Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:56

Milli Şura ölkədə repressiya getdiyini deyir


Arxiv fotosu: Milli Şuranın sədri professor Cəmil Həsənli (öndə) və AXCP sədri Əli Kərimli

Arxiv fotosu: Milli Şuranın sədri professor Cəmil Həsənli (öndə) və AXCP sədri Əli Kərimli

“İctimai-siyasi fəalları saxta ittihamlarla həbs etmək, müxalifət təşkilatının liderini qohumunu həbsdə və təhlükə altında saxlamaqla mənəvi terrora məruz qoymaq nə ölkəni düşdüyü böhrandan, nə də hakimiyyəti üzləşəcəyi süqutdan xilas edə bilər ”.

Milli Şuranın yaydığı avqustun 15-də yaydığı bəyanatda belə deyilir.

Milli Şura xatırladır ki, son bir neçə gündə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Məsud Rzalı 30 sutka cəza alıb. AXCP sədri Əli Kərimlinin qohumu Elnur Seyidov həbsxanada ölümlə təhdid olunub. Ardınca REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli həbs edilib.

Milli Şura bu olayların hər birini qətiyyətlə pisləyir və baş verənləri repressiya adlandırır. Hakimiyyətdən repressiyaları durdurmağı tələb edir.

“Hakimiyyət anlamalıdır ki, cəmiyyətə münasibətdə nə qədər sərtlik göstərirsə, özünün iflas şəraitini bir o qədər ağırlaşdırmış olur. Milli Şura Elnur Seyidova qarşı siyasi qisasçılığı dayandırmağa, onu, Məsud Rzalını, Natiq Cəfərlini dərhal azad etməyə çağırır”, deyə bəyanatda bildirilir.

Avqustun 12-də AXCP üzvü Məsud Rzalı inzibati qaydada həbs edilib. O, polisə müqavimətdə ittiham edilir. Bunun ardınca AXCP sədri Əli Kərimlinin həbsdəki qohumu Elnur Seyidovun ölümlə təhdid olunması barədə xəbərlər yayılıb.

Elə həmin gün, avqustun 12-də də REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli qanunsuz sahibkarlıq ittihamı ilə həbs edilib.

Azərbaycan rəsmiləri adətən ölkədə repressiyalar barədə ittihamları rədd edir, "konkret cinayət törədənlərin ictimai-siyasi mövqeyinə məhəl qoyulmadığını, onların yalnız bu cinayət əməllərinə görə cəzalandırıldığını" bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG