Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:16

Bibisini vərəsəlikdən necə çıxardı...


Foto arxiv
Foto arxiv

Bakı sakini Zərifə Məmmədova AzadlıqRadiosu-nun "Qaynar xətt"inə ata evinin qanunsuz özəlləşdirilərək əlindən alınmasından danışır.

Onun sözlərinə görə, şəhərin mərkəzində - Nizami küçəsi 41 ünvanında atasına məxsus mənzil olub. Mənzil qanunsuz olaraq özəlləşdirilib. Bunu Zərifə Məmmədovanın qardaşı oğlu Hüseyn Qasımov edib.

Rusiya vətəndaşı olan Hüseyn Qasımov uzun müddətdir ki, Moskvada yaşayır. O, 1999-cu ildə Azərbaycandan gedib və bu müddət ərzində ölkədə olmayıb.

MƏSƏLƏDƏN QARDAŞININ VƏFATINDAN SONRA XƏBƏR TUTUB

Zərifə Məmmədovanın sözlərinə görə, qardaşı oğlu 2011-ci ildə atasının vəfatından üç gün əvvəl Səbayel Rayon Polis İdarəsinin qeydiyyat şöbəsində bir gün ərzində şəxsiyyət vəsiqəsi alıb və iki günə evi özəlləşdirib:

“Mənim o mənzilə vərəsəlik hüququm var. Payımdan imtina etmədiyim halda qardaşım oğlu qanunsuz olaraq əmlakı özəlləşdirib. Bütün bunlardansa qardaşımın vəfatından sonra tutmuşam. Mən o evdə anadan olmuşam. Atamın evində vərəsə kimi payım var və bu, qanunda da göstərilib. Ancaq qardaşım oğlunun qanunsuz hərəkətini məhkəmələrdə davam etdirirlər. Məhkəmələr özlərini açıq-aşkar onun vəkili kimi aparırlar”.

Zərifə xanım əvvəl Səbayel Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə işi 1 saylı İqtisadi İnzibati Məhkəməyə göndərib. Həmin məhkəmə Hüseyn Qasımovun xeyrinə qərar çıxarıb.

Səbail məhkəməsi
Səbail məhkəməsi

Ona iki gün ərzində Daşınmaz Əmlakın Reyestr Xidmətindən Çıxarış verilib. Yəni apellyasiya məhkəməsinə müraciət üçün qanunla nəzərdə tutulmuş müddət gözlənilməyib. Bundan sonra Zərifə Məmmədova apellyasiya şikayəti verib. Bu instansiya birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb.

Şikayətçi deyir ki, Ali Məhkəməyə üz tutub. Ancaq bu məhkəmə də əvvəlki məhkəmələrin qərarlarını qüvvədə saxlayıb. Zərifə Məmmədova məhkəmələrdən şikayətçidir:

ÜMİD ALİ MƏHKƏMƏNİN PLENUMUNADIR

“Məhkəmə iclası oktyabrın 20-nə təyin etmişdi. Bizə isə poçtalyon bildirişi noyabrın 1-də gətirib. Bu, hakimin saxtakarlığıdır. Əvvəlcə güman etdik ki, texniki səhvdir. Vəkilim order və etibarnamə əsasında hakimin yanına getdi. Hakim vəkilə çox kobud şəkildə cavab verdi. Dedi, “mən heç kimdən qorxmuram, mən belə işləyirəm, kimə istəyirsən, get, şikayət elə”. Onda başa düşdük ki, saxtakarlıq edib".

Hüseyn Qasımov məhkəmədə bildirib ki, bibisi ailə qurduqdan sonra həmin ünvanda yaşamayıb. 20 ilə yaxındır ki, ata evinə qonaq qismində gəlib-gedib. Elə həmin məhkəmədə Zərifə Məmmədova da qeyd edib ki, qardaşı oğlu Hüseyn Qasımov özü 35 ilə yaxındır Moskva şəhərində yaşayır və ata evinə 2-3 ildən bir, xüsusi mərasimlər olanda gəlirmiş.

MƏNZİLİ OFİS KİMİ KİRAYƏ VERİB

Məhkəmələr bitdikdən sonra Hüseyn Qasımov Moskvaya qayıdıb. Sahəsi 240 kvadratmetr olan mənzili isə bir şirkətə ofis kimi kirayəyə verib. Zərifə Məmmədova deyir, qardaşı mənzilin kirayəsindən hər ay 2 min dollar götürür.

Hüquqşünas Fuad Hüseynov deyir, Zərifə Məmmədova hələ məhkəmələri bitirməyib.Prosesi davam etdirə bilər:

“Ünvanda uzun müddət yaşamamaq heç kəsi vərəsəlikdən məhrum etmir. Onların hər ikisi vərəsə olub. Burada xanım gərək onun vərəsəliyini tanımayan və evin ilkin sənədləşdirilməsində rol oynayan notariata qarşı da iddia qaldıraydı.

Əgər qaldırmayıbsa, yeni açılmış hal kimi yenidən məhkəməyə müraciət edə bilər. Əgər bunu edibsə, o zaman ümid qalır bircə Ali Məhkəmənin Plenumuna…”

Elə Zərifə Məmmədova da son ümidini Ali Məhkəmənin Plenumuna bağlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG