Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:45

-

Lənkəran Ağır Cinayətlər Məhkəməsi bu həftə Astara rayon sakini Məmmədəli Axundzadəyə 5 il 6 ay həbs cəzası verib. O, Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri hazırlama, saxlama və satma) maddəsi ilə ittiham edilirdi

Məmmədəli Axundzadə İslam Partiyası Astara rayon təşkilatının hazırda həbsdə yatan sədri Ruhulla Axundzadənin oğludur. İndi ata və 26 yaşlı oğlu həbsdədir.

Məmmədəli Axundzadənin həyat yoldaşı İlahə Axundzadə ərinin dindar olduğuna görə həbs edildiyini deyir. İlahə Axundzadənin deməsinə görə, ərinə şər atıblar.

«UŞAĞI DA İTİRDİM»

«Ötən il dekabrın 22-də Bakıdan qayıdırdıq. Həyat yoldaşım gödəkcəsini çıxartmışdı. Cibində dəsmalı, bir də siqareti var idi. Dayanacaqda Astara-Bakı avtobusundan düşəndə, başına qara torba keçirdib maşına mindirdilər. Özlərini təqdim etmədilər. Qışqırdım. Onlara tərəf gedəndə məni itələyib yerə yıxdılar. Hamilə idim. Daha heç nə yadıma gəlmir. Uşağı da itirdim...».

İlahə Axundzadə danışanda, göz yaşlarını saxlaya bilmir:

«HƏMİN GÜN OĞLUMUN 2 YAŞI TAMAM OLURDU»

«Dəhşətli gün yaşadım. Elə bildim ki, bura vətənimiz Azərbaycan deyil. Elə bil qərib bir ölkəyə düşmüşdük. Həmin gün oğlumun 2 yaşı tamam olurdu. Sənliyimiz belə bitdi. Yalnız 4 gün sonra bildik ki, ərim Bakıda həbsxanadadır. Bizə xəbər göndərmişdi ki, ona CM 234.4.3 maddəsini veriblər. Biləndə ki, onu narkotikdə günahlandırırlar, mat qaldıq. Məhkəmədə bilindi ki, əlindəki gödəkcə mindiyi maşında düşüb. Orda onu götürüb, cibinə narkotik qoyublar. Qanını yoxlayıblar, narkotik çıxmayıb. Belə iş yoxdur axı».

İlahə Axundzadənin deməsinə görə, istintaq vaxtı ərini aldadaraq sənədlərə qol çəkdiriblər:

Məmmədəli Axundzadənin anası Tamara Axundzadə

Məmmədəli Axundzadənin anası Tamara Axundzadə

«İNDİ MƏMMƏDƏLİSİZ NECƏ YAŞAYARIQ?»

«Ona deyiblər ki, səni Nardaran hadisələrinə, Taleh Bağırzadəyə bağlayarıq. Onda daha çox iş alarsan. Halbuki, o, Nardaran hadisələri baş verəndə, İranda olub. İranda təhsil alır, hüquq sahəsi üzrə. O hara, Nardaran hara? Məhkəmədə şahidlər gətirdilər. Onları nə biz tanıdıq, nə də Məmmədəli. Bilmədik kimlər idi. Mən də şahid kimi bayırda gözləyirdim. Biri digərinə deyirdi ki, «cəsarətli ol. Mənə belə deyiblər, sən də mən deyəni de». Hakim heç birimizə imkan vermədi. Azərbaycanda dindar olmaq günahdırmı? İndi Məmmədəlisiz necə yaşayarıq?».

Məmmədəli Axundzadənin anası Tamara Axundzadə yarımtikili evi göstərib soruşur ki, küllü miqdarda narkotik satanın evi belə olarmı?

«ELƏ HAMIMIZI HƏBS ETSİNLƏR, CANLARI RAHAT OLSUN»

«Belə gündə yaşayırıq. Mənim 7 uşağım var. Özüm ikinci qrup əliləm. Hamımız əliliyə görə aldığım o 100 manata gözümüzü dikmişik. Əvvəllər uşaqları götürüb gedirdim İrana, bazarlığa. İndi qorxudan onu da tərgitmişəm. İndi gəlin də, azyaşlı uşağı da qaldı üstümdə. Başa düşə bilmirəm ki, bizimlə nə üçün belə rəftar edirlər? Ərim həbsdə idi. Ona güclə baş çəkirdik. İndi oğlum da getdi ora. Elə hamımızı həbs etsinlər, canları rahat olsun».

İlahə Axundzadənin dediklərinə Lənkəran Ağır Cinayətlər Məhkəməsindən mövqe öyrənmək mümkün olmayıb.

İslam Partiyası Astara rayon təşkilatın sədri Ruhulla Axundzadə 2011-ci ildə 11 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq onun evindən silah tapıldığını iddia edirdi.

XS
SM
MD
LG