Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Ötən il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı həlak olan 4 sakininin ildönümü ilə əlaqədar bu qəsəbədə polis və daxili qoşunların gücləndirilmiş rejimə keçdikləri bildirilir.

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.

Onun deməsinə görə, həlak olanların qohumlarına kütləvi şəkildə məzarları ziyarət etməyin yolverilməz olduğu barədə xəbərdarlıq veriblər.

“Kütləvi tədbirlərdən ehtiyat edən polis preventiv həbslər həyata keçirib, "Nardaran işi" çərçivəsində qohumları xəsarət alan və ya həbs olunan iki yerli sakin saxlanıb”.

Buna da bax:​ Nardaran işində şahidlər polisə çağrılıb

Oqtay Gülalıyevin deməsinə görə, saxlanılanlardan biri – Faiq Şahbazov Sabunçu rayon polis bölməsinə, oradan isə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

Hüquq müdafiəçisinin deməsinə görə, O, 30 gün inzibati həbs cəzası alıb.

Bir müddət əvvəl Şahbazov Facebook-da tənqidi məqalələr dərc edib.

Saxlanılan digər şəxs barəsində isə 228.1-ci maddə (qanunsuz silah saxlama) ilə cinayət işi açıldığı bildirilir.

Hüquq müdafiəçisinin deməsinə görə, "Nardaran işi" üzrə məhkəmədə şahid kimi adı keçən yerli sakinlərə təzyiq göstərilir, ifadə verməzdən əvvəl onlar polisə çağırılır və təqsirləndirilən şəxslərə böhtan atmaları tələb olunur.

Buna da bax: 'Nardaran işi'ndə 'başıpapaqlı' atmacası

XATIRLATMA

Noyabrın 25-də qəsəbə sakinlərindən olan daha iki şəxsin – Allahverdi Hadıyev və Yusif Fərəcovun noyabrın 23-də səhər Sabunçu Rayonu 42-ci Polis Bölməsinə aparıldığı bildirilmişdi. Bu barədə AzadlıqRadiosu-na «Nardaran işi» üzrə «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırovun vəkili Yalçın İmanov məlumat vermişdi. Vəkil bildirib ki, adları çəkilən iki nəfər axşama qədər polis bölməsində saxlanıb.

Vəkil bunun «Nardaran işi» üzrə şahidlərə təzyiqlərin tərkib hissəsi olduğunu istisna etməyib.

Nardaran qəsəbəsində son həbslər və polisin gücləndirilmiş rejimə keçilməsi ilə bağlı deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Buna da bax: Nardaran işi: ‘İşgəncələrin bircə faizi Zahid Oruca verilsəydi...’

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilən bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG