Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:19

Noyabrın 10-da Bakı Fond Birjasında (BFB-də) Azərbaycan Mərkəzi Bankının (AMB-nin) 75 milyon manatlıq notlarının (qiymətli kağız) yerləşdirilməsi üzrə hərrac keçirilib. Notların nominal qiyməti 100 manat, tədavül müddəti 27 gün təşkil edib.

Amma satışa çıxarılan 75 milyon manatlıq notlara sifarişlər gözləniləndən qat-qat az olub. Belə ki, hərrac zamanı 3 investor 3 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği isə 26 milyon 718.5 min manat olub. Başqa sözlə, notlara sifariş ümumi həcmin cəmi 35.6%-nə bərabərləşib.

Qısamüddətli notlar dövriyyədəki pul kütləsinin tənzimlənməsindən ötrü pul siyasəti vasitəsidir. Yəni, banklar manatdakı vəsaitlərinə not alacaqlar və bundan gəlir də götürəcəklər. Bununla dövriyyədə olan manat azalacaq.

TƏLƏB ARTMIŞDI

AMB bu yolla dollara tələbi azaltmaq istəyir. Ekspertlər bunu uğurlu yol saymırlar. Onların fikrincə, bu, iqtisadi fəallığa zərbə vuracaq. Bu durumda sual yaranır: bankların manatı yoxdur, yoxsa manatları dollar almağa yönəlib?

Maliyyə bazarları eksperti Сəfər İbrahimli yada salır ki, son həftələrdə həm Maliyyə Nazirliyinin istiqrazlarına, həm də AMB-nin depozitlərinə və keçən həftəki not hərracına ciddi tələb artmışdı: «Hətta AMB not təklifini 75 milyona çıxarmışdı. Bu həftə isə qiymətli kağızlara tələb azalmağa başladı».

Ekspert əlavə edir ki, valyuta hərracları nəticəsində manatın dəyər itkisinin sürətlənməsi, psixoloji hədd olan rəsmi məzənnənin 1.6450-i keçməsi, bankların valyuta alışına yönəlmələrinə səbəb ola bilər.

«SƏRBƏST MANAT VALYUTAYA YÖNƏLDİLİR»

İqtisadçı-ekspert Natiq Cəfərli də hesab edir ki, manat valyuta alışına gedir: «Ciddi gözlənti var ki, manat 1.90 -a qədər bahalaşacaq, ona görə də sərbəst manat valyutaya yönəldilir».

Bank məsələləri eksperti Əkrəm Həsənovun da fikrincə, AMB ona görə not satır ki, bankların manat kütləsini yığsın və həmin vəsait valyuta bazarına axmasın: «Depozit hərraclarının da məqsədi budur. Amma, təbii, banklar valyuta alverindən daha çox qazanc əldə edə bilərsə, AMB-nin notları üzrə faizlər onlara maraqlı deyil».

Hazırda manatın günbəgün dəyərdən düşdüyünü deyən ekspert bildirir ki, bankların manat vəsaiti, əsasən, dollar alışına gedir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG