Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:46

Azərbaycan Mərkəzi Bankının (AMB-nin) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində azalma müşahidə olunur.

2016-cı il oktyabrın 30-a AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi 4 milyard 5.5 milyon ABŞ dolları təşkil edib. Bu, sentyabr ayı ilə müqayisədə 3.08 faiz və ya 127.2 milyon dollar azdır.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə AMB-nin valyuta ehtiyatlarının həcmində 41.4 faiz və ya 2 milyard 829.1 milyon dollar azalma baş verib.

İqtisadçı-ekspert Samir Əliyev yada salır ki, sonuncu dəfə 2008-ci il yanvarın 30-na valyuta ehtiyatı 3 milyard 928.5 milyon dollar olub: «Bankın valyuta ehtiyatının rekord səviyyəsi isə 2014-cü il iyulun 31-də qeydə alınıb. Həmin vaxt AMB 15 milyard 193.4 milyon dollarlıq ehtiyata malik idi. 2014-cü ilin payızından başlayaraq dünya bazarlarında neftin ucuzlaşması fonunda manatı qorumaq siyasəti AMB ehtiyatlarını 11.2 milyard dollar əridib».

MANATIN UCUZLAŞMASI DAVAM EDƏCƏK

Ekspert hesab edir ki, ehtiyatın həcmi qırmızı həddə yaxınlaşıb: «AMB isə bu həddi keçmək niyyətində deyil. Ona görə də, zəruri ehtiyac olmadan valyuta hərracında iştirak etməyə maraq göstərməyəcək. Manatın son hərraclarda ucuzlaşması tələbin yenə təklifi üstələməsini göstərir. İl sona yetir, Neft Fondu öz öhdəliklərini əsasən yerinə yetirib. Fond yola saldığımız 10 ay ərzində bazarda təxminən 6.5-7 milyard manat ekvivalentində dollar satıb. Fondun büdcə öhdəliyi 7.6 milyard manatdır. Digər xərcləri də nəzərə alsaq, Fond ilin sonuna ən yaxşı halda 1-1.5 milyard manat ekvivalentində dollar sata biləcək. Bu isə aylıq 400-450 milyon dollar edir».

S.Əliyevin fikrincə, AMB ehtiyatlarını qorumağa çalışacaq və kritik hal yaranarsa, bazara uzağı 100-200 milyon dollar çıxaracaq: «Bununla da hərracda tələb yenə də üstünlüyünü qoruyub saxlayacaq. Deməli, ilin sonuna kimi manatın ucuzlaşması prosesi davam edəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG