Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:50

"Fransada müsəlman olmaq daha asandır, nəinki Azərbaycanda"


Natiq Ədilov
Natiq Ədilov

- "Fransada kassada ödəniş olunan müddətdə bizimkilər göydələnin fundamentin atıb, qurtararlar."

"Demokratik qərb ölkələrində halallıqla yaşamaq daha asandır. Nəinki bizim ölkədə. Çünki burada halal yolla qazanmaq imkanı var, səni yalan, oğurluq, mərdimazarlıq kimi naqis əməllərə həvəsləndirən, təhrik edən amillər bizdəkindən çox-çox azdır."

Fransız polisini bəyənmədim

Son bir neçə ildə Azərbaycanın siyasi, mədəni, ictimai həyatından xeyli insan Avropa ölkələrinə mühacirət etdi. Səbəblər müxtəlifidr. Bu, başqa məsələdir.

Məsələnin maraq doğuran digər tərəfləri soydaşlarımızın fərqli mentalitet, fərqli dini, fərqli dəyərləri olan ölkələrdəki yaşam tərzi, yeni cəmiyyətə inteqrasiyasıdır.

Onlar necə yaşayır, nə edir, gələcəklərini necə və harada görürlər? Suallarımızı bir müddət əvvəl Fransaya mühacirət etmiş Natiq Ədilov cavablandırır.

Günel Mövlud

- Natiq, hazırda özünüzü necə hiss edirsiniz, ovqatınız necədir?

Natiq Ədilov
Natiq Ədilov

- Dostlarım, yoldaşlarım demək olar, hər gün bu sualı verirlər. Açıq deyim ki, cavab verməyə çətinlik çəkirəm.

O gün bir dostuma da dedim ki, söz, klaviatura vəziyyətimi təsvir eləməyə acizdir. O da dedi ki, yəni o qədər pisdi? Dedim ki, yox, pisi təsvir eləməyə nə var. Mürəkkəbdir.

Tam səmimi deyirəm ki, keçirdiyim bu günlərin yaxşı, yoxsa pis olduğunu deməyə çətinlik çəkirəm.

Əlbəttə, Azərbaycandakı dostlarımın gördüyü, üzləşdiyi risklərdən uzağam, onlar indi çox dəhşətli vəziyyətdədirlər. Ancaq mən də rahat deyiləm. Şairin sözü olmasın, cismən burda, ruhən Azərbaycandayam.

Bu haça-paça vəziyyət adamı rahat buraxmır. Xüsusən, Odlar Yurdundan hər gün gələn nəhs xəbərlər, insanların çarəsizliyi mənim ən lüks sayılan günümü irin-qan edə bilir.

- Bir müddətdir ki, Fransadasınız. Bu ölkə ilə bağlı nə kimi təsəvvürləriniz vardı və orada yaşayanda bu təsəvvürlər özünü doğrultdumu?

- Fransa çox böyük dövlətdir.

Bizdə adamlar var, məsələn 2-3 gün bir ölkəyə səfərdə olurlar. Belə adamların yanında danışmaq qeyri-mümkündür. Özlərin o ölkə üzrə ekspert sayırlar.

Mübahisə də yersizdi, çünki əllərində daşdan keçən "arqument" var. Deyirlər ki, "Həccdən gələn mən, xəbər verən sən?"

Halbuki, çox çətin işdir. Bu gün adi, balaca bir kəndin xüsusiyyətini, mədəniyyətini və s. öyrənmək üçün müxtəlif institutlar, alimlər əmək sərf edir, illərin qoyurlar.

Bizim kimi insanlar isə böyük-böyük cəmiyyətlər, dövlətlər barədə həvəskar fikirərini cəmiyyətə həmin araşdırmalardan daha sanballı fakt kimi təqdim edirlər.

Həmişə səfər yazılarımda belə səhvlər eləməkdən çəkinmişəm. Məqalə yazanda, bu qeydi mütləq edirəm ki, yazdıqlarımı adi bir turistin təəssüratı sayın.

Elə bu müsahibə üçün də razılaşaq ki, mənim Fransa barədə bildiklərim, danışacaqların subyektiv şeylərdir, müşahidələrdən səhv qənaət çıxara bilərəm və s.

Fransada hələ ki, bu ölkə barədə öyrəndiklərim, əxz elədiklərimlə bağlı xəyal qırıqlığı yaşamamışam. Qarşıda nə var, deyə bilmirəm. Fransa mənə dövlətin nə olduğunu göstərdi, göstərməkdədir.

Bizdə çox təəssüf ki, dövlətin quru adı var. Dövlət deyəndə, biz ancaq cəbr aparatın görürük. Amma Fransa başqadır. Kitablardan, seminarlardan öyrəndiyimiz "azadlıq, bərabərlik, qardaşlıq" prinsipi bu ölkədə sözün əsl mənasında hakimdir.

Dövlət vətəndaşına valideyn qədər diqqətcil və qayğıkeşdir. İnsan haqlarına böyük hörmət var. Qanunun aliliyin təkcə televizorlardan eşitmirsən, gündəlik həyatında görürsən, hiss edirsən. Mənim təsəvvürümdəki Fransa elə belə idi.

- Orada çevrəniz varmı, yoxsa hələ ki, təksiniz? Çevrəniz orda yaşayan azərbaycanlılardırmı?

Natiq Ədilov
Natiq Ədilov

- Çevrəm çox məhduddur, bu həm də bir az məqsədyönlü seçimdir. 4-5 azərbaycanlı ilə əlaqəm var.

Onlar mənim mənəvi ehtiyaclarımı ödəyir, bir problemim olanda dadıma çatırlar. Bu da bəs edir.

- Fransız dostlarınız varmı?

- Fransız dostlarım yoxdur, tanışlar var. Yəqin, dost da qazanarıq, fransızlar Avropanın ən istiqanlı, mehriban xalqı sayılır. Burda dost qazanmaq çətin deyil.

- İnteqrasiya prosesi necə gedir? Fransız dilinə, insanlara, fərqli dəyərlərə alışmısınızmı?

- İnteqrasiya prosesi, dil baryerin çıxsaq, normal keçir. Qanunların işlədiyi, insanların bir-birinə hörmətlə yanaşdığı yerdə uyğunlaşmağa nə var ki? Oğul deyərəm, getsin, Azərbaycan mühutinə uyğunlaşıb, yaşamağın çəmin-təhrin tapsın.

Fransa müxtəlif dəyərlərin çulğalaşdığı yerdir və burda fərqliliyə dözüm, hörmət bəsləmək deyərdim ki, bir nömrəli tələbdir. Bu baxımdan, mən burda yadlıq, özümü 3-4 sort insan kimi hiss eləmədim.

Mən ABŞ-da da 3 ay yaşamışam, Fransada da 8-cü aydır, yaşayıram. Hər iki ölkədəki dəyərlərə münasibətlə bağlı təəssüratımı ümumiləşdirsəm, qətiyyətlə deyə bilərəm ki, azərbaycanlılara təqdim edilən "qərb dəyərlərimizin düşmənidir" fikri cəfəngiyyat, ağ yalandır.

Azərbaycanın mili dəyərlərinə Azərbaycandan çox zərbə dəyən yer çətin ki, ola.

Olsa da, əmin olun ki, o yer nə ABŞ-dır, nə də Fransa. Bu ölkələrdə bizim adını eşidib, üzünü görmədiyimiz, demokratiya, tolerantlıq, başqa fikirliliyə hörmət var, bu isə imkan verir ki, insan öz əqidəsinə uyğun həyat seçib yaşasın.

- Orda sizi təəccübləndirən, məyus edən, sevindirən, dəyişməyə vadar edən nələrlə rastlaşdınız?

- Təəccübləndirənlərdən deyim. Birincisi, polisləri. Fransız polisi hədsiz nəzakətlidir. Mən Azərbaycanda əli avtomatli, pələng cüssəli polisin vətəndaşın üzərinə xoruzlandığını görmüş adamam.

Azərbaycan polisindən olmazın zülmü dadan adam olsam da, qətiyyən Fransız polis modelin bəyənmədim. ABŞ polisini daha çox təqdir edirəm. ABŞ-da polis əhalinin ən çox güvəndiyi strukturdur. ABŞ polisi çevik, qanunçü və sərtdir.

Fransada isə bəzi mühacirlərin polisin başına nə sərgüzəştlər gətirdiyini danışsam, mənə deyərlər ki, bu adam getdi ora müsəlmanları verdi firənglərin ayağına.

Başqa məqam, fransızların astagəlliyidir. Bu adamlar tələsmək nədir, bilmirlər. Burda kassada ödəniş olunan müddətdə bizimkilər göydələnin fundamentin atıb, qurtarar.

Alıcı allah bilir, nə qədər pul kisəsini eşələyir. Amma bu ləngimə kassiri da rəncidə eləmir. O da bu vaxt alıcı ilə dünyanın gəliş-gedişindən söz açır.

Bu ecazkar mənzərə heç növbədə duranların da hövsələsin daraltmır. Çünki onlar da eyni qaydada hərəkət edəcəklər.

Uzatmayım, daha bir qəbul eləməyə çətinlik çəkdiyim məqam insanların ictimai yerlərdə burunlarını fınxıraraq, təmizləməsidir, bu əlbəttə bizim bildiyimiz burun qurdalama deyil, amma yenə də, adama birtəhər gəlir.

- Avropanın dillərə dastan bürokratiyası ilə də toqquşmalı oldunuzmu?

- Fransız bürokratiyası da məyusedicidir. Burda kağız-kuğuz işi SSRİ-ni dalda qoyub. Baxmayaraq ki, həyatın bütün sahələri avtomatlaşıb, kompüterləşib, amma burda kağızsız bir iş də keçmir.

Poçt xidməti az qala hər gün bütün evlərə məktub daşıyır, ən müxtəlif dövlət idarələrindən, təşkilatlardan və s.

Bürokratiyanın pis tərəfin deyim. Məsələn, bizdə bank kartı açdırmaq bir günün işdir. Burda isə bir həftə gözləyirsən, bəzən lap çox. Kart gəlir, ondan bir neçə gün sonra parol ayrı məktubla gəlir.

Yaxud, mənə bir dostum öz kartı ilə telefon nömrəsi almışdı. Bir ay işlətdim, sonra dedim, öz adıma keçirim. Getdim operatorun ofisinə, dedilər, lap gözəl, edərik. Amma otur bizim mərkəzi ofisə bir məktb yaz (kağız formada).

Yazdım, içində də Fransada olan bank hesabımla bağlı çıxarış qoydum. Məktubu həftədən çoxdu yollamışam. Hələ də cavab gözləyirəm. O məsələnin başqa tərəfi ki, əsas missiyası baxımından, Fransız bankları, mobil operatorları bizimkiləri tozda qoyur.

Nümunə lazımdırsa, deyim ki, məsələn burda adamlar 2-3 faizlə 10 mindən 100 minə qədər kredit götürə bilir. Yaxud mənim ayda cəmi 2 avro ödədiyim sim nömrə mənə Fransa daxilində 2 saat danışıq, limitsiz sms verir. Bu cəhətlərinə görə onların büroktariyasını əfvə salmaq olar.

- Bir iman əhli olaraq, halal ət, halal çörək, ibadətgah problemləriniz varmı?

- Özümü imanlı şəxs saysam da, ibadət əhli deyiləm. Dindar həyatı yaşamıram. Amma bu cür şəxslərin burada sadaladığınız problemləri yoxdur.

İbadədxanalar da var, halal sertifikatlı məhsullar da. Əksinə, mən ABŞ-ı görəndə də ibadət əhli olan dostlarıma demişdim və yenə təkrar edirəm ki, demokratik qərb ölkələrində halallıqla yaşamaq daha asandır. Nəinki bizim ölkədə.

Çünki burada halal yolla qazanmaq imkanı var, səni yalan, oğurluq, mərdimazarlıq kimi naqis əməllərə həvəsləndirən, təhrik edən amillər bizdəkindən çox-çox azdır. Bizim ölkədə düz, halal yaşamaq çox çətindir.

- Fransada ərəb əsilli, müsəlman etiqadlı insanlar çoxdu. Belə icmalarla ünsiyyətiniz varmı?

- Bəli, çoxdurlar. Mənim Suriyadan və İraqdan tanışlarım var. Çox mədəni insanlardı. Suriyalı ərəb az-maz rusca bilir, iraqlı isə ingiliscə, arabir həmdərd oluruq.

- Fransız dili ilə işlər necədir? Balzakın, Hüqonun əsərlərini nə vaxt orijinaldan oxumağa başlayacaqsız?

- İşlər müşküldür :) Dil baryeri hər gün adamın başında çəkic kimi taqqıldayır. Fransızların, nə hikmətdirsə, başqa dillərlə arası yaxşı deyil. Təmasda olduğum fransızlar özləri də bunu etiraf edirlər.

Rus dilindən söhbət gedə bilməz, ingilis dilində də çox bərbad danışırlar, yaxud heç danışmırlar. Bunu bir daha vurğulayım ki, hamısı haqda danışmıram, təmas qurduğum adamları nəzərdə tuturam.

Bir neçə xalis fransız müəllimlə söhbət eləmişəm. Deyirlər ki, bizim dil götürmə qabiliyyətimiz zəifdi. Bilmirəm, nə qədər düzdü, bəlkə də tənbəlliklərinə belə bəhanə quraşdırıblar.

Bir fakt deyim. Əminəm ki, Azərbaycanın ən ucqar rayonunda hansısa bir banka getsək, orada ən azı 3 dili (rus, ingilis, türk) bilən kadrlar olacaq. Amma burada bankda və başqa xidmət idarələrində neçə dəfə rastlaşmışam, fransızcadan başqa dil bilən yoxdur.

Fransız dilini bilmək həyati vəzifə olaraq dayanır qarşında. Bura gələndə fransızca bir-iki söz bilirdim. İndi bir az söz bazam genişlənib, etiket qaydalarının tələb elədiyi sözləri işlədə bilirəm.

Bu çox vacibdi, franasızlar salamlaşanda, sağollaşanda bir-birinə bir dünya söz deyirlər. Fransız dilinin qrammatikası, sözlərin yazılışı optik fizika qədər qəlizdi.

Amma bütün çətinliklər dəf olunandı, qarşıdakı aylarda peşəkar dil kursum başlamalıdır. Onun vasitəsilə bu nəcib dilə vaqif olmağı bacaracam.

Bir şeyi də deməsək, haqsızlıq olar. Fransızlar çox mədənidirlər, sizin onların dilini bilməmənizdən onlar elə məyusluq keçirirlər ki, sanki o, sizin dili bilməli imiş, amma bunu etməyib, günahkardı.

- Hansısa maddi, mənəvi, psixoloji, estetik problemlər yaşayırsınızmı?

- Bəli, yaşayıram. Onların bir qismin dedim. Qalanları barədə isə, icazə ver susum.

- “Növbətçi” sual: Azərbaycana dönmək fikriniz varmı?

- Fikrim var, özü də çox ciddi.

Günel Mövlud söhbətləşdi

XS
SM
MD
LG