Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:14

Heydər Əliyev: 'Nə qədər ki varam, nə metro, nə də çörək bahalaşacaq'


Heydər Əliyev

Heydər Əliyev

Elektrik enerjisi və təbii qaz tariflərinin kəskin qaldırılması istehlak bazarında da bahalaşma gözləntisi doğurub. İqtisadçılar bahalaşma dalğasının bu dəfə dükan-bazarı «vuracağını» ön görürlər.

Uzun illər hökumət vəzifəsi tutmuş iqtisadçı Oqtay Haqverdiyev belə taleyüklü qərarların bağlı qapılar arxasında - mütəxəssis rəyi soruşulmadan və doğuracağı sosial-iqtisadi nəticələr təhlil edilmədən verilməsini düzgün saymır. Onun fikrincə, istər dövlət, istərsə özəl bölmədə çalışan müəssisələr ağır duruma düşəcək.

Buna da bax:​ Qiymət artımının anonsunu prezident vermişdi

“Bir tərəfdən dəstək verir, o biri tərəfdən...”

«İqtisadi böhranı aşmaq üçün bir tərəfdən hökumət sahibkarlığın inkişafından, ona dəstək verilməsindən danışır, o biri tərəfdən də belə anlaşılmaz qərarlar verir. Yüksək tariflər ölkədə biznesi davam etdirmək, eləcə də yeni biznesi qurmaq imkanlarını xeyli çətinləşdirir. Elektrik enerjisinin və qazın qiymətinin artımı sənaye mallarının qiymətinin də qalxmasını labüd edir».

O, tariflərin istehlakçı qrupu və istifadə həcmləri üzrə müəyyənləşdirilməsinin doğru və ədalətli yanaşma olduğunu düşünür və bəzi ölkələrdə mövsümdən, günün saatlarından asılı olaraq, tariflərin qoyulması təcrübəsini xatırladır: «Çox ölkədə olmuşam, bilirəm ki, bu, həm iqtisadiyyata, həm də əhaliyə sərfəli mexanizmdir. Üstün cəhətlərdən biri də odur ki, resursların qənaətli istifadəsinə yol açır».

Buna da bax:​ Qaz və elektrik tarifləri qaldırıldı

“Nə də qalxsa, çörəyə dəyməzlər”

Oqtay Haqverdiyev inanır ki, kommunal sektorda xidmət tariflərini cəmiyyətlə məsləhətləşmədən artıran hökumət iki şeyin – metroda gediş haqqının və çörəyin qiymətinin qalxmasına getməyəcək:

Oqtay Haqverdiyev

Oqtay Haqverdiyev

«Yadımdadır, mərhum prezident Heydər Əliyev bir müşavirədə belə demişdi: «Nə qədər ki varam, nə metro, nə də çörək bahalaşacaq. Düzdür, o vaxtdan bəri bunların haqqı bir qədər bazara uyğunlaşıb. Amma İlham Əliyev atasının yolunu gedir və inanmıram ki, bunların qiymətini artırmağa razı olsun».

Buna da bax:​ Ərzaq bahalaşır, maaş və pensiyalar artmır

“Domino daşı aşıb”

Bununla belə iqtisadçı ekspert deyir ki, istehlak bazarında qiymətlərin artımı zaman məsələsidir və qaçılmazdır. Çünki bahalaşmanı şərtləndirən iqtisadiyyatın fərqli sahələrinin bir-birindən asılı olmasıdır. Bir tərəfdə «domino daşı» aşdısa, istər-istəməz, zəncirvari proses gedir. Xərclərin artması məhsulun maya dəyərinə birbaşa təsir göstərir. Müəssisələrin satış qiymətini artırmaqdan başqa çarəsi qalmır.

Oqtay Haqverdiyevin fikrincə, Azərbaycan kimi inhisarçılığın dərin kök saldığı ölkələrdə qiymətlərin ani artırılması adı haldır. «Yuxarıdan» biri deyir ki, sabahdan belə olmalıdır və belə də olur. İqtisadçı bu fikirlərini dilə gətirərkən, illərin təcrübəsinə söykəndiyini vurğulayır.

Buna da bax:​ Qiymət artımının səbəbi bilindi - Şərhlər

“Maaş və pensiya artımı adekvat olmayacaq”

Hökumət gələn il əməkhaqqı və pensiyaların builki inflyasiyaya uyğun indeksasiya olunacağını bildirib. Oqtay Haqverdiyev deyir ki, 10-12 faizlik artım elə bir şey deyil və əhalinin artan xərclərini qarşılamayacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG