Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:56

Ərəb ölkələrindəki avtoritar rejimlər etirazları yatırmağı bir-birindən öyrənir?


Foto arxiv
Foto arxiv

Ərəb dünyası heç vaxt 2011-ci ilin ərəb baharı zamanındakı qədər bir olmayıb. Tunis inqilabı bütün ərəb dünyasında insanları küçələrə axışmağa ruhlandırdı. 2011-ci il yanvarın 25-də başlamış Misir inqilabı isə Hosni Mubarakın devrilməsi ilə nəticələndi. Bu, ərəblərə etirazlarla qələbə qazanmağın mümkünlüyünü göstərdi.

Bunun ardınca etiraz dalğası Bəhreyn, Yəmən və İordaniyaya da yayıldı. Bu ölkələrdə də insanlar Qahirənin Təhrir meydanında baş verənləri təkrar etməyə çalışdılar. Bütün ərəb dünyasında milyonlarla etirazçı eyni şüarlar səsləndirir, eyni işarələri göstərirdi.

Qahirədə etiraz aksiyası
Qahirədə etiraz aksiyası

Bəs həmin vaxtdan bu yana nə baş verdi? Üsyanlardan sonrakı dövrdə də millətlər "ərəb baharı" günlərindəki kimi bir-birindən öyrənməkdə davam etdilərmi? Bəs avtokratik rejimlər necə? Onlar da etirazçılar kimi bir-birindən öyrəndilərmi? İyunda 15 nəfərədək alim Yaxın Şərq Siyasi Elmlər Layihəsi və Almaniya Dünya və Region Elmləri İnstitutunun Almaniyanın Hamburq şəhərində birgə seminara toplaşdı. Seminarın əsas mövzusu ərəb əksinqilabı dövründə avtokratik rejimlər arasında qarşılıqlı öyrənmə idi.

2011-ci ilin martında Tunisdə hakimiyyətə gəlmiş Ennahda Partiyası 2013-cü ilin avqustunda hakimiyyətdən getdi. Bundan əvvəlsə Misirdə “Müsəlman Qardaşları” hərəkatının hakimiyyəti hərbi çevrilişlə devrilmişdi. Suriyada başlanan dəhşətli vətəndaş müharibəsi bütün regionun üzləşə biləcəyi sınaqlara xəbərdarlıq idi. Bu isə bir-iki il əvvəl küçələrə axışan ümid dolu etirazçıları həvəsdən salırdı. Əvvəlcə Suriyadan gələn görüntü və xəbərlər çox sayda insanı pulla, yaxud döyüşlərə qoşulmaqla Suriya müxalifətinə yardım etməyə həvəsləndirdi.

Ancaq həm də zaman keçdikcə daha çox dəhşətli görüntülərin yayılması insanları etirazlardan çəkindirdi.

Bəs rejimlər səviyyəsində nə baş verirdi? Maria Josuanın müşahidəsinə görə avtoritar rejimlər kütləvi etirazlara cavab vermək üçün bir-birinə son dərəcə oxşar üsullara əl atıblar. Bura meydanlara girişin qarşısının alınması, kobud ritorika və ksenofob millətçiliyin səfərbər edilməsi də daxildir. Bütün ölkələrdə ayağa qalxmış etirazçılar eyni formada damğalandı. Onlara "xaricdən dəstəklənən təxribatçılar", "yadellilərin təbliğatçıları", "narkoman" və "cinayətkar" damğaları vuruldu.

Ancaq alman alimləri Thomas Richter və André Bank vurğulayırlar ki, oxşar görünən hallar heç də həmişə diffuziya və bir-birindən öyrənməyə dəlalət etmir. Bəzi siyasi üsullar az-çox səriştəsi olan hər hansı bir siyasi aktyor tərəfindən istifadə edilir. Öyrənilməli olan isə innovasiyalardır. Son nəticədə, avtoritar rejimlərə öz xalqlarını həbs və işgəncələrə məruz qoymağı, dissidentləri vətəndaşlıqdan məhrum etməyi, sosial medianı izləməyi, küçələri nümayişçilərdən təmizləməyi və mətbuata senzura qoymağı öyrətməyə gərək yoxdur.

Misir polisi
Misir polisi

Yaxud da, Türkiyə hərbçiləri çevriliş etməyi Misir nümunəsindən öyrənməli deyildilər. Əksinə, Türkiyənin özü son bir neçə onillikdə bir neçə hərbi çevrilişin şahidi olub. Ancaq, Jonathan Powell və Curtis Bell hesab edirlər ki, çevrilişlər çox zaman potensial təhlükəni hiss edən liderlərin qabqacadan preemtiv (qarşısını alma tədbiri) repressiya tədbirləri görməsinə səbəb olur.

​2013-cü ilin yayında Tunisdə Ennahda partiyasının hakimiyyəti təhvil vermək qərarı bir çox müşahidəçilərə Misirdə baş vermiş hərbi çevrilişə reaksiya kimi göründü. Ancaq hadisələri diqqətlə izləmiş Monica Marks deyir ki, baş verənlər daha çox Tunisin yerli və daxili partiya dinamikası ilə bağlı idi. Beləliklə üzdə oxşar görünən nəticələrin çoxu əslində oxşar hadisələrə verilən ümumi cavab reaksiyasıdır. Bu cavabların yerli xüsusiyyətlər filtrindən keçməsi onların diffuziyaya bənzəməsinə imkan yaradır.

Ancaq bu o demək deyil ki, avtokratik rejimlər bir-birindən öyrənməyiblər.

İllərlə avtoritar rejimlərin təkmilləşməsi və əməkdaşlığı proseslərinin tədqiqi sahəsində lider olmuş Steven Heydemann regiondakı xüsusi siyasi mühitin rejimlərə ayaqda qalmaq strategiyasını öyrətdiyini düşünür. Reinoud Leenders isə bir az da qabağa gedərək "əksinqilabi brikolaj" ifadəsini işlədir. Onun fikrincə inqilab təhlükəsinə məruz qalan rejimlər "birlikdə əksinqilabi üsullar, taktika və strategiyalar düzüb-qoşmaq üçün öz beynəlxalq bağlarından istifadə edirlər. Bu zaman onlar müxtəlif repertuarlardan və sınaqdan çıxmış idarəçilik üsullarından yararlanırlar. Rejimin adamları bu elementləri bir yerə toplayaraq yerli istifadə üçün yararlı edir".

Misir polisi media işçilərinə xəbərdarlıq edir
Misir polisi media işçilərinə xəbərdarlıq edir

Məsələn, dissidentlərin izlənməsi bu rejimlərin standart davranışı ola bilər. Ancaq onlar sosial mediaya daxil olaraq onu izləməyin üsullarını kənardan öyrənməlidirlər. Yaxud da, Misir, Bəhreyn və Liviyada ilk zamanlarda etirazçılara qarşı tətbiq olunmuş repressiyaları yaxşı öyrənmiş digər avtokratik rejimlər, hansı növ zorakılıqdan rahatlıqla nə qədər istifadə edə biləcəklərini müəyyən edirlər. Bu növ öyrənmə, yerli təcrübənin filtindən keçirilərək xüsusi şəraitə uyğunlaşdırılsa da transmilli təsirləri büruzə verir.

Alimlərdən Sean Yom isə, əksinə, ərəb monarxlarının öz müdafiələrini təmin etmək üçün daha fəal və yeni şəkildə birləşməsi prosesini müşahidə edir. Yom hesab edir ki, siyasi alətlərin yayılması maddi dəstək və texniki yardımla birlikdə daha birbaşa və iradi prosesdir. Avtokratik rejimlər arasında təhlükəsizlik sahəsində əməkdaşlığı, hərbi və siyasi sahələrdə təcrübə mübadiləsini yaxından izləyən Kevin Koehler və Ruth Santini də diffuziyanın iradi olması qənaətindədirlər. Leenders və Schlumberger beynəlxalq alyansları da bura aid edirlər. ABŞ-ın Bəhreyn və Misirin hətta ən repressiv rejimlərinə belə dəstək vermək naminə onlara silah satmağa hazır olması, demokratik alyansların təsirləri barədə populyar nəzəriyyələri sual altına qoyur. Üstəlik avtokratik praktikaların müttəfiqlər arasında yayılması üçün alternativ kanallar yaradır.

Son 5 il ərzində regionun əksər dövlətləri zəifləyib. Bu ölkələrdə daim güclü olan daxili repressiya yenidən güclənib. Bunun səbəbi isə xarici ölkələrdə baş verən hərbi və səyasi intervensiyanın doğurduğu təhlükə hissidir. Transmilli qüvvələr get-gedə daha da güclənəcək. Bunu artmaqda olan transmilli məzhəb kimliklərindən və şəbəkələrindən tutmuş, sərhədsiz sosial medianın ekspansiyasına qədər çox yerdə görə bilərik. Dövlətlərarası diffuziya və öyrənmə də Yaxın Şərqdə siyasətin get-gedə daha çox nəzərəçarpan xüsusiyyətlərindən olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG