Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:45

►Deyir, borca düşdüyü üçün bir mənzili bir neçə nəfərə satmağa məcbur olub

Bakı sakini Şəlalə Məmmədova məhkəmədə deyib ki, tikinti şirkətinin sahibi tərəfindən aldadılıb və ona dəymiş zərərin ödənilməsini tələb edir.

O, 2007-ci ildə “Dağlar” MTK-nın Nərimanov rayonu, Təbriz küçəsi, 855-ci məhəllə, ev 63-də inşa etdiyi binadan mənzil almaq üçün müraciət edib.

Şahin Əliyevlə müqavilə bağlayıb, 3 dəfəyə olmaqla, 100 min manat ödəyib. Amma maddi imkanı olmadığından mənzili tam təmir etdirə bilməyib. 2014-cü ildə mənzilinə baxmağa gələrkən onun Elnarə Abdullayeva adlı şəxsə satıldığını öyrənib.

6 NƏFƏRƏ SATILAN MƏNZİL VAR

Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi başlayan “Dağlar” MTK-nın sahibi Şahin Əliyevə çoxsaylı belə ittihamlar irəli sürülüb.

Məhkəməyə hakim Əfqan Hacıyev sədrlik edir.

Şahin Əliyev bilə-bilə sənədlərə yalan məlumatlar daxil etməkdə, vəzifə saxtakarlığında, dələduzluqda təqsirli bilinir. Ancaq o, müttəhimlər kürsüsündə tək əyləşməyib. Onunla bərabər payçıları aldatmaqda, eyni mənzilləri ayrı-ayrı vətəndaşlara təkrar-təkrar satmaqda suçlu bilinən Elçin Bağırov da qandallanaraq məhkəmə qarşısına çıxarılıb. O, ev dəllalı olub. “Dağlar” MTK-nın inşa etdiyi binalardan mənzil almaq istəyən vətəndaşlarla şirkət arasında vasitəçilik edib.

Bu iş üzrə ibtidai istintaqı Baş prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsi aparıb. Cinayət işinin başlanmasına səbəb vətəndaşlardan quruma daxil olan eyni məzmunlu şikayətlərdir. İttihama görə, elə mənzillər var ki, hətta 6 nəfərə satılıb.

__________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

“BORCLARI ÖDƏYƏ BİLMİRDİM”

MTK sahibi ifadəsində göstərib ki, 2005-ci ildən Yasamalda, Nərimanovda yüksək mərtəbəli binaların tikintisi ilə məşğul olub. Sonradan borcu yarandığına görə mənzilləri təkrar satmaq qərarına gəlib:

“Yasamaldakı binada mənzillərin satışı 2009, Nərimanov rayonu, Təbriz küçəsindəki binadakı mənzillərin satışı isə 2011-ci ildə bitmişdi. Ancaq borclarımı ödəyə bilmirdim deyə, məcbur oldum ki, mənzilləri təkrar-təkrar satım. Çox vaxt mənzilləri girov qoyub faizə pul götürürdüm. Faizləri ödəyə bilməyəndə satmalı olurdum”.

Elçin Bağırovun da ifadəsi diqqətçəkəndir. Məsələn, o, etiraf edib ki, Təbriz küçəsindəki binadan Vera Volkovaya satılmış mənzili Yaqub Həbibbəyli adlı şəxsə göstərərək 148 min dollara təkrar satıb. Pulu isə Şahin Əliyevlə bölüşdürüb.

İndi Vera Volkova ilə Yaqub Həbibbəyli məhkəmədə zərərçəkmiş qismində tanınırlar. Hər ikisi dəymiş zərərin ödənilməsini tələb edirlər.

“GET-GƏLƏ SALDILAR”

Zərərçəkmiş Sadiq Məmmədov da eyni üsulla aldadıldığını deyir:

“2014-cü ilin iyunun 31-də 114 min manat pulu nağd ödəyərək “Dağlar” MTK-nın Təbriz küçəsi, 63 ünvanda inşa etdiyi binadan üçotaqlı mənzil almışam. Mənə dedilər ki, mənzilin açarını 15 gündən sonra təhvil ala biləcəyəm. 15 gün tamam olanda açarları götürməkdən ötrü ofisə getdim, dedilər, “bir neçə gündən sonra gəl”. Beləcə, get-gələ saldılar, bir gün də üstü açıldı ki, ev 2009-cu ildə - yəni məndən də neçə il əvvəl satılıbmış. Mənə isə təkrar satılıb”.

Beləcə, bu işdə zərərçəkmişlərin sayı onlarla, dəymiş zərər milyonlarla ölçülür. Məhkəmənin dindirdiyi zərərçəkmişlər ifadələrinin sonunda məhkəmə heyətinə eyni sualı ismarlayırlar: zərər ödəniləcəkmi?

Məhkəmə davam edir.

Buna da bax...

Günün bütün mövzuları

XS
SM
MD
LG