Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:58

Məmməd İbrahimin buraxılmasından ötrü müraciət olundu


Məmməd İbrahim
Məmməd İbrahim

«AXCP sədrinin müşaviri Məmməd İbrahimin atasının yasına buraxılması ilə bağlı müraciəti bu gün (sentyabrın 5-i) Penitensiar Xidmətə təqdim etdim».

Bunu Vəkil Yalçın İmanov AzadlıqRadiosuna bildirib.

Vəkil deyib ki, müraciəti birbaşa rəhbərliyə təqdim etmək istəyi baş tutmayıb. Müraciətin ondan poçtla göndərilməsi istənilib.

Y.İmanov bu müraciətdən sonra M.İbrahimin atasının yasına buraxılması mümkünlüyünü belə dəyərləndirib: «Cəzaların İcrası Məcəlləsinin uyğun maddələri yaxını dünyasını dəyişən məhbusa bir həftə səfər müddəti tanıyır. Həm də belə müraciətlərin təxirə salınmadan icra edilməsi məsələsi var. Bundan əlavə, təcrübə var ki, bir neçə dustaq qanundakı bu müddəadan yararlanaraq yaxınlarının hüzrlərinə buraxılıblar. Odur ki, buna qarşı hər hansı alternativ görmürəm, bu qanunun tələbi deməkdir. Əksi olarsa, bu qanunun tələbinin pozulması demək olacaq».

+++

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin atasının yas mərasiminə buraxılmadığı bildirilir.

Azadliq.info saytının xəbərinə görə, Məmməd İbrahimin saxlanıldığı 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi və Penitensiar Xidmətə dəfələrlə müraciət edilməsinə baxmayaraq, ona atasının dəfnində iştirakına icazə verilməyib.

Sentyabrın 3-də Məmməd İbrahimin atası vəfat edib.

Penitensiar Xidmətdən müsbət cavab almadıqdan sonra onun atası Yevlax şəhərində torpağa tapşırılıb.

«DEYİLƏCƏK SÖZ YOXDUR»

Məmməd İbrahimin oğlu Turan İbrahim deyib ki, istədikləri vaxt qanunsuz adam saxlayıb, istədikləri saatda qanunsuz məhkəmə keçirənlər belə vəziyyətdə bazar gününü bəhanə edirlər. «Halbuki qanunda göstərilir ki, bu tip ərizələrə təxirə salınmadan baxılmalıdır. Deyiləcək söz yoxdur»,- deyə Turan İbrahim bildirib.

Vəkil Yalçın İmanov da Turan İbrahimin dediklərini təsdiqləyib. Bildirib ki, sentyabrın 5-i yenidən Penitensiar Xidmətə ərizə ilə müraciət edəcəklər.

Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında ötən il sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər- Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən Məmməd İbrahim onları da vurub.

Bundan sonra Məmməd İbrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib. Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Hüquq-müdafiə təşkilatlarının siyasi məhbus kimi tanıdığı Emin Milliyə, Tofiq Yaqubluya, Mirzə Sakitə və Rauf Mirqədirova yaxınlarının yas mərasiminə qatılmalarına icazə verilmişdi.

XS
SM
MD
LG