Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:09

Niyə Azərbaycanda siyasətçilər arasında əlil yoxdur?


Murad Məmmədov
Murad Məmmədov

►"Azərbaycanda hələ də əlilliyi olan şəxslərə tibbi yanaşma mövcuddur, sosial yanaşma yoxdur"

“Uğurun xəritəsi” kitabının müəllifi Murad Məmmədov 15 yaşına qədər yeriyə bilməyib, buna görə orta məktəbə də getməyib, yazı-pozunu evdə öyrənsə də, attestatı olmadığından karyerasında irəliləyə bilməyib. Ona görə də 26 yaşında distans 10-cu sinifdə oxuyub.

O həm Bakının banklarının birinin məlumat mərkəzində işləyir, həm motivasiya üzrə trener kimi fəaliyyət göstərir, həm də ictimai fəallıq edir, layihələrdə çalışır, bloq yazıları yazır.

AzadlıqRadosuna müsahibəsində Murad Məmmədov təkcə avtobiqrafiyasından yox, kitabından, arzularından danışır:

- “Uğurun xəritəsi” – sənin öz yolundurmu?

- “Uğurun xəritəsi” mənim öz yolumdur. Bu yol 15 yaşından başlayıb, yerimək imkanını tapandan sonra... “Uğurun xəritəsi”ndə mən çətinlikləri necə aşmağı, daxili potensialı göstərmə üsulları, yolları haqqında yazmışam. Təbii ki, öz təcrübəmdən də istifadə etmişəm. Məsələn, ilk dəfə ictimai nəqliyyata minəndə 19-20 yaşımdaydım. Hər dəfə avtobusa minəndə qoltuqağacımın birinə söykənib tutacaqdan yapışırdım. Bu zaman digər qoltuqağacı düşürdü və hər dəfə kimdənsə kömək istəməli olurdum. Bu çətinlikdən qurtarmaq yolu axtardım, kiminsə kömək etməsini istəmirdim. Çıxış yolu tapdım, qoltuqağacına rezin keçirdim və avtobusda tutacaqdan yapışanda artıq rezini qoluma keçirdiyimdən qoltuqağacı yerə düşmürdü. Bu, məndə hər çətinlikdən çıxış yolu tapmaq vərdişi yaratdı.

- Bəs sənin üçün uğur nədir?

- Uğur fərdi anlayışdır, kimin üçünsə televizora çoxlu baxmaq imkanı uğur ola bilər, yəni baxmağa vaxt tapmır, tapanda bunu uğur sayır. Mənim üçün uğur müstəqil olmaqdır, kimdənsə asılı olmamaq, azad yaşamaqdır. Kiminsə qoyduğu yolu getmək, qəlibləşdirilmiş həyat tərzi ilə yox, məhz öz yolunla getmək, özünəməxsus həyat tərzini yaşamaq, mənim üçün uğur sayıla bilər.

- 5 ildir ki, həm də motivasiya üzrə təlimçisən. Təlim keçdiyin auditoriya kimlərdən ibarət olur və bu təlimlərdən bəhrələnib həyat yolunu dəyişənlər varmı?

- Auditoriya əsasən, gənclərdir, ancaq bəzən, orta, yaşlı nəsillərin də nümayəndələrini görürəm. Təlimlərdən sonra mənə sosial şəbəkə üzərindən yazanlar olur ki, sizin təlimdən sonra filan qənaətə gəldim, filan işə başladım, mənim üçün uğurlu oldu.

- Sənin motivasiyan nədir?

- Motivasiyam apardığım mübarizə və qazandığım müsbət nəticələrdir ki, bu da məni irəli getməyə ilhamlandırır, stimul verir.

- Murad, səncə Azərbaycanda əlilliyi olan şəxslərin ən böyük problemləri nədir? Məsələn, səni ən çox nə narahat edir?

- Azərbaycanda əlilliyi olan şəxslərin iki əsas problemi var: Onlardan biri infrastruktur problemidir, digəri cəmiyyətin əlilliklə bağlı məlumatları olmamasıdır.

- Murad, Azərbaycanda siyasətçilər, yüksək vəzifəli şəxslər, deputatlar arasında əlilliyi olan şəxslər təmsil olunmurlar. Səncə, bu nədən irəli gəlir?

- Bunun səbəbini onda görürəm ki, Azərbaycanda hələ də əlilliyi olan şəxslərə tibbi yanaşma mövcuddur, sosial yanaşma yoxdur. İndi Avropa ölkələrinin çoxunda əlilliyi olan şəxslərə tibbi yanaşma arxivə gedir, cəmiyyətdə sosial yanaşma güclənir. Sosial yanaşma o deməkdir ki, əlilliyi olan şəxslər xəstə deyil, bacarıqsız, qabiliyyətsiz deyil, o da hər kəs kimi cəmiyyətə faydalı ola bilər. Sadəcə, infrastrukturu hər kəs üçün uyğunlaşdırmaq lazımdır. Əlilliyi olan şəxslərlə bağlı təlimlərdə belə bir sosial rolik tez-tez nümayiş etdirilir: cəmiyyətdə böyük əksəriyyət əlil arabasından istifadə edir və infrastruktur da buna uyğundur. Əlilliyi olmayan şəxslər diskomfort hiss edir, infrastrukturdan yararlana bilmir, harasa gedəndə əziyyət çəkir, çoxluq olmadığı üçün də psixoloji gərginlik yaşayır. Yəni, cəmiyyət çoxluğa uyğunlaşdırılır və bu da azlıqda olanlar üçün diskamfort yaradır. Buna görə də nə siyasi, nə ictimai sferada əlilliyi olan insanlara şans tanınmır. Halbuki, deputat olmaq üçün əl-ayaqdan çox, qabiliyyətə, vətəndaş ürəyinə sahib olmaq lazımdır.

- Yaxın 5 ildə hədəfin nədir?

- Belə uzun müddətli hədəflər qoymuram, hədəflərim azı 6 ay, 1 illik olur. Amma arzularım var. Yaxşı, tanınmış yazıçı olmaq istəyirəm. Kitablarımın daha çox adamın oxumasını istəyirəm.

Buna da bax: Əlil qızlar arasında gözəllik müsabiqəsi

Əlil qızlar arasında gözəllik müsabiqəsi
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG