Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:38

Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən 127 saylı məktəbin şagirdi Mustafa Muradov döyülüb. Onu döyən Ofeliya Nəsirova adlı müəllimənin nəvəsi Azad İsmayılov olub. Onlar 11-ci sinif şagirdləridir. Bu haqda AzadlıqRadiosuna məktəb direktoru Mərhəmət Məmmədov məlumat verib. O, Mustafa Muradovun dərsdə səs saldığına görə döyüldüyünü söyləyir.

1 saylı Şəhər Kliniki Xəstəxanasından «Report»a deyilib ki, 16 yaşlı şagird kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının faktla bağlı araşdırma apardıqları bildirilir.

Məktəbin direktoru Mərhəmət Məmmədov AzadlıqRadiosuna deyib ki, şagirdlər arasında «yüngülvarı itələşmə» olub.

– Uşaqlar dərsdə səs salıblar. Bizim müəllimənin nəvəsi də eyni sinifdə oxuyur. Nəvə də uşaqların nənəsinin dərsində səs salmasını, onun sözünə qulaq asmamasını götürməyib. Dərsdən sonra həmin uşaqla dalaşıblar. Rus demiş, öz aralarında «razborka» aparıblar.

– Bəs döyülən şagirdin durumu necədir?

– Xəstəxanadadır. Biz də getmişdik, elə indi oradan gəlirik. Döyülən uşağın valideynləri gözləyiblər ki, Azadın valideynləri gedib üzrxahlıq etsinlər. Ancaq işdə olduqlarından gedə bilməyiblər. Sonra da... Amma bu səhər hamımız getdik, danışdıq, razılaşdılar öz aralarında. İnşallah, barışıq olacaq.

– Siz əvvəlcə uşaqların yüngülvarı itələşdiklərini dediniz, amma uşaqlardan biri – Mustafa Mərdanov xəstəxanadadır. Onun kəllə-beyin travması, bədən xəsarətləri aldığı deyilir. Deməli, «yüngülvarı itələşmə» olmayıb.

– Mən orda olmamışam. Hadisə məktəbdən kənarda baş verib. Amma uşaq xəstəxanadadır, bəli. Hadisəni uşaqlar görüblər. Onlar da dalaşdıqlarını deyirlər.

– Mərhəmət müəllim, baş verənlərə görə şagird Azad İsmayılovla bağlı hər hansı ölçü götürəcəksinizmi?

– Həmin şagirdi hökmən cəzalandıracağıq. Bir az ara sakitləşsin.

AzadlıqRadiosu Mustafa Muradovun valideynlərindən, hələlik, açıqlama ala bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG