Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:23

►"1 milyon 270 min manat məbləğində vergi dövlət büdcəsindən yayındırılaraq şəxsi ciblərə axıb."

Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon 270 min manat məbləğində vergini dövlət büdcəsindən yayındırmaqda təqsirləndirilən “Atrabank” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı Həsənağa Babayevin və daha 8 nəfərin məhkəməsi keçirilir.

Həsənağa Babayev, Tərxan Şirinov, Elman Rəhimov, Hüseyn Bayramov, Əlirza Kərimov, Şəhadət Cəfərov, Səbuhi Qazıyev, Ramşan Rzayev və Elvin Əsgərov dələduzluqda ittiham olunurlar.

İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, 2011-ci ilin iyulundan “Atrabank”ın Nəsimi filialının mühasibi, 2014-cü ilin martından isə həmin filialın Xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Həsənağa Babayev vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə qrup yaradıb.

Və hazırda onunla eyni müttəhimlər kürsüsünü bölüşən şəxslərdən ibarət qrupun məqsədi çoxsaylı şirkətlər yaratmaqla vergidən yayınmaq olub.

107 ŞİRKƏT YARADILIB

İttiham aktında göstərilir ki, qrup üzvlərinin adlarına 107 adda məhdud məsuliyyətli cəmiyyət yaradılıb. Həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya təqdim edilməyib, ya da təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilib. Nəticədə ümumilikdə 1 milyon 270 min manat məbləğində vergi dövlət büdcəsindən yayındırılaraq şəxsi ciblərə axıb.

Həsənağa Babayev ifadəsində göstərib ki, çoxsaylı şirkətlərə o, sahiblik etməyib. Hər şirkətin öz sahibi olub. Məqsəd vergidən yayınmaq yox, şəbəkəli iş qurmaq olub.

İstintaqın qənaətinə görə, təqsirləndirilən şəxslərin bu cinayəti törətmələri mühasibatlıq sənədləri, şahid ifadələri, telefon əlaqələrinin təhlili və yoxlanılması, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə sübuta yetirilib.

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Araşdırılması Departamenti dövlətə vurulmuş ziyandan yalnız 190 min manatını ödətdirə bilib. 363.987 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.

Təqsirləndirilənlərdən biri Əlirza Kərimovun adı 74 şirkətin iştirakı ilə 563 dövlət satınalmasında keçir. O həmin şirkətlərin çoxunda direktor olub. 2010-2013-cü illərdə bu şirkətlər 9 milyon manat məbləğində tenderlər udub. Bu ilin martından isə həmin şirkətlərin ləğvi başlayıb.

Elvin Əsgərov isə 2013-cü ilin noyabrından 2014-cü ilin yanvarına kimi 67 şirkətin yaradılmasında iştirak edib.

MƏQSƏD ŞƏBƏKƏLİ İŞ QURMAQ OLUB?

Həsənağa Babayev ifadəsində göstərib ki, çoxsaylı şirkətlərə o, sahiblik etməyib. Hər şirkətin öz sahibi olub. Məqsəd vergidən yayınmaq yox, şəbəkəli iş qurmaq olub.

Digər təqsirləndirilənlər də ittihamı rədd ediblər. Vergidən yayınma ilə bağlı rəqəmlərin həddindən artıq şişirdildiyini bildiriblər.

Təqsirləndirilən şəxslərdən yeddi nəfəri həbsdə, iki nəfəri isə zamindədir.

Vergilər Nazirliyinin bir neçə ay əvvəl yaydığı məlumatda bildirilirdi ki, nazirlik bu şirkətlərdə yoxlamalara başladıqdan sonra vergidən yayınma halları üzə çıxıb və cinayət işi başlanıb.

Məhkəmə prosesi davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG