Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:42

-

Azərbaycanlı məktəbli Ruslan Məmmədov Moskvada keçirilən D.I.Mendeleev adına Beynəlxalq Kimya Olimpiadasında bürünc medal qazanıb.

160 saylı Klassik Gimnaziyanın şagirdi həm də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində imtahansız təhsil almaq şansı qazanıb. Onunla bərabər Şirvan məktəblisi Hüseyn Babayev da bu imkanı əldə edib. Hərçənd... Hüseyni bilmirik, amma Ruslan Moskvada təhsil almaq istəmir. O, AzadlıqRadiosuna müsahibəsində deyib ki, könlündən Almaniya ali məktəblərindən birində oxumaq keçir. Səbəbləri haqda az sonra. İndilik qayıdaq olimpiadaya.

– Ötən il Bakıda keçirilən kimya üzrə beynəlxalq olimpiadada iştirak etmişdim. O zaman medal qazana bilmədim, heç bir təcrübəm yoxdu. Ancaq Hüseyn yenə bürünc medal qazanmışdı. Bu ilsə mən də medala layiq görüldüm.

– Qələbə qazanacağınıza inanırdınız?

– Mendeleev olimpiadası mürəkkəbliyi ilə seçilir. Burda qeyri-standart, çox mürəkkəb, çox orijinal tapşırıqlar verilir. Ona görə də burda iştirakçı az olsa da, çox nüfuzlu ölkələr, güclü iştirakçılar qatılır. Burda medal qazanmaq da çox çətindir. Bəzən uğur da öz sözünü deyir. Amma təbii ki, olimpiadaya yollananda, maksimum haqqında düşünürsən.

– Daha bir olimpiadaya qatılacaqsınız, deyəsən.

– Bu ilin avqustunda Tbilisidə kimya üzrə beynəlmiləl olimpiada keçiriləcək. Orda iştirak etməliyəm.

– Yaxınlarınızın dediyinə görə, Moskvada bürünc medal əldə etdikdən sonra Sizə bir neçə ali məktəbdən dəvət gəlib.

– Mən Moskva Dövlət Universitetində imtahansız oxuya bilərəm. Bu universitetdən dəvət gəlib artıq. Amma mən MDU-da oxumaq istəmirəm. Düzü, bilmirəm, harada oxuyum. Bakıda oxumaq şansım da var. Amma Almaniyada təhsil almaq variantı da gündəlikdədir. Hər şey imtahanların nəticəsindən asılı olacaq. Ondan sonra vəziyyətə baxacağam.

– Deyəsən, Almaniyada Hannover universitetində oxumaq istəyirsiniz?

– Eyni vaxtda bir neçə universitetə imtahan verirəm. Baxaq görək. Bu, Hannover də ola bilər, başqası da...

Ruslan Məmmədov

Ruslan Məmmədov

– Niyə məhz Almaniyanı seçirsiniz?

– İş ondadır ki, mən mühəndis olmaq istəyirəm. MDU-da isə daha çox fundamental elmlər üzrə təhsil almağı, araşdırmalar aparmağı təklif edirlər. Ona görə ən yaxşısı ya Azərbaycanda, ya da Almaniyada oxumaqdır. Özü də Almaniyada təhsil pulsuz-parasızdır. Rusiyada da pulsuzdur. Ancaq seçim edəndə, mən Almaniyaya üstünlük verirəm.

– Hansı sahə üzrə mühəndis olmaq istəyirsiniz?

– Açığı, ixtisasla bağlı qəti qərarım yoxdur. Ya kimya, ya da elektrotexnika üzrə mühəndis olmağı düşünürəm.

– Deyəsən, seçiminizə həm də almandilli olmanız təsir göstərir.

– Bizim məktəbdə Azərbaycan dilindən başqa rus, ingilis, alman dilləri də tədris olunur. Mən rus dilində oxuyuram, amma ikinci xarici dil kimi alman dilini seçdim. Soruşsanız, «niyə alman dili», dəqiq cavab verə bilməyəcəyəm. Bəlkə də səbəb odur ki, lap əvvəldən mən Almaniyada oxumaq istəmişəm. Orda təhsil pulsuz və yüksəkkeyfiyyətlidir. Yəni, pulsuz ali təhsil verən ən yaxşı ölkə Almaniyadır. Düzdür, bu ölkədə təhsil pulsuz olsa da, orda yaşamağa pulun olmalıdır. Məsələnin bu tərəfi də var. Maddi çətinlik olsa, Azərbaycanda da qalıb oxumaq mümkündür.

– Xaricdə universitetə qəbul olsanız, Sizə dövlət səviyyəsində hansısa dəstək vəd edilib?

– Yox, bu haqda mənə, hələlik, heç nə deyilməyib.

– Yeri gəlmişkən, Ruslan, Azərbaycanda xaricdə təhsil almaqla bağlı dövlət proqramı da müvəqqəti dayandırılıb. Sizin kimi gənclər bunun üstünlüklərindən yararlana bilərdi...

– Əslində, mən də bu proqramda iştirak etmək istərdim, bu sahədə keyfiyyətli təhsil almaq imkanı yaranardı. Gələcəkdə isə mühəndis kimi ölkəmə faydam dəyərdi. Niyə bağlanıb, xəbərim yoxdur. Bağlanıbsa, yəqin, bunun ciddi səbəbi var. Amma həmişə biz istədiyimiz olmur. Ölkəmizdə də indi vəziyyət çətindir. Düşünmürəm ki, qəsdən edilib, baxaq.

– Niyə kimyanı seçdiniz?

– Kimya perspektivi olan elmdir.

– Hədəfiniz nədir?

– İndiki anda universitetə girməkdir. Sonrasına baxarıq.

– Bir az özünüz haqda danışın.

– Adi filmlərə baxıram, adi kitablar oxuyuram, idmanla məşğul oluram. Yəni, qeyri-adi heç nə yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG