Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:05

-

«Bakı Ağır Cinayətlər Məhkəməsinə zərərçəkmiş kimi ifadə verməyə gedəndə, qonşu zallarda da bir neçə tikinti şirkətinin sahibinin məhkəməsi gedirdi. Mənə maraqlı gəldi, bir neçə belə məhkəmənin sonu ilə maraqlananda məlum oldu ki, tutaq ki, tutulan 10 nəfərdən ikisi-üçü həbsdə qalır, qalanları yaxasını şərti cəzayla qurtarır. Söhbət soyuyandan sonra o içəridəkilər də yuxarı məhkəmələrə gedir, oradan da cəzaları yüngülləşdirilir. Onda başa düşdüm ki, ev almaq ümidilə tora düşən mənimkimilərin milyonlarla pulunu yeyən bir qrup dələduzu elə hökumətdəkilər özləri himayə edir. Həbsxana isə onlara mənim kimi şirə dönmüş payçının əlindən qaçıb başını saxlamaq üçün ən rahat yerdir».

SƏRƏNCAM OLMADAN MÜQAVİLƏ İMZALANIB

Vaxtilə 250 min manat nağd pul ödəyib Həzi Aslanov metrostansiyası yaxınlığındakı yarımçıq tikililərdən birindən mənzil almış Şəhla Əsgərova əsəbi danışır. Əlləri titrəyir, qəhərdən boğulur… Zarafat deyil, 250 min manatı qəpiyinəcən yeni tikilidən mənzil almaq üçün xərcləyən xanım indi nəvəsi ilə şəhərdən kənarda, köçkünlərin yaşadığı qəzalı bir yataqxananın zirzəmisinə sığınıb. Ara-sıra deyir, «siz Allah, şəklimi heç yerə vurmayın, məni həmişə xanım-xatın görüblər…».

Şəhla Əsgərovanın xanım-xatınlığına qənim kəsilənsə evtikmə şirkətlərindən biri olub.

2006-ci ildən Həzi Aslanov ərazi dairəsində ev inşasına başlayan «Birlik» MMC-nin rəhbəri Elman Tağıyev 279 sakindən mənzil pulu alaraq onlar üçün yeni yaşayış binasını tikib istifadəyə verəcəyini vəd edib. Tikiləcək heç bir evin sərəncamı olmadan alıcılarla müqavilə bağlanıb, onlara ödəniş qəbzi verilib. Elman Tağıyev eyni vaxtda həm də «Xəmsə» MMC-nin rəhbəri olub. Eyni proses həmin şirkətin xətti ilə də aparılıb. Adamlar şirkət tərəfindən aldadıldıqlarını biləndə hüquq-mühafizə orqanlarına müraciət ediblər. Onlardan biri də həmin bu xanım olub.

Elman Tağıyevin adını AzadlıqRadiosunun «Qaynar xətt»inə indiyədək üz tutan payçıların çoxu çəkib. Məsələn, «Xəmsə» MMC, «Birlik-İnşaat» MMC və «Hayan-E» MMC tərəfindən aldadılmış payçılar hələ də pullarının geri qaytarılacağına ümid edirlər. Özü də pullarını Elman Tağıyevdən tələb edirlər. O isə həbsxanadadır. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 14 illik həbs cəzası kəsib.

«O, HƏBSDƏ DİNCƏLİR»

Şəhla Əsgərovaya görə, şirkət rəhbərinin həbsə göndərilməsi onun yarasına məlhəm deyil. Düşünür ki, dövlət şirkət rəhbərinin azadlığını əlindən almaqla vəzifəsini bitmiş hesab etməməlidir. Payçının itirdiklərini geri qaytarmasında yardımçı olmalıdır:

«O, həbsdə dincəlir… Bəli, mənim kimi yüzlərlə payçının əlində qalmaqdansa, bir müddət həbsxanada başını saxlamaq daha münasibdir. Bir azdan da bizdən yığdıqlarından verib heç xəbərimiz olmadan azadlığa çıxacaq. Yenə firavan həyatına davam edəcək. Bəs mən? Belə çıxır ki, 250 min manatdan əlimi üzüb zirzəmidə çürüməliyəm. Mən hələ bu pulu 2010-cu ildə ödəmişəm. Ondan sonrakı devalvasiyaları nəzərə alsaq, itirdiyim məbləğ bundan iki dəfə çoxdur».

Şəhla Əsgərova dəfələrlə ölkə başçısına yazıb. Prezident Administrasiyası qarşısına toplaşan payçıların sırasına qoşulub.

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu ilin fevralında «Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir» adlı təhlili məqaləsində evtikmə şirkətlərinə də toxunub. O qeyd edib ki, ötən il ərzində bu mövzuda kollektiv şikayətlər daha çox olub. Bəzi şirkətlərlə bağlı cinayət işləri başlanaraq onların rəhbərləri həbs edilsə də, bu sahədə nöqsanlar hələ tam aradan qaldırılmayıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG