Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:07

Məktəbə getməyə paltarları yoxdu...


11 yaşlı Elcan: "Pul yoxdu"
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

11 yaşlı Elcan: "Pul yoxdu"

►Bir çarəsiz ananın hekayəti

... Məktəblə evlərinin arası 10 metr olar. Məktəb pəncərələrindən, Əhmədlidəki yataqxana tipli binanın həyətindən aydın görünür...

... Dərslərin başlanmasına bir gün qalmış iki qardaş – Elcanla Rəsul, bir də onları dişiylə-dırnağıyla böyüdən anaları yaman narahatdır. Ancaq bu həyəcan təkcə yeni dərs ilinin başlanmasına görə deyil:

“Hələ heç nə almamışam. Heç bilmirəm neyləyəcəyəm? Yenə böyüyünün keçən ildən qalma çantası, məktəb forması var. Ancaq uşaq da böyüyür. Heç bilmirəm keçən ilki məktəb paltarı bu il əyninə necə gələcək? Balacanın isə heç nəyi yoxdur”.

Həmçinin oxu: Milli Məclis Avropa Parlamentinin cavabını verir

“MƏNİM GÜNÜMƏ DÜŞMƏSİNLƏR”

Afət Hüseynova 5-ci sinfə gedəcək Elcanı, 1-ci sinfə gedəcək Rəsulu özünə sıxır.

11 yaşlı Elcan
11 yaşlı Elcan

Ana deyir özü də maddi imkansızlıqdan məktəbi yarımçıq qoyub. Təhsil almadığından çox cüzi maaşlı işlərdə çalışıb. Ancaq övladlarını məktəbə göndərmək istəyir ki, özünün yaşadıqlarını onlar yaşamasın:

“İndiyə qədər ya xadimə işləmişəm, 100 manatdan artıq maaş almamışam, ya da evlərdə qulluqçuluq eləmişəm, onda da çox az pul veriblər. İndinin özündə də iş axtarıram. Uşaqların məktəbə getməsini, oxuyub sənət sahibi olmalarını istəyirəm ki, sabah mənim günümə düşməsinlər”.

Bir neçə ildir həyat yoldaşından ayrılmış qadına valideynləri əl tutur:

“Çox sağ olsunlar atamla anam. Məni, bu uşaqları ac qoymurlar. Geyimimizi də ki, qonşular, yaxınlar verir. Köhnə, geyilmiş olsa da, yuyub, ütüləyib geydirirəm. Ancaq məktəb paltarı elədir ki... Nə bilim, kiçiyim ilk dəfə məktəbə gedəcək. İstəyirəm əynində təzə paltarı, çantası olsun. ..”

Buna da bax: Bakı-Sumqayıt qatarı işə düşdü- [video]

“KÖHNƏ OLSA DA, VARIMDIR”

11 yaşlı Elcan deyir ki, keçən ilki paltarı, çantası köhnədir. “Ancaq mənim heç olmasa, köhnə də olsa, varımdır, qardaşımın heç o da yoxdur” deyib başını aşağı salır:

“Gərək atam anama pul versin ki, anam da bizə alsın. Ancaq hələ pul verməyib...”

Balaca Rəsul isə təkcə məktəb paltarına, çantaya görə narahat deyil. İlk dəfə məktəbə getməyin həyəcanı onu bürüyüb. Afət Hüseynova deyir ki, Rəsul bağçaya da getmədiyindən məktəb, müəllim haqda heç bir anlayışı yoxdur:

“Elə tez-tez deyir ki, “görəsən necə olacaq? Sinifdə necə oturacağam, müəllim necə olacaq?” Bağça yaşında da uşağa paltar geydirib bağçaya göndərə bilmədiyimə görə belədir. Həm də bağçadan da pul istəyirdilər deyə göndərə bilməmişdim.”

Buna da bax: Hökm çıxdı: Daşqalaq edilsin!

BİR AY SONRA OLSA DA...

Ana kədərli-kədərli uzaqlara baxır. Deyir ki, ən çox özünü günahkar sayır:

“Böyük heç olmasa “vardını, yoxdu”nu başa düşür. Balaca isə elə hey istəyir. Bir də yazıq balam nə istəyir ki... dondurma konfet, velosiped. Ancaq ala bilmirəm. Bir işim olsaydı, bir də bu uşağa paltar alıb məktəbə göndərə bilsəydim”...

Afət Hüseynova deyir dərs başlayan gün uşaqlarını məktəbə yollaya bilməsə də, bir həftə, 10 gün, lap bir ay sonra da olsa, göndərmək istəyir:

“Yox, qoymaram məktəbsiz qalsınlar. Göndərmək istəyirəm, ancaq necə, bax, onu bilmirəm”...

...Uşaqlar yaşadıqları köhnə binadan məktəbin səliqəli, geniş həyətinə baxırlar. Aralarında 5-10 metr məsafə var. Ancaq imkansızlıq onların yolunu uzadıb, çox uzadıb...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG