Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:00

►“Ölkə əvvəlki valyuta axınını bərpa edə bilmir”

Dünya bazarında neftin qiyməti qalxsa da, Azərbaycanda dolların manata nisbətdə dəyəri bahalaşır. Hətta 1 dolların yaxın günlərdə 2 manata bərabərləşəcəyi ehtimalı da vurğulanır.

“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyin sədri Azər Mehtiyev AzadlıqRadiosuna yaranmış iqtisadi vəziyyəti şərh edir:

– Mərkəzi Bankın ehtiyatları dolların ucuzlaşmasına imkan vermir, çünki ölkəyə yetərli valyuta axını bərpa olunmayıb. Mərkəzi Bankın ehtiyatları 4 milyarddan düşüb və artması ehtimalı mövcud deyil. Ikinci tərəfdən də ölkədə dollara tələbat artır. Dövlət büdcə gəlirlərinin toplanmasında problemlər yaşanır. Ölkədə iqtisadi fəallığın zəifləməsi büdcə sektorunda gərginliyi artırır. Bu da, istər-istəməz, manata əlavə təzyiq yaradır.

– Mərkəzi Bankın valyuta ehtiyatlarının hansı həddə enməsi “qırmızı xətt” hesab olunur?

– Məncə, artıq “qırmızı xətt” həddindədir. Çünki 4 milyard elə də böyük vəsait deyil. Bu dəqiqə Mərkəzi Bankı vəziyyətdən çıxaran Neft Fondunun transferləridir. Həmin vəsaiti büdcəyə yönəltmək üçün manata çevirmək zərurəti yaranır və bu, Mərkəzi Bankı bir qədər vəziyyətdən çıxarır. Ancaq Mərkəzi Bankın öz ehtiyatları, fikrimizcə, artıq gərgin həddə çatıb.

– Sizcə, bu vəziyyət nə qədər davam edəcək?

– İndiki proseslər göstərir ki, manat dəyərsizləşməkdə davam edəcək. Bəlkə neftin dünya bazarında dəyəri 50 dollara çatıb uzun müddət bu səviyyədə qalarsa, vəziyyətdən çıxmaq mümkün olar.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Vəziyyət sərəncamlarla dəyişmir”

– Qeyri-neft sektorundan gözləntiniz nədir? Bu sektoru dirçəltməyi hədəfləyən müxtəlif sərəncamlar verildi.

– Təəssüf ki, iqtisadiyyatda vəziyyət, sadəcə, sərəncamlarla dəyişmir. Əgər verilən sərəncamlar doğru-düzgün işləsə, bəlkə gələn ya da o biri illər nəsə əldə etmək mümkün olsun. Bu il qeyri-neft sektorunun canlanması real görünmür.

– Bəs daha sürətli nəticəyə aparan yol nədir?

– Daha tez nəticə əldə eləmək yox, kompleks islahatlardan söhbət gedə bilər. Bundan ötrü gömrük sistemindən tutmuş, sahibkarlıq mühitinə kimi ciddi işlər aparılmalıdır. Hətta bu zaman da prosesin tez nəticə verməsi gözlənən deyil, ancaq, heç olmasa, proseslərin dərinləşməsinin qarşısını almaq olar. Təbii ki, hökumətin həm xərcləri artırmaq istəməsi, bir tərəfdən də buna imkanının olmaması bir çox addımların atılmasını əngəlləyir. Hökumət ölkədəki real iqtisadi vəziyyəti qəbul edib onu aradan qaldırmaq əvəzinə, ayrı-ayrı dövlət qurumlarında yeni iş yerləri açmaqla gözdən pərdə asmağa çalışır. Bu da vəziyyətdən çıxış yolu deyil.

– Azər bəy, bu ilin büdcəsinə yenidən baxıldı. Xərclər azaldıldımı?

– Büdcəyə yenidən baxmaq xüsusi bir xərcin azaldılmasına gətirib çıxarmadı. Əksinə, bəzi maddələr üzrə xərc artımı müşahidə elədik. Dollarla ifadə olunan investisiya xərcləri artırıldı. Büdcədə həyata keçirilən dəyişikliklər heç də hökumətin islahat istəyini əks etdirə bilmədi. Büdcədə hansı sahədə xərclərə qənaət edilməsi, hansı sahənin inkişafına üstünlük verilməsi ilə bağlı ciddi bir fikir formalaşmadı. Düzdür, sahibkarlığa ayrıca vəsait ayrıldı, ancaq məsələ yalnız vəsaitin ayrılmasında deyil, onun nə qədər şəffaf xərclənməsi və ümumiyyətlə, bu proseslərin nə qədər əsaslandırılmasındadır. Bu da ki, hələ hiss olunmur.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG