Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:00

Orta məktəblərdə dərslərin soyuq siniflərdə keçirilməsi ilə bağlı şikayətlər səngimir. Şikayətçi valideynlərindən biri də Ülvi Əliyevdir. O deyir ki, 3 uşağı Astara rayonunun Rudəkənar kənd orta məktəbində təhsil alır. Məktəb qızdırılmadığından uşaqlarından biri soyuqdəymədən xəstələnib: «Getdim məktəbə. Gördüm ki, direktor öz otağında plitka yandırıb və uşaqlara dərs deyir. Etirazımı bildirdim. Dedim ki, siniflərdə dərs keçən uşaqlar necə olsun? Qızdırmaq lazımdır. Dedi ki, noyabrın 15-nə kimi vaxt var...».

Valideynə deyiblər ki, məktəbin qazanxanası qazla işləyir. Xətti qaz idarəsi açmalıdır.

Rayonun Pensər kənd orta məktəbinin müəllimi Həbib Həbibov da siniflərin qızdırılması ilə bağlı problemlərin olduğunu dilə gətirir: «Məktəb yanacaqla qızdırılır. Lakin bütün otaqlara istilik getmir. Məktəb təzə binadır. Əvvəlcədən istilik sistemini düzgün qurmayıblar. Bu barədə yazmışdıq. Hələ ki, problem qalır. Dizel yanacağında problem yoxdur. Gətirdilər».

«UŞAQLAR ODUN GƏTİRDİ, SOBALARI YANDIRDIQ»

Astara rayonu Ərçivan kənd orta məktəbi Yaponiya səfirliyinin hesabına tikilib. Bina inşa ediləndə istilik sistemi nəzərdə tutulmayıb. Məktəbdə adının çəkilməsini istəməyən bir müəllimin dediyinə görə, yeni binada hər sinifdə odun sobası qoyulub: «İstilik nədir? Özümüz hərəkət edirik. Arada havalar soyuq keçdi. Uşaqlar odun gətirdi, sobaları yandırdıq».

Lənkəran şəhər 9 saylı məktəbdə işləyən Rahim Nuriyevin deməsinə görə, bu problemlər ancaq yada havalar soyuyanda düşür. Halbuki, problemləri havalar soyumamış yoluna qoymaq lazımdır: «Biz də odun yandırırıq. Deyirlər ki, istilik sistemi noyabrın 15-dən sonra işləyəcək. Fərq etmir, sistem işləmir, yararlı deyil. Valideynlərlə məsləhətləşmişik, odun yandırırıq. Odunu valideynlər verir. Vururuq anbara, oradan da götürürük. Ötən il də vəziyyət belə idi. Sistemin gücü çatmır, təzyiq aşağıdır, su getmir axıra kimi».

«TƏMİR EDİLMİŞ MƏKTƏBLƏRDƏ ODUN SOBASI QOYMAQ OLMUR»

R.Nuriyevin dediyinə görə, məktəbdə 100 nəfərdən çox müəllim, 500-ə qədər isə şagird var: «Şəhər məktəblərin hamısında vəziyyət belədir. Deyirlər, noyabrın 15-dən sonra istilik veriləcək. İstiliyin verilməsi də elə problemdir. Şəhər məktəblərinin əksəriyyəti əsaslı təmir olunub, istilik sistemi də quraşdırılıb. Ancaq normal işləmirlər. Valideynlər odun alırlar, gətirirlər məktəblərə, yandırırıq. 2 saylı məktəbdə odun sobası da yandırılmır. Təmir edilmiş məktəblərdə odun sobası qoymaq olmur. Plastik pəncərələrdir, mümkün deyil».

Təhsil Nazirliyinin Lənkəran, Astara, Lerik rayonları üzrə regional təhsil idarəsindən bildirdilər ki, siniflərin qızdırılması ilə bağlı məktəblərə göstəriş verilib. Yanacaq, maye qazla işləyən istilik sistemlərində problemlərin həllində heç bir çətinlik yoxdur .Odunla işləyən məktəblərə də odun verilib. İdarədən deyilənə görə, məktəb direktorları soyuqların düşməsini gözləmədən bu məsələni həll etməli və çatışmazlıqlar barədə onlara məlumat verməli idilər.

Şərhləri göstər

XS
SM
MD
LG