Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:30

Məhəmməd Əli qanlı hadisələr haqda şeirini deyir- [Video]


Məhəmməd Əli müzikldə oxuyur

Məhəmməd Əli müzikldə oxuyur

►O həm də özünü aktyor kimi sınayıb - Videolar aşağıda

Dünya şöhrətli boksçu Məhəmməd Əli həm də ABŞ-da qaradərililərin hüquqları uğrunda mübarizəsi ilə tanınıb. Bu fikirlərini o, şeirlərində də ifadə edib.

Daha çox satirik şeirlər yazsa da, onun çox ciddi ictimai-siyasi mövzularda da əsərləri olub. Aşağıdakı videoda boksçu 1971-ci ildə ABŞ-da baş vermiş dustaq qiyamından sonra yazdığı şeirini deyir. O zaman qaradərili məhbuslar Nyu York ştatındakı "Attika" həbsxanasında onlara qarşı irqçi münasibət göstərildiyini iddia edərək qiyam qaldırmış, həbsxananın ağdərili işçilərini girov götürmüşdülər.

Bir neçə gün davam edən danışıqlar iflasa uğrayandan sonra həbsxanaya hücum başlanmış, 33 məhbus, 10 həbsxana işçisi ölmüşdü. Bu, Amerika tarixində ən qanlı həbsxana qiyamı olaraq qalır. Məhəmməd Əlinin şeiri qaradərili dustağın dilindən yazılıb. Leytmotivi odur ki, "azadlıq uğrunda vuruşub ölməkdən şirin şey yoxdur".

1972-ci ilin iyulunda Məhəmməd Əli Alvin "Blue" Lewis-lə qarşılaşmaq üçün İrlandiyada idi. Dublində baş tutan bu müsahibə zamanı jurnalist ondan həmin şeiri deməsini xahiş edir.

Şeirdə deyilir ki, "qoy mən indi ölüm, Qaradərəili olaraq öz haqlarımı tələb edərək düşmənlə savaşda həyatımı itirim, nəinki sonra, hardasa çarpayıda dərman tapmayıb canımı tapşırım". Məhəmməd Əli şeirdə "Tom dayı" ifadəsini də işlədir. Bu söz öz haqları uğrunda savaşmayan, "ağların könlünü xoş etməyə çalışan" qaradərililər barədə işlədilir. Şeirin qəhrəmanı onun kimi olmaq istəmədiyini deyir. (Ardı aşağıda. Şeir 1:08-də başlayır)

"Bekar vaxtlarında" 3 milyon qazanıb

Məhəmməd Əli bir müddət müzikllərdə də çıxış edib. Vetnam müharibəsi zamanı əsgərliyə getməkdən imtina edən Məhəmməd Əli buna görə dünya çempionu titulundan məhrum edilmiş, müvəqqəti olaraq boksdan kənarlaşdırılmışdı.

Amma o elə məşhur idi ki, boksdan kənarda da 3 milyon dollar qazana bilmişdi. O dövrdə boksçu Brodvey müzikllərində də çıxış etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG