Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:38

“İnsana yaraşmayan şəraitdəyəm”- Əli Kərimlinin müşaviri


Məmməd İbrahim
Məmməd İbrahim

►""UZİ" aparatından keçirildim, məlum oldu ki, böyrəklərimdə də ciddi problem yaranıb"

"Mən beş aydır insana yaraşmayan şəraitdəyəm. 16 nəfərlik kamerada bəzən 26 nəfər saxlanılır. Onların da azı, 20 nəfəri siqaret çəkənlərdir. Havasız, pəncərəsiz kamerada belə bir vəziyyətdə siqaret çəkməyən adamın halını təsəvvür edirsinizmi?!"

Bunu AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim məhkəmədə çıxış edərkən deyib. O bildirib ki, səhhətində ciddi problemlər var və saxlanıldığı Şüvəlan təcridxanasının rəhbərliyi də bundan xəbərdardır:

"Təcridxanaya həkim dəvət olundu, problemləri o da təsdiqlədi. Gözümdə tutulma var. "UZİ" aparatından keçirildim, məlum oldu ki, böyrəklərimdə də ciddi problem yaranıb".

Fevralın 29-da Hərimanov Rayon Məhkəməsində keçirilən iclasda Məmməd İbrahimin həbsinə səbəb olan davanın şahidlərindən Anar İsmayılov dindirilib. O bildirib ki, Məmməd İbrahim hazırda iş üzrə zərərçəkmiş qismində tanınan Mikayıl Quliyevə yaxınlaşıb və sosial şəbəkələrdə onu niyə təhqir etdiyini soruşub. Şahidin sözlərinə görə, bundan sonra Mikayıl Quliyev ona hücum edib, ünvanına nalayiq ifadələr səsləndirib. Həmin vaxt hadisə yerində olan Vüqar Abbasov, Aqşin Haqverdiyev Mikayıl Quliyevin qarşısını kəsib.

"TORBA TİKMƏK TƏCRÜBƏSİ"

Sonradan işə zərərçəkmiş qismində qoşulan, yoldan keçəndə dalaşanları görüb onları ayırmaq istərkən xəsarət aldığını, təhqir olunduğunu iddia edən Oruc Vəliyev və Məhəmməd Qurbanova gəlincə, Anar İsmayılov bildirib ki, hadisə yerində, ümumiyyətlə, belə adamlar olmayıb.

Mikayıl Quliyevin xəsarət alması barədə rəy vermiş ekspert Sirac Dadaşov da əlavə şahid qismində dindirilib. Vəkil Yalçın İmanovun ona ünvanladığı suallardan məlum olub ki, istintaq orqanı təkbaşına ekspertiza keçirilməsi barədə qərar versə də, Sirac Dadaşov bu prosesə başqa bir mütəxəssisi də qoşub və Mikayıl Quliyevi onun yanına göndərib. Verdiyi rəydə də həmin mütəxəssisin gəldiyi nəticəyə əsaslanıb. Amma iş materiallarında nə o şəxsin rəyi, nə də imzası var. Bu da mübahisəyə səbəb olub.

_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Vəkil Yalçın İmanovun "Hansı hüquqi əsasla başqa mütəxəssisin rəyini öz rəyinizə əlavə eləmisiz?" sualına ekspert belə cavab verib: "Görünür, sizin təcrübəniz yoxdur, ona görə bilmirsiz".

Buna Yalçın İmanovun da cavabı özünəməxsus olub: "Bəli, torba tikməkdə təcrübəmiz yoxdur".

“SƏNƏ NİYƏ İNANMALIYAM?”

Məmməd İbrahim də ekspertə etirazını bildirib:

"Hanı o adamın imzası, rəyi? Bəlkə sən öz rəyində onun adından yalan yazmısan, sənə niyə inanmalıyam? Sənin yalan rəyinə görə mən beş aydır ki, həbsdəyəm".

Yalçın İmanov
Yalçın İmanov

Daha sonra Yalçın İmanov Məmməd İbrahim barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatət qaldırıb:

"İttiham tərəfin bütün şahidləri dindirildi. Məmməd İbrahim azadlıqda olarsa, şahidlərə təsir göstərə biləcəyinə dair ittiham tərəfin son bəhanəsi də aradan qalxdı. Məmməd İbrahimin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün kifayət qədər prosessual əsaslar var. Bu gün onun həbsinin beş ayı tamam olur. Onun ittiham olunduğu maddə də az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmələr də, adətən, bu maddə ilə təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçir. Üstəlik, onun səhhətində də problemlər var. Azərbaycan vətəndaşının məhrumiyyətlərindən zövq almaq, bilmirəm, nəyin göstəricisidir".

VƏSATƏT TƏMİN OLUNMUR

Məmməd İbrahim də vəkilinin vəsatətini müdafiə edib və səhhətindəki problemlərdən, saxlanma şəraitindən danışıb. Hakim Turqay Hüseynov vəsatəti təmin etməyib.

Məhkəmə prosesi martın 7-də davam edəcək.

Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. Bu maddə iki ilədək islah işləri və ya beş ilədək həbs cəzası nəzərdə tutur.

Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Buna da bax: Tbilisinin küçə uşaqları. Azərbaycandan da var- [Fotolar]

XS
SM
MD
LG