir ki, onlardan ifadələr işgəncə altında alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG