Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:58

Xomeynidən çəkinməyən “yaxşı ayətullah”


İranın dissident ayətullahı Hüseyn Əli Müntəziri 2003-cü ildə
İranın dissident ayətullahı Hüseyn Əli Müntəziri 2003-cü ildə

Yaxın Şərq barədə üç kitab müəllifi, jurnalist Brian Murphy “The Washington Post” qəzetində yazır ki, İslam inqilabından 10 il sonra, 1988-ci ildə İranın potensial liderlərindən biri dilemma qarşısında qalmışdı.

O, İranda kütləvi edamların, işgəncə və stalinsayağı həbslərin baş alıb getdiyi bir vaxtda bir kənarda sakit dayanıb baxa bilərdi. Ya da səsini ucaldıb danışmalıydı.

Ayətullah Hüseyn Əli Müntəziri ikinci yolu seçdi.

Biz hakimiyyətdə əbədi olaraq qalmayacağıq, - deyirdi Müntəziri, - Gələcəkdə tarix bizi mühakimə edəcək

Bu ona baha oturdu. Müntəzirinin inqilabın banisi ayətullah imam Ruhulla Xomeyninin xələfi olmaq imkanına son qoyuldu. Əksinə, onu dövlətin düşməni elan etdilər, o, 6 il ev dustağı oldu.

Brian Murphy yazır ki, 1980-ci illər İranında kütləvi edamlar və repressiyalar barədə Amnesty İnternational kimi təşkilatların hesabatlarından oxumaq olar, lakin ölkə, region və Tehranın Qərblə münasibətlərinin gələcəyini formalaşdıran həmin dövrdə hakimiyyətin yuxarı eşelonlarında nələrin baş verdiyi hələ də bəlli deyil.

İndi isə həmin yuxraı eşelonda olanlardan ən birincisinin səs yazısı, 30 ildən sonra onun rəsmi internet saytına yerləşdirlib.

"Qəbirdən gələn səs"

Söhbət 2009-cu ildə vəfat etmiş ayətullah Müntəziriyə aid edilən səs faylından gedir.

Bu səs yazısı səs sahibinin, vətənində tüğyan edən edam və qətlləri dayandırmaq üçün ucalmış harayı təsiri bağışlayır.

Ayətullah Əli Xameneyi (solda) və ayətullah Hüseyn Əli Müntəziri
Ayətullah Əli Xameneyi (solda) və ayətullah Hüseyn Əli Müntəziri

Brian Murphy-nin fikrincə, bu səs onu göstərir ki, Xomeynidən sonra ali rəhbərlik çələngi Müntəzirinin başına qoyulsaydı, İran bu gün tamam başqa bir yolun yolçusu olmalıydı.

Məqalədə deyilir ki, Müntəziri özü ayətullah olsa da, İranda teokratiyanın qatı əleyhdarı idi.

Başqa sözlərlə, Müntəziriyə görə, 1979-cu ildə Qərbin dəstəklədiyi şah fərar etdikdən sonra, Xomeyni və başqa böyük ruhanilər bütün hakimiyyəti qamarlamaqla İslam inqilabına xəyanət etmişdilər.

Müntəziri bu qənaətdə idi ki, ruhanilər hakimiyyətdən kənarda dayanmalı və “xalqın müşaviri və yolgöstərəni” olmalı idilər. Onun nəzərinə görə, ölkəyə seçkili rəsmilər və texnokratlar rəhbərlik etməliydilər.

Brian Murphy yazır ki, Müntəziri Xomeyninin gözündən ilk dəfə gizli siyasi məhkəmələrə və edamlara etiraz edəndə düşmüşdü.

Xomeyni repressiyaları

Məqalədə deyilir ki, 1980-1988-ci il İraq müharibəsindən üzgün və müflis çıxmış İranda ruhani hakimiyyət bütün qisasını “daxili düşmən” saydığı adamlardan çıxmağa başlamışdı.

Bunlar qərbmeylli tələbələr, etnik azlıqların nümayəndələri, bir də hakimiyyətə qarşı uğursuz hərbi müdaxiləyə əl atmış Mücahedine Xəlq təşkilatının üzvləri idilər.

Yadda saxlayın ki, 50 il sonra xalq rəhbərin qaniçən, qəddar və cinayətkar birisi olduğunu deyəcək…Mən istəmirəm ki, tarix onu belə xatırlasın...

Xomeyni tərəfindən yaradılmış “ölüm komissiyalarının” repressiyası hələ bundan sonra araşdırlımalıdır, lakin bəlli olan budur ki, həmin illərdə minlərlə insan güllələnərək və asılaraq edam edilib, Evin həbsxanasında çürüdülüb.

Amnesty-nin 1990-cı ildə tərtib etdiyi hesabatda deyilir ki, 1987-1990-cı illərdə İranda təkcə siyasi məhbusların sayı 2 min olmaqla, minlərlə insan məhv edilib.

İndi isə Müntəziriyə aid edlən 1988-ci il tarixli səs yeni təfərrüatlar verir: “Mənim nəzərimdə İslam Respublikasının tarixində ən böyük cinayəti siz törətmisiniz…”

Ayətullah Müntəzirinin rəsmi saytında bildirilir ki, bu sözlər o vaxt keçirilən iclasda, ədliyyə və kəşfiyyat rəsmilərinin üzünə deyilib. Onların arasında o vaxtın baş kəşfiyyatçısı Mustafa Purməhəmmədi də olub. O, indi Həsən Ruhaninin hökumətində ədliyyə naziridir.

“Yadda saxlayın ki, 50 il sonra xalq rəhbərin (Xomeyninin) qaniçən, qəddar və cinayətkar birisi olduğunu deyəcək…Mən istəmirəm ki, tarix onu belə xatırlasın…” - deyirdi həmin iclasda Müntəziri.

40 dəqiqəlik ittiham

“The Washington Post” yazır ki, 40 dəqiqlik səs yazısının tərcüməsini Vaşinqtonda iqamətgahı olan İran Milli Müqavimət Şurası (İMMŞ) edib. Paralel olaraq BBC-nin Fars xidməti də öz tərcüməsini dərc edib.

Müntəziri İranda kütləvi edamlara qarşı çıxırdı
Müntəziri İranda kütləvi edamlara qarşı çıxırdı

Səs yazısının xalisliyini hər hansı müstəqil mənbə ilə dəqiqləşdirmək mümkün deyil, amma Müntəzirinin oğlu, mötədil ruhani Əhməd deyib ki, İran kəşfiyyatı ona audionu internet saytından çıxarmağı əmr edib.

İMMŞ-nin lideri Məryəm Rəcəvi beynəlxalq prokurorları bu səs yazısını ciddi araşdırmağa və 1980-ci illərin qətlləri ilə bağlı cinayət işləri qaldırmağa çağırıb.

O deyib ki, Purməhəmmədi də daxil həmin illərin repressiyalarında fəal olanların əksəriyyəti hazırda İran hökumətində yüksək məqamları tuturlar.

Xomeyni 1988-ci ildə yazıldığı iddia edilən bu çıxışdan bir il sonra, 1989-cu ildə vəfat edib. Onun yerinə aşağı “ranqlı” ruhani ayətullah Əli Xameneyi təyin olunub.

Bəzi təhlilçilər deyirlər ki, Xomeyninin bu seçimi onun gələcək ali rəhbərin teokratiyaya və qüdrətli İnqilab Keşikçiləri Korpusuna qarşı çıxmaması mülahizəsindən irəli gəlib.

“Tarix bizi mühakimə edəcək…”

“Qətl ideyaya müqavimət göstərməyin səhv yoludur, - deyirdi Müntəziri 1988-ci il iclasında, - Onların bir fikri, bir ideyası var. Bu məntiqə, hətta yanlış məntiqə də qətllə cavab vermək məsələnin həlli deyil. Bu vəziyyəti daha da ağırlaşdırır”.

“Biz hakimiyyətdə əbədi olaraq qalmayacağıq, - deyirdi Müntəziri, - Gələcəkdə tarix bizi mühakimə edəcək”.

Ayətullah Müntəziri 1979-cu ildə amerikalıların girov götürülməsinə görə üzr istəmişdi
Ayətullah Müntəziri 1979-cu ildə amerikalıların girov götürülməsinə görə üzr istəmişdi

O deyirdi ki, gecələr yata bilmir və “qiyamət gününə bu yüklə getməyi arzulamadığından danışır”.

“The Washington Post” yazır ki, Müntəziri islahatpərəst prezident Məhəmməd Xatəminin hakimiyyəti zamanı, 1997-ci və 2003-cü illər arasında ev dustağı edilmiş və susdurulmuşdu. Bu günə qədər.

Onun ömrü imkan vermişdi ki, 2009-cu ilin Yaşıl Hərəkatını görsün və dəstək versin.

Müntəzirinin dəfni etiraz aksiyasına çevrilmişdi
Müntəzirinin dəfni etiraz aksiyasına çevrilmişdi

Müntəziri vəfat etdiyi 2009-cu ildə həmçinin 1981-ci ildə ABŞ-ın Tehrandakı səfirlyinin zəbt edilməsində və 444 günlük girov böhranında iştirakına görə üzr istəmişdi.

2009-cu ilin dekabrında onun Qum şəhərində keçirilən dəfn mərasimi də etiraz aksiyasına çevrilmişdi. Adamlar bir İran yazıçısının “yaxşı ayətullah” adlandırdığı Müntəzirinin cənazəsinin arxasınca gedəndə yumruqlarını düyünləyərək qaldırmış, Xameneyi və onun təhlükəsizlik qüvvələrinə qarşı şüarlar ucaltmışdılar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG