Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 12:48

Nardaran qarşıdurması (3-cü hissə) - jurnalist araşdırmasının nəticələri


Əvvəli burada:

NARDARAN HADİSƏLƏRİNDƏ ÖLƏNLƏR KİMDİR?

Cəmiyyətdə Nardaran hadisələri ilə bağlı ən çox sual doğuran məsələ hadisələr zamanı hər iki tərəfdən ölənlərin olmasıdır. Məlumatlara görə, əməliyyat zamanı 4 dindar və 2 polis əməkdaşı həlak olub.

Mərhəmət Bünyatovanın ailəsindən həmin gecə iki nəfər həyatını itirib:

"Qaynımı dəqiq bilmirəm, amma yoldaşım (Rəfael Bünyatov - red.) Müsəlman Birliyinin üzvü deyildi. Hacı Taleyə çox böyük hörmətimiz vardı. Həmin gün bu otaqda yer olmadı, yoldaşım və mən zöhr namazımızı o biri otaqda qıldıq.

Zikr etməyə imkan olmadı. Küçədə atışma başladı. Güllə səsi eşidən kimi, özümüzü küçəyə atdıq.

Hər şey bir anın içində baş verdi. Özümüzü küçəyə atan kimi, yoldaşımı vurdular. Daha baxmadılar ki, bu adam silahlıdır, ya silahsızdır. Əslində, mənim yoldaşım və mənə o vaxta qədər silah görməmişdik. Nəinki mən, elə bu Nardaran camaatı da. Onlar nə bilir silah atmaq nədir? Onlar müharibə görməyiblər. Bəlkə çoxu heç əsgərlik də görməyib. Bizim uşaqlarda silah olmayıb.

2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.
Nardaranda və Sabunçu polis idarəsinin qarşısında verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.
Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

Yoldaşım Hacı Talenin qaldığı otaqda olsaydı, bəlkə o da çıxmayacaqdı çölə. Mənim yoldaşım 8 il Hava Limanında sürücü işləyib. Onun başına and içiblər orada. Əgər onda radikallıqdan bir əsər olsaydı, onu qoyardılar Azərbaycanın girişində, qapısında işləməyə?

Namaz üstündə olublar. Onlarda silah nə gəzirdi? Qaynım da (Fərahim Bünyatov - red.) qardaşının vurulduğunu gördü, keçdi qarşıya. Onu da vurdular. Amma o, yerdə ölməmişdi. Şahidlərin dediyinə görə, onu maşına basıblar. Sonradan maşının içində vurublar.

Gələnlərin yalnız gözləri görünürdü. Üzlərində qara maska vardı, əyinlərində zirehli gödəkcə, alınlarında kamera. Hara gəldi, atəş açırdılar.

Uşaqların hamısını yerdə uzandırmışdıq. Yoxsa, uşaqlara dəyərdi güllərlər. Sel kimi atırdılar. Hadisənin canlı şahidiyəm, o cür zirehlənmiş, zirehli gödəkcə geymiş birini sadə, əli silah görməyən adam necə öldürə bilər? Nə tez ört-basdır etdilər bunu? Aparardılar bir güllələri ekspertiza edərdilər. Tez basdırdılar. Öz güllələri ola-ola qoydular bizim boynumuza. Onlar öz cinayətlərini bizim boynumuza yüklədilər. Bizi bu cür – radikal göstərməkdən ötrü. Bunu uşaq da bilir.

Hacı Talenin ətrafında olanların hamısı otaqda idi. Otağı da güllə-barana tutdular. Kim çölə çıxsa, vururdular. Mənim yoldaşım, qaynım çıxdı, onları vurdular. Sonra Əkbər Babayev çıxdı, onu da vurdular. Heç bəlkə erməninin üstünə elə getməmişdilər. Haqsız yerə bizim qanımızı tükdülər. Allah özü görür. Yəqin ki, özü bilir Allah necə edəcək. Mənim üç uşağım var. Qaynımın 4 uşağı var. Biri o rəhmətə gedəndən sonra doğulub”.

Arxiv: Nardaran hadisələri dəqiqəbədəqiqə

HƏLAK OLANLARIN POLİSDƏ İŞLƏMƏLƏRİ BARƏDƏ SƏNƏD VERİLMİR?

Nardarandakı əməliyyat zamanı həlak olan polis serjantları Vüqar Nəsibov və İsmayıl Tağıyev daxili işlər naziri Ramil Usubovun da iştirak etdiyi mərasimlə dəfn ediliblər. Prezidentin sərəncamı ilə hər iki polis ölümündən sonra İgidliyə görə medalı ilə təltif edilib.

Polis əməkdaşlarının təntənəli dəfn mərasimindən görüntülər:

Amma vəkil vəkil Elçin Sadıqovun sözlərinə görə, niyəsə onların polisdə çalışdığı barədə rəsmi arayışlar istintaq materiallarına tikilməyib.

Vəkil Elçin Sadıqov:

“İki nəfər polis əməkdaşının ölümü haqda yayılan xəbərlərə gəlincə, o şəxslərin polis olması haqda, ümumiyyətlə, cinayət işində heç bir rəsmi məlumat, sənəd yoxdur. Biz həmin bu insanların şəxsi işlərini, tabel silahlarının nömrəsini, üzərində şəxsiyyətlərini təsdiq edən sənədlərin olub-olmamasını tələb elədik. İstintaq bu sənədləri bizə verməkdən imtina etdi.”

Nardaran hadisələri ilə bağlı 18 nəfərin işi ilə məhkəmədən ətraflı reportaj

Vəkillərdə və hadisə şahidi olan sakinlərdə sual doğuran məsələlərdən biri də Vüqar Nəsibovİsmayıl Tağıyevin digər polislərdən fərqli olaraq zirehli geyimdə olmamalarıdır. Müdafiə tərəfi onlardan ən azı birinin aldığı güllə yarasından deyil, sonra təcili yardımın çatdırılmaması ucbatından öldüyünə dair iddialar da səsləndirir.

ƏMƏLİYYATÇILARA KİM GÜLLƏ ATIB?

Cəmiyyətdə ən çox səslənən sual isə əməliyyatçıların kimin gülləsindən həlak olmasıdır. Silah kimin əlində olub? Elçin Sadıqov:

“Silahların mülki vətəndaşlara aid olmasıyla bağlı heç bir məlumat yoxdur. Müdafiə Nazirliyi arayış verib ki, həmin silah N saylı hərbi hissədən oğurlanıb. Bununla bağlı Hərbi Prokurorluğun da arayışı var. Hərbi Prokurorluq bildirir ki, həmin silahın oğurlanmasıyla bağlı qurumun icraatında heç bir cinayət işi olmayıb. Bu isə onu göstərir ki, həmin silahın oğurlanmasıyla bağlı Müdafiə Nazirliyinin verdiyi arayış da həqiqətə uyğun deyil”.

İstintaqın cavab verməli olduğu suallar hələ də açıq qalır.

Nardaran hadisələrində ittiham olunan qəsəbə sakinlərinin hüquqlarını müdafiə edən digər vəkil Yalçın İmanov deyir ki, əməliyyatçıların məhz hansı növ silahdan atılmış atəş nəticəsində ölməsi, həmin silahın kimin əlində olması istintaq tərəfindən müəyyənləşdirilməyib.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

Məhkəmə prosesi bu suallara cavab verəcəkmi? Vəkillər istintaqın qərəzli aparılmasının məhz siyasi sifarişlə bağlı olması qənaətindədirlər.

Hələlik vəkillərin səsləndirdikləri bu müəmmalı məqamlara - polis əməkdaşlarına konkret kimlərin güllə atması, yaralı nardaran sakininin yolda güllələnməsi, Nardaranda evlərdən tapılan silahları əməliyyatçıların ora qoymaları barədə iddialara hüquq-mühafizə orqanlarından hər hansı reaksiya yoxdur.

Vəkil Elçin Sadlqov:

“Hacı Tale həbs olunandan işgəncəyə məruz qalıb. Ona etmədiyi cinayəti boynuna alan ifadə verməyə məcbur ediblər. Həmçinin, Milli Şuranın əleyhinə ifadə yazmağı tələb ediblər. Hacı Taleyə xeyli işgəncələr verilib. Bununla bağlı da müvafiq şiakətlərimiz olub.”

Vəkillər Nardaran hadisələri ilə bağlı həbs olunanların bir çoxuna işgəncə verildiyini, onlardan müxalif Milli Şura ilə əlaqələr, silah və sairlə bağlı etirafların işgəncə ilə alındığını deyir. Lakin, Nardaran məhbuslarının bir qismi vəkillə təmin olunduqdan sonra o ifadələrin işgəncə altında alındığını bildirərək ondan imtina ediblər.

Vəkil Elçin Sadıqov bildirir ki, “Nardaran işi” ilə ilkin olaraq 78 nəfər həbs edilmişdi. Amma həbslər hələ davam edir:

"Hazırda da yeni həbslər davam edir. 21 cilddən ibarət cinayət işidir. Cinayət işi başdan-ayağa saxtalaşdırılmış materiallarla doludur. Onların işdən xaric olunması haqqında vəsatətlərimiz olacaq.

Tale Bağırovun evindən axtarış aparılmayıb. Amma, ümumiyyətlə, başqa evlərdə axtarış aparılarkən, məhkəmə qərarı olmayıb. Yalnız əməliyyatçının baxış keçirməsi haqqında qərar olub. Baxış keçirilməsi haqqında qərarla hər hansı bir yeri axtarıb, hansısa əşyaları aşkarlamaq qanunsuzdur. Bununla bağlı hətta bir neçə məhkəmə qərarı da var ki, eyni xarakterli əməliyyatçının qərarını qanunsuz hesab ediblər. Biz bu məsələni də xüsusi qaldıracağıq. Ümumilikdə, oradan götürüldüyü ehtimal olunan əşyalar hesab edirik ki, silahlı polis tərəfindən qoyulub. Mülki əhalidə heç bir silah olmayıb”.

Davamı olacaq

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG