Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:16

►Dilsuz Hacıyev: "Bu qədər allahsızlıq olar?!"

Mingəçevir Şəhər Polis İdarəsində müəmmalı şəraitdə dünyasını dəyişmiş Bəhruz Hacıyevin ailəsi istintaqdan narazıdır.

Atası Dilsuz Hacıyev AzadlıqRadiosuna bildirib ki, oğlunun ölüm səbəbilə bağlı ekspertizanın rəyi də onları qane etməyib:

"Baxmayaraq ki, zərərçəkmiş kimi tanıyıblar, amma heç bir məlumat vermirlər. O ekspert rəyində yazılanlar açıq-aşkar yalandır. Guya, Bəhruzun üzərində işgəncə izi aşkarlanmayıb. Bu qədər allahsızlıq olar?! Heç yerə də şikayət edə bilmirəm. Özümün bu işlərdən anlayışım yoxdur, imkansızlıqdan vəkil də tuta bilmirəm. Qalmışam ki, neyləyim..."

Bəhruz Hacıyev

Bəhruz Hacıyev

Dilsuz Hacıyev deyir ki, bundan əvvəl vəkili olub, amma həmin şəxsi Vəkillər Kollegiyasından çıxarıblar, ona görə də zərərçəkmişin nümayəndəsi qismində iştirak edə bilmir.

27 yaşlı Bəhruz Hacıyev avqustun 20-də Mingəçevir şəhər Polis İdarəsində müəmmalı şəkildə dünyasını dəyişib. Onun özünü idarənin pəncərəsindən ataraq intihar etdiyi bildirilib və özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi başlanıb. Bəhruz Hacıyevin yaxınları isə onun intihar etməsi barədə deyilənlərlə razılaşmır və işgəncə ilə öldürüldüyünü deyir.

Buna da bax: İlham Əliyevə müraciət edəndən bəri səsi gəlmir

"İSTİNTAQ ORQANINA MÜRACİƏT ETSİN"

Müzəffər Baxış

Müzəffər Baxış

"Hüquqi Dövlət" Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxış söyləyir ki, zərərçəkmişin nümayəndəsi qismində ya yaxın qohumu, ya da Vəkillər Kollegiyasının üzvü olan hüquqşünaslar iştirak edə bilərlər. Eyni zamanda, qanunvericilik zərərçəkmişin hüquqi yardım almasına, “vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərin" də hər hansı məhdudiyyət qoyulmadan dövlət hesabına vəkillə təmin olunma imkanı yaradır.

“Zərərçəkmiş yaranmış durumla əlaqədar işin istintaqını aparan orqana müraciət edə bilər. Bu halda, istintaq orqanı da öz növbəsində zərərçəkmişin dövlət hesabına vəkillə təmin olunması üçün Vəkillər Kollegiyasına müraciət etməlidir", - deyə Müzəffər Baxış bildirib.

Avqustun 22-də Bəhruz Hacıyevin dəfnindən sonra Mingəçevirdə onun ölümünə etiraz olaraq mitinq keçirilib. Həmin mitinqdə iştiraka görə 22 nəfər saxlanılıb, onlardan 16-ı 10-12 sutkalıq həbs cəzası alıb. Qalanları isə hələ də həbsdədir və onların işi üzrə də istintaq davam edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG