Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:27

Hansı rayonlarda '2' alan şagird çoxdu


İllüstrasiya
İllüstrasiya

►Azərbaycan orta təhsili: hər il geri, yoxsa yerində saymaq?

Bakı liseylərə və Naxçıvana uduzur, 1600 məzundan mini “2” və “3” alır

Sabirabadda məzun olan 1600-dən çox 11-cinin cəmi 533-ü buraxılış imtahanlarından “4” və “5” alıb. Məzunların 65 faizdən çoxu aşağı qiymət alıb.

Sabirabad ölkədə 11-cilərin buraxılış imtahanları üzrə nəticələr cədvəlində 31 orta balla ən aşağı yeri tutan rayondur.

İyunda 11-cilərin buraxılış imtahanı 4 fənn üzrə keçirilib: Ana dili, riyaziyyat, kimya və xarici dil. Cədvələ dövlət və özəl liseylər 70 faizlə liderlik edir. Naxçıvan şəhəri 63 faizlə ikinci, Şahbuz rayonu isə 61 faizlə üçüncü yerdə gəlir.

Paytaxt 11-cilərinin göstəriciləri Bakını 8-ci yerdə qərarlaşdırıb.

18 faiz “2” alıb

Ölkə üzrə 11-cilərin təxminən 18 faizi (15 mini) “2”, 33 faizi (28 mini) “3” qiymətləri alıb. Riyaziyyat imtahanı üzrə də mənzərə eynidir.

Dövlət İmtahan Mərkəzinin (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) statistikası maraqlı bir mənzərəni də cızır: Azərbaycan bölməsi üzrə 77 min 500 məzunun 15 mindən çoxu ana dilindən “2” alıb, rus bölməsi üzrə təhsil alan 7 mindən çox məzunun isə cəmi 248-i ana dilindən “2”yə layiq görülüb.

9-cu sinif şagirdlərinin nəticələri də ürəkaçan deyil. İmtahana qatılan 104 mindən çox 9-cu sinif şagirdinin 60 faizdən yuxarısı Ana dili və riyaziyyatdan “2” və “3” alıb.

Təhsil Nazirliyi bu nəticələri müsbət sayır. Nazirlikdən verilən məlumata görə, bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır. Nazirlik şəhər və rayonlar üzrə də inkişaf müşahidə etdiyini bildirir. Məsələn, qeyd edir ki, ötən illə müqayisədə Sabirabad rayonunun nəticələri 14 faiz artıb.

Təhsil Nazirliyi buraxılış imtahanlarının nəticələrini müxtəlif parametrlər üzrə təhlil edəcəyini və sonucu ictimaiyyətə çatdıracağını bildirir.

“Daha Azərbaycandan beyin axını olmayacaq”

Yerli ictimaiyyət isə Dövlət İmtahan Mərkəzinin statistikasını sosial şəbəkələrdə müzakirə edir. Məsələn, Anar Bayramoğlu adlı “Facebook” istifadəçisi yazır ki:

“Deyir, Azərbaycanda mədrəsələr açılacaq. Hə, səhv eşitmədiz. 2 əsr bundan qabaq fəaliyyət göstərən mollaxanalardan...Milli mollalarımız yetişəcək... Təhsil zibil günündə, Azərbaycan dilindən imtahan verən şagirdlərin 40 faizi "2" alıb... Təhsilsizlik olanda, bu sahədə boşluğu dini xurafat, cəhalət tutacaq da. Elmin, kitabın, inkişafı nəyimizə lazımdı ki. Biz 2 əsr əvvələ qayıdıb, şad-xürrəm yaşayarıq...Molla Nəsrəddinlər də xurma yeyərlər”.

____________________________________________________________

Bunlara da bax:
Ali Məhkəmə 'Eurovision məhbusu'nun qərarını vermir
Manat bir az da ucuzlaşdı

____________________________________________________________

Rəşad Əliyev adlı istifadəçi öz rəyini bu sözlərlə bölüşür: “Buraxılış imtahanlarının nəticələrinə pozitiv yöndən baxmaq lazımdır. Gələcəkdə ölkəmizdən beyin axını olmayacaq. Çünki belə beyinlər heç kimə lazım deyil”.

Altay Göyüşov yazır: “TQDK deyir ki, buraxılış imtahanı verən 84 min 589 nəfər 11-ci sinif şagirdindən təxminən 52%-i “2” və “3” qiymətləri alıb. Sizi əmin edirəm ki, bu, saxta rəqəmdir. Hər il ali məktəbdə yazı yoxlamış birisi kimi deyə bilərəm ki, “2” alanların sayı azı 70% olmalıdır.

Çünki hələ mən ali məktəb tələbələrini yoxlayırdım, 30-40 faizinin yazı vərdişləri çox pis olurdu. Düzdür, mən onu qiymətləndirmirdim, sadəcə, müşahidələrimi bölüşürəm”.

Elnaz Eyvazlı
Elnaz Eyvazlı

“Proqram yükünü 90 saat artırdılar, bu da nəticə”

“Sosial şəbəkələrdə rəyləri, tənqidləri mən də oxuyuram. Çoxluğun aşağı qiymət alması normal hal deyil, təbii ki”.

Bunu Bakı məktəblərinin birində Azərbaycan dili və ədəbiyyatdan dərs deyən Elnaz Eyvazlı AzadlıqRadiosuna deyir.

Elnaz Eyvazlı: Uşaq illərlə öyrənməyibsə, dərsdən sonra qalmaqla nə öyrənə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00
Direct-ə keçid

Onun sözlərinə görə, bir müddət öncə Təhsil Nazirliyi məktəblərdə 9-cu siniflərdə ana dili və riyaziyyatla bağlı apardığı monitorinqin nəticələrindən razı qalmadığından bu fənlər üzrə proqram yükünü artırıb:

“90 saat artırdılar. Təsəvvür edin, 7-ci dərsdən çıxan şagird 8-ci, 9-cu dərsə də qalmalı idi ki, ana dili və riyaziyyatdan əlavə məşğələ keçsin. Guya bununla nəsə irəliləyiş olacaqdı”.

Elnaz Eyvazlı hesab edir ki, təhsildə keyfiyyətin problemləri çoxşaxəlidir. O, bir amil kimi kurrikulum sisteminin test sualları ilə üst-üstə düşmədiyini deyir:

“Testdə Azərbaycan dilinin qrammatikasından düşür, dərslikdə isə qrammatika yoxdur”.

Müsahibimiz əlavə edir ki, müəllimlərin az maaş alması da bəzən dərslərin keyfiyyətinə təsir edir: “Düzdür, mən dərsimi vicdanla deyirəm. Amma olub ki, buna görə həmkarlarımdan irad eşitmişəm: “Nə maaş alırsan ki, özünü öldürürsən”, deyiblər.

“Nə qədər ki…”

Təhsil eksperti Nabatəli Qulamoğlu isə Dövlət İmtahan Mərkəzinin statistikasına şübhə ilə yanaşır. O hesab edir ki, nəticələr reallıqda daha acınacaqlıdır. Nabatəli Qulamoğlunun fikrincə, təhsilin düşdüyü durumdan, hələ ki, çıxış yolu görünmür:

“Nə qədər ki, məktəblərdə seçki komissiyaları qurulacaq və məktəb direktorları da seçki komissiyaları vasitəsilə yerli icra hakimiyyətlərinə bağlı olacaq, o vaxta qədər təhsildə keyfiyyətdən danışmaq lazım deyil”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG