Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:07

Misirdə miqrantlar orqan alverçilərinin tələsinə düşürlər


Somali qaçqınları

Somali qaçqınları

Misirdə insan alverçiləri fahişələr vasitəsilə miqrantları tora salıb, onların orqanlarını transplantasiya məqsədilə satırlar.

Bu barədə Böyük Britaniyada yerləşən Liverpul Universitetinin hüquq müəllimi, tədqiqatçı Sean Columb hazırladığı hesabatında bildirir.

O, Misirdə bir həftə qalıb və insan alverçiləri, o cümlədən miqrantlarla, əsasən də Sudandan olan mühacir-donorlarla görüşüb söhbət edib.

Qahirəyə gələn, nağd pula ehtiyacı olan miqrantlar bildiriblər ki, seks işçiləri onlara orqanları müqabilində «şirnikləndirici təkliflər» ediblər.

«Seks işçisi miqranta orqanını satmaq üçün böyük məbləğdə pul təklif edir», - S.Columb deyir.

ORQAN ALVERİ QADAĞANDIR, ANCAQ TRANSPLANTASİYA OLAR

Misirdə orqan alveri qanunla qadağandır. Bununla belə, Niderlandda yerləşən Erazmus Universitetinin Tibb Mərkəzinin araşdırmasına görə, Misir Hindistan, Pakistan, Rusiya arasında transplantasiya turizmi üçün ümumi və əlverişli yer sayılır.

Buna da bax-Azərbaycan 'insan alveri hesabatında' Gürcüstan və Ermənistandan geridə qalır

Apreldə sosial mediada Misir sahillərində tapılmış Somali miqrantlarının cəsədlərinin təsvirləri yayılmışdı. Bildirilirdi ki, onların orqanları çıxarılıb.

İyulda Britaniya qəzeti xəbər verdi ki, Afrika miqrantları Misirdə orqanlarına görə öldürülüb.

Britaniyanın «The Times» qəzeti yazıb ki, həbs edilən insan alverçisi Noureddin Atta istintaqçılara misirlilərin orqanlarının çıxarılması və daşınmasında iştirak etdiyini bildirib.

Kriminalist S.Columb hesabatında yazır ki, Misirdə insan alverinin qolları kriminal dünyadan hospitallara qədər uzanır, o yerə ki, orda transplantasiya əməliyyatları aparılır.

Misir Səhiyyə Nazirliyindən hesabatla bağlı heç bir mövqe bildirilməyib.

S.Columb-un hesabatında deyilir ki, Misirdə böyrək almaq qanunla qadağan edilsə də, transplantasiya əməliyyatı qeyri-qanuni sayılmır. Böyrək satışı isə 100 min dollardır.

CƏMİ 4500 DOLLARA BÖYRƏK

Qahirədə donorların nə qədər məbləğ əldə etdikləri ilə bağlı məlumatlar çox azdır, ancaq S.Columb-un söhbət etdiyi 13 donordan biri deyib ki, ona böyrəyi üçün 40 min Misir funtu, təxminən 4500 dollar ödəyiblər.

Buna da bax-Seks turizmi mərkəzinə çevrilən kənd

Hesabatda göstərilir ki, sövdələşmə kafe, vasitəçilərin və ya qeydiyyatdan keçmiş transplantasiya laboratoriyalarının nümayəndəliklərinin ofisi kimi ictimai yerlərdə aparılır.

Avropaya keçmək istəyən miqrantlar üçün Yaxın Şərq, Şimali Afrika və Aralıq dənizi kəsişməsində yerləşən Misirdə böyük tranzit şəbəkəsi var. Beynəlxalq Miqrasiya Təşkilatına görə, hər 10 miqrantdan biri İtaliyaya Misirdən gəlib çıxır.

Hesabat müəllifi hesab edir ki, orqan alveri ilə bağlı hökumətə məlumatlar nadir halda çatdırılır. Onun fikrincə, transplantasiya əməliyyatını aparan həkimlər bir çox halda miqrantların orqanlarını könülsüz satmaları faktına göz yumurlar. Vasitəçilər isə donorlara deyirlər ki, əgər burdan uzaqlaşmasalar, onları böyük cərimələr gözləyir. Bir vasitəçi şəxs S.Columb-a bildirib ki, həkimlər heç nə bilmək istəmirlər: «Onlar pulu hər hansı bir sual vermədən alırlar».

S.Columb «Thomson Reuters» Fonduna bildirib ki, vasitəçilərin əlaqə saxladığı laboratoriyalar xaricə bağlı ənənəvi kriminal dəstələrin bir hissəsi ola bilər.

Hesabatda vurğulanır ki, orqanını satmaqdan imtina edənlər də orqan alverçiləri tərəfindən hədələnir. Onlardan biri S.Columb-a deyib ki, orqan alverçiləri onu rahat buraxmırlar, deyirlər ki, əgər könüllü razı olmasa, gəlib böyrəyini çıxardacaqlar və əvəzində də heç nə verməyəcəklər.

«Thomson Reuters» Fondu bildirir ki, qeyri-qanuni orqan alveri ilə bağlı rəqəmlər reallığı əks etdirmir. BMT-nin insan alveri ilə bağlı 2014-cü il hesabatında yalnız 12 ölkədə orqan alveri ilə bağlı məlumatlar (2010-2012-ci illər üzrə) öz əksini tapmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG