Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 12:47

Mirzoyan MDB iclasına getməyəcək, Paşinyan da Avrasiya İqtisadi İttifaqının tədbirinə getməyə bilər


Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan (Arxiv fotosu)
Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan (Arxiv fotosu)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB ölkələrindən olan həmkarları ilə görüşdə iştirak etməyəcək.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə rəsmi məlumatı aprelin 10-da Ermənistan XİN yayıb. Məlumatda görüşdən imtinanın səbəbi göstərilmir.

MDB şurasının iclası aprelin 12-də Belarus paytaxtı Minskdə keçiriləcək.

Müstəqil Dövlətlər Birliyi 1991-ci ildə SSRİ-nin çökməsindən dərhal sonra keçmiş sovet respublikaları tərəfindən təsis edilib.

Rusiya təcavüzü ilə üzləşən Gürcüstan və Ukrayna Moskvanın başçılığı altında olan birliyi artıq tərk ediblər.

Birlikdə iştirakını de facto dayandırmış Moldova isə bildirib ki, qurumu ilin sonlarınadək tamamilə tərk etməyi planlaşdırır.

Rusiyadan aralanmaq kursu

Uzun müddətdən bəri Rusiyanın ən yaxın müttəfiqi olan Ermənistan da 44 günlük müharibədə Rusiyadan dəstək görmədiyini bəyan edərək son aylarda MDB-dən aralanmaq kursu götürüb.

Ermənistan hökuməti habelə Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrini fəaliyyətsizlikdə, Azərbaycanın bu bölgə üzərində nəzarətini bərpa etməsinə imkan verməkdə və erməni əhalinin Qarabağdan kütləvi axınının qarşısını almamaqda ittiham edir.

Mirzoyanın MDB nazirlərinin Minsk görüşünə getməmək qərarı baş nazir Nikol Paşinyanın aprelin 5-də Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenlə üçtərəfli görüşündən az sonraya təsadüf edir.

Üçtərəfli danışıqlarda Ermənistanın bir dövlət kimi dayanıqlığının artırılması və onun iqtisadiyyatının şaxələndirilməsi kimi məsələlər müzakirə olunub.

Rusiya Brüssel görüşünü sərt tənqid edib və bildirib ki, Qərb bu hərəkətləri ilə Moskvanı Cənubi Qafqaz regionundan uzaqlaşdırmağa çalışır.

Paşinyan Moskvaya gedib-getməməyi hələ ki götür-qoy edir

Rusiyanın TASS dövlət xəbər agentliyi Minsk görüşündə Mirzoyanın müavinin iştirak edəcəyini bildirsə də, bu xəbər rəsmi Yerevan tərəfindən hələlik təsdiq edilməyib.

Azatutyun xatırladır ki, Ermənistan MDB-nin ötən həftə keçirilən tədbirində də “iştirakının səviyyəsini” endirib.

Yerevan MDB baş qərargah rəislərinin Moskvada keçirilən iclasına sülhməramlı briqadasının komandanını göndərib.

Belə görünür ki, Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqının mayın 8-də Moskvada keçiriləcək iclasında baş nazir Nikol Paşinyanın da iştirakı hələlik sual altındadır.

Baş nazir bu məsələnin “hələ ki parlamentdə müzakirə olunduğunu” deyib.

Azatutyun xatırladır ki, bu il Aİİ özünün 10 illik yubileyini qeyd edir.

Ötən yanvar ayında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkın demişdi ki, Moksva Paşinyanın yubiley sammitinə qatılacağını gözləyir.

Səfir bunu da xatırladıb ki, Ermənistan bu il üçün Aİİ-nin prezidentliyi vəzifəsini qəbul edib.

Artıq bir müddətdir ki...

Artıq bir xeyli müddətdir ki, Paşinyan və başqa vəzifəli Ermənistan rəsmiləri Moskvanın rəhbərlik etdiyi qurumların tədbirlərinə qatılmırlar.

Azərbaycan və Ermənistan arasında II Qarabağ Müharibəsindən sonra Yerevanın Moskva və onun başçılıq etdiyi təşkilatlarla münasibətləri gərginləşib.

Yerevan Moskvanı həm dövlətlərarası müqavilə, həm də KTMT müstəvisində Ermənistanın qarşısındakı öhdəliklərini yerinə yetirməməkdə ittiham edir.

Bu gərginlik xüsusilə də 2022-ci ilin sentyabrından sonra artıb. Həmin vaxt Ermənistan Rusiyanı yenidən öhdəliklərinə əməl etməməkdə günahlandırırdı.

Baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistanın yüksək vəzifəli rəsmiləri KTMT və MDB-nin bir çox tədbirlərində iştirakdan boyun qaçırırlar.

Bunun əvəzində onlar Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə daha sıx münasibətlərə can atdıqlarını bəyan ediblər.

Bütün bunlara baxmayaraq Paşinyan 2023-cü ilin 25 dekabrında Aİİ-nin sammitində iştirak etmək üçün Sankt Peterburqa getmişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib.

Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı.

Amma indi bununla bağlı Yeravandan ziddiyyətli bəyanatlar eşidilir.

Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG