Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:31

►Müzəffər Baxışovun nümayəndəsi: "Başqa məhkəməyə iddia verildikdə həmin iddiaya baxılıb qurtaranadək hazırki icraatın dayandırılması qanunvericiliyin tələbidir"

Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün Vəkillər Kollegiyasının iddiası əsasında məhkəmə iclası keçirilib.

Məhkəmə Vəkillər Kollegiyasının iddiası üzrə icraatın müvəqqəti dayandırılması haqda qərar çıxarıb.

Hakim Gültəkin Əsədova Müzəffər Baxışovun nümayəndəsi Səməd Rəhimlinin vəsatəti əsasında belə bir qərar verib.

SÜNİ YOLLA UZATMAQ?

Səməd Rəhimli vəsatətində göstərib ki, Müzəffər Baxışov Vəkilər Kollegiyası Rəyasət Heyətinin onun barəsindəki 1 aprel 2016-cı il tarixli qərarının ləğvi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Həmin iddiaya baxılıb yekun qərar çıxarılanadək burada icraat dayandırılmalıdır.

____________________________________________________________

Bunlara da bax:
Miqrantların adı yenə seksual təcavüz qalmaqalında
Rusiyada "Kadırov körpüsü"nə etiraz

____________________________________________________________

Amma məhkəmədə Vəkillər Kollegiyası Rəyasət Heyətini təmsil edən Şahmar Məmmədov vəsatətin əleyhinə olub. Deyib ki, həmin iddia ərizəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə yox, ümumi qaydada rayon məhkəməsinə verilməlidir:

"Hətta iddia inzibati qaydada verilmiş olsaydı belə, o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə yox, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yerləşdiyi ünvan üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verilməli idi".

Şahmar Məmmədov əlavə edib ki, başqa məhkəməyə iddia verilməsi iddiaya bu məhkəmədə baxışın davam etdirilməsinə heç bir maneçilik törətmir:

"Cavabdeh tərəfin verdiyi vəsatət məhkəmə iclasının süni yolla uzadılması məqsədi daşıyır".

İCRAAT DAYANDIRILIB

Cavabdehin nümayəndəsi Səməd Rəhimli cavabında bildirib ki, iddia düzgün olaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verilib: "Başqa məhkəməyə iddia verildikdə həmin iddiaya baxılıb qurtaranadək hazırki icraatın dayandırılması qanunvericiliyin tələbidir".

Məhkəmə qısa müşavirədən sonra vəsatətin təmin olunduğunu açıqlayıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Müzəffər Baxışovun iddiasına baxılıb yekun qərar çıxarılanadək hazırki iş üzrə icraat dayandırılıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Müzəffər Baxışovun Kollegiyadan çıxarılması barədə 2016-cı il aprelin 1-də qərar qəbul edib. Həmin qərarın qəbul edilməsinə əsas isə Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın şikayəti olub.

Müzəffər Baxışov isə bildirib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin onun barəsində qərarı qanunsuz və əsassızdır. Onun fikrincə, məhkəmə sistemindəki vəziyyəti, özəlliklə Ali Məhkəmənin sədri Ramiz Rzayevi tənqid etdiyinə görə vəkillikdən uzaqlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG