Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:54

Məscidi yandırmaqda suçlanan məhkəmədə qolunu doğradı


Qaraçuxur məscidi
Qaraçuxur məscidi

►"Oğlum heç toyuq başı kəsmir, qalmışdı məscid yandırmaq olsun..."

"Dedilər Bəylər Əyyubov tapşırıb..."

Elnur Ələkbərov Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki "Cümə" məscidini yandırmaqda ittiham olunan iki nəfərdən biridir. Martın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Rauf Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən, digər təqsirləndirilən Namiq Nəsibov isə məcburi psixi müalicəyə göndərilib.

Məhkəmə prosesi boyu günahsız olduğunu deyən Elnur Ələkbərov hökmün elanı başa çatan kimi özünə xəsarət yetirib. O, hökmə etiraz olaraq, üzərindəki ülgüclə sol qolunu kəsib.

Məhkəmədə fəryad edən Sevda Ələkbərova oğlunun heç bir cinayət törətmədiyi halda, ağır cəzaya məhkum edildiyini bildirib. O, xüsusən keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarını ittiham edib.

“25 GÜN AYAQYOLUNA DA GEDƏ BİLMƏYİB”

"Mənim oğlum heç toyuq başı kəsmir, qalmışdı məscid yandırmaq olsun... Oğluma orada elə işgəncələr veriblər ki, 25 gün ayağa qalxa, hətta ayaqyoluna da gedə bilməyib. Hətta onu dindirməyə də sürünə-sürünə aparıblar. Elnuru elə görəndə müstəntiq Vüqar Əliyevə dedim ki, “bu nədir, uşağımı bu günə niyə qoymusuz?” Dedi ki, yıxılıb, ayağı burxulub. Bu adamı aparıb-gətirəndə ikisi qarşısında gedir, ikisi də arxasında, necə oldu yıxıldı? Elə özlərinə də dedim ki, ağacdan alma dərəndə yıxılıb?", - deyə Sevda Ələkbərova bildirib.

Ananın dediyinə görə, bu iş üzrə istintaq dövründə müvafiq orqanlara şikayət etməsinə imkan verilməyib:

"Müstəntiq barmağını ağzına tutub dedi ki, “sakit olun, bu iş danışılıb, Bəylər müəllim (Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov nəzərdə tutulur-red.) zəng eləyib, tapşırıb, bayrama qədər oğlun evində olacaq”. Gördüm ki, buraxmadılar, şikayət yazanda Elnura MTN-dən zəng elətdirdilər. O da dedi ki, "ana, narahat olma, Bəylər müəllim tapşırıb". Dedim ki, “ay bala, Bəylər müəllimin adını çəkmə”. Cavab verdi ki, "ay ana, bura MTN-dir, buradakıların xəbəri olmasa, mən onun adını çəkə bilərəm?! Beləcə, prezidentə səsimi çatdırmağa qoymadılar".

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Sevda Ələkbərova iddia edir ki, oğlu həbs olunarkən ondan 600 min pul istəyiblər:

"O da deyib ki, məndə 600 min hardandır? Ona deyiblər ki, "sizin arxanızda yaxşı adamlarınız var, lazım olsa, taparlar".

“QARNINI DOĞRADI”

Oğlunun Hepatit C-dən əziyyət çəkdiyini deyən Sevda Ələkbərova əlavə edib ki, Elnur üzləşdiyi haqsızlıqlara etiraz olaraq, təxminən ay yarım əvvəl istintaq təcridxanasında da intihara cəhd edib:

"Qarnını doğradı, çünki haqsızlığa artıq dözə bilmir. Götürüb o vəziyyətdə onu "karsa" salmışdılar. Oğlumun yeganə günahı Namiq Həsibovu tanımasıdır. Elnur hardan bilsin ki, o, məscidi yandırmağa gedib? Namiq Suriyaya gedib-gəlmiş, anlaqsız adamdır. Mən ölkəmin biabır olmasını istəmirəm, amma belə getsə, bütün bunları, verilən işgəncələri Türkiyə mətbuatına da çıxaracağam".

Elnur Ələkbərovun vəkili Namiq Hacıyev bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

"Cümə" məscidində yanğın 2014-cü il noyabrın 26-da baş verib. Namiq Nəsibov və Elnur Ələkbərova qarşı Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) və 228-ci (qanunsuz olaraq odlu silah-sursat saxlama) maddələrilə ittiham irəli sürülüb. Onlar yandırıcı maye ilə dolu şüşələri atmaqla məsciddə yanğın törətməkdə ittiham olunur. Cinayət işinin materiallarında onlar həm də PKK-çı kimi təqdim edilib. Qeyd olunub ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriyada PKK-nın nəzarətində olan ərazilərə gedərək, oradakı döyüşlərdə iştirak edib.

Buna da bax:

Butulkadan çörək çıxaran adam...
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG