Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:42

AzadlıqRadiosu-nun müxbiri azalan neft pulları fonunda vaxtilə təmtəraqla elan edilən bir neçə meqalayihənin aqibətiylə maraqlanıb. Söhbət Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Ağ şəhər” layihələrindən, neftayırma zavodlarının köçürülməsindən gedir.

Hökumət neft gəlirlərinin büdcəyə gəlhagəl vaxtında bir neçə meqalayihənin – çox böyük işlərin icrasına başladığını bəyan etmişdi. Bu meqalayihələrin bəzisi sərmayə layihəsi olsa da, bəzi hissələrə hökumətin də öz töhfəsi vardı.

Artan neft gəlirləri fonunda “zəngin ölkə” imici yerli iş adamlarını da həvəsləndirmiş və onlar da dəyəri milyard dollarla ölçülən layihələrə imza atmağa can atmışdılar. “Xəzər adaları” layihəsi də bu qəbildəndir.

Bəs indi o layihələrin aqibəti nə yerdədir? Bitməyibsə, davam edəcəkmi? AzadlıqRadiosu bu suallara cacab axtardı.

870 milyon manatlıq layihə nə zaman bitəcək?

Altı il öncə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təməlatma mərasimində ölkə prezidenti İlham Əliyev bildirmişdi ki, bu layihə 3 minədək adamı işlə təmin edəcək, paytaxtın ucqarlarını canlandıracaq.

Buna da bax:​ Xəzər Adalarının tikintisindən fotolar

Hələ o vaxt tikintinin toplam xərci 870 milyon manta dəyərində qiymətləndirilirdi. Birinci mərhələdə 540 milyon, ikinci mərhələdə 150 milyon, üçüncü mərhələdə isə 180 milyon manatlıq iş görüləcəkdi.

Bütün infrastruktur 400 ha sahəni əhatə edəcəkdi.

İlk mərhələ 2014-cü ildə bərə limanının açılışıyla başa çatdı. Növbəti mərhələlərin nə zaman yekunlaşacağı barədə isə məlumat yoxdur.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bu suallara yaxın zamanlarda cavab veriləcəyini bildirdilər.

Maliyyə Nazirliyinin mətbuat xidmətindənsə AzadlıqRadiosu-na layihənin icra qrafikinə uyğun maliyyələşdirildiyi deyildi. Ancaq nazirlik bu il və gələn il tikintiyə nə qədər xərclənəcəyini söyləmədi.

Diqqətçəkən layihələrdən biri də “Ağ şəhər” layihəsidir. “Bu layihə sərmayə üstündədir”, - Bakı “Ağ şəhər” layihəsinin ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Alya Qasımova belə deyir.

Buna da bax: Prezident «Bakı Ağ şəhər» meqalayihəsinə start verdi

50 min sakinin yaşayacağı “Ağ şəhər”in hazırolma vaxtı bilinmir

Layihə 221 hektar ərazini əhatə edir. Burada 50 min sakinin yaşaması nəzərdə tutulur. Ərazinin 39 hektarını yaşıllıq və ayrıca park tutacaq. Hər halda belə vəd olunur. Burada 18 min yaşayış və kommersiya obyekti, 40 min avtodayanacaq olmalı, 48 min iş yeri açılmalıdır.

«“Ağ şəhər” layihəsində nəzərdə tutulan bəzi işlər artıq başa çatıb - bulvar açılıb, “Bulvar otel” və “Bakı Ağ Şəhər ofisi” iki ildir istifadəyə verilib», Alya Qasımova belə deyir.

O, sərmayə yatırıldıqca layihənin gerçəkləşdirildiyini söyləyir: “Tikintinin böyük hissəsi yaşayış binalardır. “Yaşıl ada”nın il sonunadək təhvil verilməsi gözlənir. Babək, Park rayonları tikilir”.

“Neft gəlirlərinin azalması layihənin gedişinə təsir göstərməyib” deyən A. Qasımova infrastrukturun qurulmasında da dövlət vəsaitlərində hər hansı ləngimənin olmadığını bildirir: “Bu layihənin keçdiyi ərazilərdə yerüstü yol infrastrukturu Bakı şəhər icra hakimiyyəti xətti ilə maliyyələşdirilir. Digər dövlət qurumları da öhdələrinə düşən vəzifələri icra edirlər”.

Buna da bax:​ Ağ Şəhər bulvarında gördüklərimiz və görmədiklərimiz

Metro tikintisinə başlanıb

Artıq metro stansiyalarının da çəkilişinə başlanıb. “Bakı Metropoliteni” mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyir ki, gələcəkdə dairəvi olması nəzərdə tutulan “Yaşıl xətt”in davamı kimi, “Xətai” və tikilməkdə olan “Həzi Aslanov-2” stansiyaları arasında Nobel prospekti boyunca 3 stansiyanın da inşası nəzərdə tutulub: “Hazırda neft emalı zavodunun tam qarşısında - şərti adı “Y15” olan stansiya ərazisində tunel qazıntısı üçün start kamerası tikilir”.

Nəsimi Paşayevin sözlərinə görə, şərti olaraq, “Y14”, “Y15” və “Y16” adlandırılan stansiyalardan biri “Ağ şəhər” ərazisinə düşür. Ancaq o, tikintinin nə vaxt başa çatacağı bilmədiyini deyir.

“Xəzər adaları” investor gözləyir

Mətbuatda dəyəri milyard dollarla ölçülən “Xəzər adaları” layihəsinin fiaskoya uğradığı deyilsə də, layihənin ideya müəllifi “Avesta” Konserninin prezidenti Hacı İbrahim Nehrəmli “Yeni Müsavat”a müsahibəsində bunu inkar edib və deyib ki, oktyabr ayında investorların hamısı gələcək: “6 investor gələcək, görüşəcəyik, noyabr ayında işə başlayacağıq”.

Buna da bax:​ Növbəti metro stansiyası 2018-ci ildə açılacaq

İbrahim Nehrəmli deyir ki, “Xəzər adaları”nın 1 milyard manatdan çox dəyəri var.

“Hökumət fikrini dəyişib”

İqtisadçı Natiq Cəfərli isə nə dövlətə məxsus, nə də özəl meqalayihələrin reallaşacağına inanır. Onun fikrincə, olkəyə xarici investorların gəlməsi üçün ilkin şərtlər - azad məhkəmə və mülkiyyət hüququnun qorunması şəraiti yoxdur. Ekspert belə durumda özəl sərmayəyə dayanan layihələrin yarımçıq qalmaq riskinin çoxaldığını düşünür: “Üstəlik, bu özəl sərmayənin maliyyə mənbəyi də dolayısı ilə yerli neft gəlirlərinə söykənən oliqarxlardan gəlir. Neft gəlirləri azaldığından, oliqarx şirkətlərinin “cibi” də daralır”.

Natiq Cəfərli dövlətin maliyyələşdirdiyi iri layihələrin də aqibətini acınacaqlı sayır. Onun fikrincə, bu layihələrin maliyyələşdirilməsi büdcəyə baha başa gələ bilər: “Ona görə də müşahidə etdiyimiz tendensiya budur ki, hökumət bir neçə min nəfərin işləməsinə imkan verən layihələri maliyyələşdirməkdənsə, daha az vəsaitlə regionlarda daha çox layihə həyata keçirməyə çalışacaq”.

“Proritet aqrar sahədir”

Gələn ilin büdcəsini hələ görmədiyini deyən millət vəkili Tahir Rzayev dövlətin imkan dairəsində meqalayihələri maliyyələşdirəcəyinə inanır: “Düzdür, neft gəlirlərinin azalması ucbatından bəzi layihələr ləngiyib, amma bu işlər də görülməlidir. Ola bilsin, əvvəlki sürətlə iş getməsin, amma davam edəcək”.

Tahir Rzayev deyir ki, artıq əsas diqqət kənd təsərrüfatının inkişafına veriləcək: “Artıq tikinti, abadlıq işlərinə qoyulan sərmayəni artıq kənd təsərrüfatına qoyulan sərmayə əvəzləyəcək. Məsələn, pambıqçılığın inkişafına lazım olan texnika alınıb, buna külli miqdarda pul xərclənib. Digər texnoloji avadanlıq alınır, taxıl terminalları üçün regionlarda lazım olan işlər həyata keçirilir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG