Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:28

Oktyabrın 18-də Azərbaycan müstəqilliyinin 25-ci ilini qeyd edir, amma ölkə demokratiya baxımından hər-hansı inkişafa nail olmayıb. «OpenDemocracy» qlobal media platformasının Azərbaycan haqda yeni məqaləsində belə deyilir.

«SƏSSİZ RƏYLƏR»

Müəllif yazır ki, 1991-ci ildə Sovet İttifaqından ayrılan bütün Qafqaz, eləcə də Orta Asiya ölkələri arasında ən bəxtlisi Azərbaycan oldu, çünki zəngin neft və qaz yataqlarıyla hökumət var-dövlətini artıra, eyni zamanda, öz strateji mövqeyinə görə regionda dayaq axtaran Qərbin diqqətini çəkə bildi. Azərbaycan Avropanın enerji alternativləriylə bağlı tələbatını ödəyəcək, digər tərəfdən, Yaxın Şərqdən gələn radikal və ekstremist müsəlman fundamentalizminə qarşı ilk baxışdan davamlı ölkə kimi görünürdü… Müəllif bu siyahının uzana biləcəyini deyir və bütün bunların Azərbaycanı Qərbə maraqlı etməklə yanaşı, bu ölkədə insan haqlarının durumuna göz yumdurduğunu qeyd edir. Onun fikrincə, ABŞ dövlət katibi John Kerry-nin keçən ay Azərbaycan prezidenti İlham Əliyevi Vaşinqtonda isti qarşılamasının, eləcə də Avropa Xarici İşlər İdarəsinin, nümayəndələrinin Bakı səfərindən sonra da «səssiz» rəylərini bildirməsinin səbəbi elə budur.

BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Michel Forst sentyabrda Azərbaycana səfər edəndən sonra ölkədə vətəndaş cəmiyyətinin iflic halda olduğunu, 1991-ci ildən – müstəqillik qazanandan bəri ən pis duruma düşdüyünü dediyi halda, Avropa Birliyinin nümayəndələri yalnız insan haqları və digər mühüm məsələlərdə Azərbaycanla dialoqda maraqlı olduqlarını bildirdilər.

REFERENDUMA GÖZ YUMDULAR

«OpenDemocracy» Qərbin Azərbaycan konstitusiyasına dəyişikliklərlə bağlı referenduma da susduğunu vurğulayır. Beynəlxalq diqqət Suriyaya yönəldiyindən, Birləşmiş Ştatların başı seçkiyə qarışdığından İlham Əliyevin tənqidlərdən qurtardığını yazır.

Müəllif Azərbaycanın konstitusiyasına dəyişiklik edən yeganə ölkə olmadığını, ötən bir il ərzində 4 keçmiş Sovet ölkəsində qanunvericiliyin dəyişdirildiyini, əsasən prezidentin hakimiyyətinin uzadıldığını xatırladır. Maraqlıdır ki, bu ölkələrin çoxunda – Türkmənistan, Tacikistan, eləcə də konstitusiyasını dəyişməyə hazırlaşan Qırğızıstanda da müstəqillik günü Azərbaycandakı kimi, sadəcə, «təntənəli» mərasimlə qeyd olunur.

Məqalədə Azərbaycanda fundamental insan haqlarının pozulduğu, müstəqil mətbuatın olmadığı, siyasi məhbusların həbsxanalarda acınacaqlı vəziyyətdə saxlandığı, gələn 25 il üçün də demokratik inkişafa ümid qalmadığı deyilir.

Azərbaycanın SSRİ-dən ayrılmasına qarşı çıxanlar kimlər idi?

Günün bütün mövzuları

XS
SM
MD
LG