Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:41

Mirşahin: 'Bizi nə Fətulla, nə Mətulla maraqlandırmır' (Video)


Mirşahin Ağayev: ‘Düşünürəm ki, heç nə bitməyib’

Sentyabrın 21-də Ali Məhkəmə «ANS Müstəqil Yayım və Media» Şirkətinin ANS telekanalının lisenziyasının ləğvi barədə Bakı Apelyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətini təmin etməyib.

Məhkəmədən sonra şirkətin baş direktoru Mirşahin Ağayev jurnalistlərin suallarını cavablandırıb:

'Hakim Teleradio Şurasının nümayəndəsinə təsadüfən demədi ki, "səsinizi bir az qaldırın, sizi eşidək"'

Ali Məhkəmənin çıxardığı qərar gözlənilməz idi, yoxsa yox – bu, artıq keçmişdi. Təbii ki, biz ədalətli qərar gözləyirdik və məhkəmənin gedişində də istər vəkilimizin, istər özümüzün çıxışlarımızda zaldakılar həqiqətdən bir daha xəbərdar oldular.

Qarşı tərəfin arqumentləri gətirdiyimiz dəlillərlə müqayisədə qat-qat zəif idi. Hakim Teleradio Şurasının nümayəndəsinə təsadüfən demədi ki, "səsinizi bir az qaldırın, sizi eşidək". Həqiqət həmişə yalanla müqayisədə daha bərk səslənir. Biz ANS-i Azərbaycan xalqına qaytarmaqdan ötrü Azərbaycan qanunvericiliyinin imkan verdiyi bütün üsullardan istifadə edəcəyik. "Ümid sonda ölür" deyirlər. Düşünürəm ki, heç nə bitməyib, heç nə başa çatmayıb. Bu, adi bir fiziki, coğrafi vahid deyil. Tarixdə elə dəyərlər var ki, onlar həmişə mövcud olublar – "Sirlər xəzinəsi" kimi, Təbriz xalısı kimi, "Sənsiz" romansı kimi, ANS-in loqotipi kimi... Nə qədər ki, bu var, insanların yadında ANS qalacaq və heç vaxt yaddan çıxmayacaq. ANS-in yaddaşlardan yenidən bizim həyatımıza, gündəliyimizə, məişətimizə daxil olması üçün bayaq dediyim qaydada çalışacağıq.

Buna da bax:​ Bu gün ANS-in taleyi həll olunur

"Biz ANS-i Azərbaycan xalqına qaytarmaqdan ötrü Azərbaycan qanunvericiliyinin imkan verdiyi bütün üsullardan istifadə edəcəyik".

ANS-in əməkdaşları təkcə ANS-də işləyənlərdən ibarət deyil. ANS-in əməkdaşları həm də ANS-in hər bir tamaşaçısıdı. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan xalqı öz kanalına qovuşmalıdı. Azərbaycanın müstəqilliyi ilə yaşıd olan bir qurum bu gün Azərbaycan dövlətinin yanında qalmağa daha çox layiqdir, nəinki ondan qat-qat kiçik olan, hətta dövlət qurumları belə.

Ümumiyyətlə, “hakimiyyət” sözünün kökü "hakim"di. Ona görə də “hakimiyyət” sözünün kökünə varmaq lazımdır. Hakim olduğundan dəstəklənərək bu qərarı verən insanları öz vicdanlarının, cəmiyyətimizin, tariximizin mühakiməsinə buraxıram. Ən böyük məhkəmə vicdan məhkəməsidir, tarix məhkəməsidir, doğmaların sualları qarşısında veriləcək cavabların intonasiyasının yaratdığı ovqatın məhkəməsidir. Ona görə də ümidimizi Allahdan, dövlətimizdən kəsmirik. Ən vacib budur ki, haqq qalib gəlir, biz də haqq olduğumuza inanırıq.

"Ümumiyyətlə, “hakimiyyət” sözünün kökü "hakim"di. Ona görə də “hakimiyyət” sözünün kökünə varmaq lazımdır".

– Növbəti addımınız nə olacaq?

– Bir daha təkrar edirəm, Azərbaycan qanunvericiliyinin yol verdiyi bütün üsullardan istifadə edəcəyik.

Buna da bax:​ 'İlham Əliyev ANS-i heç vaxt güdaza verməz'- [video]

– Siz Azərbaycan hökumətinə müraciət etdiniz, amma bir çox ekspertlər yazır ki, ANS-in bağlanması Türkiyə hökuməti ilə bağlıdır. Türkiyə hökumətinə sözünüz nədir?

– Türkiyədə bu yaxınlarda Erdoğan hökumətinə yaxın mətbu orqanda çap olunmuş bir cümləni misal çəkmək istəyirəm. O cümlə də belədir: "Türkiyədə aparılan araşdırmalar nəticəsində məlum olub ki, ANS-in FETÖ ilə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur". Bu, Türkiyədə gedən araşdırmanın başlanğıcıdır. Araşdırmalar davam edəcək. Elə ona görə də məhkəmədə vəsatət qaldırıb prosesin təxirə salınmasını istədik. Çünki Türkiyədə gedən araşdırmalar elə hallar üzə çıxara bilər ki, Azərbaycanda gedən bu məhkəmə prosesi çətin vəziyyətə düşə bilər.

'Türkiyədə bu yaxınlarda Erdoğan hökumətinə yaxın mətbu orqanda çap olunmuş bir cümləni misal çəkmək istəyirəm. O cümlə də belədir: "Türkiyədə aparılan araşdırmalar nəticəsində məlum olub ki, ANS-in FETÖ ilə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur"'

Bu baxımdan, Türkiyədə gedən araşdırmaların ANS ətrafında yaranmış bu vəziyyətin anlaşılmasına kömək edəcəyinə inanıram. Çünki bizim tarix qarşısında ikinci borcumuz üzərimizdən bu qondarma yarlığı götürməkdir. Nə Fətulla, nə Mətulla, bizi maraqlandırmır. Biz Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycan qanunlarına xidmət etmişik. 25 il həyatımız bununla keçib və üzü buna da gedir. Cəfəng iddialarla bizi hansısa mollaların, hansısa təriqətlərin, sekta xarakterli qurumların yedəyinə, quyruğuna bağlamaq yaraşmaz.

Buna da bax:​ ANS-lə MTRŞ arasında serial davası davam edir

– Avropa Məhkəməsinə müraciət edəcəksinizmi?

– Mən artıq 3-cü dəfədir eyni şeyi təkrarlamağa məcburam. Avropa məhkəməsinə müraciət Azərbaycan qanunvericiliyinə zidd deyilsə, belə bir müraciətdə bulunacağıq. Bu gün bizim üçün əsas məsələ ANS-in haqlı, ədalətli olmasını sübut etməkdir. Biz Azərbaycan xalqının, Azərbaycan dövlətinin adına layiq olmuşuq. ANS Azərbaycan xalqının, Azərbaycan dövlətinin, tarixin şanlı səhifəsidir. Bunu Çingiz Aytmatovdan tutmuş, Vaqif Səmədoğluna qədər hamı deyib. ANS-in bu gün polislər tərəfindən möhürlənmiş dəhlizlərində də şəkillərin altında bu ifadələr yazılıb. Şanlı səhifəyə terror və bu kimi qara-qura əskilər, parçalar yapışdırmaq olmaz. Biz Azərbaycan dövlətinin ləyaqətli tərkib hissəsiyik. İlk növbədə Azərbaycan dövləti onun marağında olmalıdı ki, öz ləyaqətli parçasını haqsız hədələrdən, iftiralardan qorusun.

"Avropa məhkəməsinə müraciət Azərbaycan qanunvericiliyinə zidd deyilsə, belə bir müraciətdə bulunacağıq".

İyulun 29-da Bakı Apelyasiya Məhkəməsi «ANS Müstəqil Yayım və Media» Şirkətinə 2013-cü il oktyabrın 25-də verilmiş lisenziyanı ləğv edib. Məhkəməyə MTRŞ müraciət etmişdi və müraciətini iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materialların yayımlanmasıyla əsaslandırmışdı. Bildirilib ki, telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub. Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olmuşdu. Məktubda qeyd olunurdu ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də ANS-in yayımının dayandırılması istənilirdi.

Buna da bax:​ ANS-in əməkdaşları Facebook-da kampaniya başlayıblar

ANS rəhbərliyi ittihamları qəbul etmir. Hərçənd ANS-in baş direktoru Fethullah Gülen-in mətbuat konfransında əməkdaşlarının iştirakını «səhv» adlandırıb, Türkiyə və Azərbaycan xalqlarından üzr istədiyini bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG