Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:50

Prezident İlham Əliyevin Şəkidə məhkəmələrdən ədalət tələb edən çıxışını Bakıdakı hüquqşünas və iqtisadçılar şərh edirlər.

“Nazirlər Kabinetinin 9 ayın yekunlarına həsr olunmuş iclasında da sahibkarlara qarşı qeyri-qanuni yoxlamalar, reket hücumları dövlət başçısı səviyyəsində ictimai müzakirəyə çıxarılmışdı. Ölkə rəhbəri ictimaiyyətindən dəstək istəyib” - Bunu iqtisadçı Nazim Məmmədov AzadlıqRadiosuna prezident İlham Əliyevin Şəkidə Məhkəmə Kompleksinin açılışındakı çıxışını qiymətləndirərkən bildirib.

Nazim Məmmədov

Nazim Məmmədov

Şəkidəki çıxışında İlham Əliyev deyib ki, dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı böyük ədalətsizliklərə yol verilib, bəzi hallarda onların əmlakları əllərindən alınıb, münasibət hətta “reketçilik səviyyəsinə” çatıb.

Prezident məhkəmələrin işini də tənqid edib, bildirib ki, ilk növbədə məhkəmə sistemində korrupsiyaya yol verilməməlidir.

Buna da bax: Prezident Şəkidə: «Bu, rüşvətdən betərdir»

Reallıqda başqa mənzərədir...

Nazim Məmmədov hesab edir ki, İlham Əliyevin çıxışında dəfələrlə müxtəlif sahələrdəki problemləri vurğulasa da, reallıqda başqa mənzərədir:

“Dövlət resurslarından istifadə edən əksər yüksək vəzifəli şəxslər özlərinin, qohum-əqrəbalarının sahib olduqları şirkətlərə daha münbit şərait yaradırlar, lisenziyanın verilməsində məhdudiyyətlər olur, bazarda rəqabət apara biləcək şirkətləri süni yoxlamalarla sıradan çıxarırlar”.

Müsahibimiz ümid edir ki, prezidentin çıxışından sonra sahibkarlara qarşı hücumlara son qoyulacaq. Nazim Məmmədov diqqəti ona çəkir ki, dünya bazarında neftin qiymətinin düşməsi, büdcə gəlirlərinin zəifləməsi sahibkarlığın inkişafını önə çəkir:

“Ziyanın yarısından qayıtmaq da xeyirdir”, deyən iqtisadçının sözlərinə görə, əsl rəqabətli mühit yaratmaq lazımdır ki, azalan neft pullarının yerini qeyri-neft sektorunun gəliri doldura bilsin: “Bunu anlamaq lazımdır ki, vətəndaş nə qədər varlı olsa, ölkə də varlı olacaq”.

Buna da bax: Vəkil Tofiq Yaqublu ilə bağlı qərarın icrasını gözləmir

Vəkil prezidentdən ilk dəfədir bu qədər sərt çıxış gördüyünü deyir

Prezidentin son çıxışından hüquqşünas Aslan İsmayılov da təsirlənib, “bu illərdə ilk dəfədir ki, prezidentdən bu qədər sərt çıxış görürəm”, deyir.

Aslan İsmayılov

Aslan İsmayılov

Ancaq o, bu çıxışı gecikmiş addım sayır. Aslan İsmayılov deyir ki, artıq ölkə “diz çökəndən sonra” problemlər etiraf olunur.

Hüquqşünas xatırladır ki, 10 ildir ölkədə sahibkarlığın uçuruma aparıldığı barədə mətbuata danışıb. AzadlıqRadiosuna müsahibəsində vəkil sahibkarlara təzyiqlərlə bağlı apardığı məhkəmə işlərindən söz açıb deyir ki, proseslərin bu günkü duruma gətirib çıxaracağı çox aydın görünürdü.

Aslan İsmayılov vurğulayır ki, sahibkarlığa qarşı təzyiqlərin qarşısını məhkəmələr ala bilərdi:

“Ancaq məhkəmələr bu reketçiliyin qarşısında qul kimi olub, illər boyu reketçiliklə məşğul olan oliqarxların qulluğunda olublar”.

Buna da bax: Evi satanda vergi bu qaydada hesablanacaq

Vəkilə görə hakimlər istintaq materiallarını hökmə çevirirlər...

Hüquqşünas deyir ki, bu gün hamı MTN-in üstünə düşüb, “sanki bütün bəlalar ancaq ordadır” deyən vəkil əlavə edir ki, bəs prokurorluğun, istintaq orqanlarının məsuliyyəti harda qalır:

“Həmin bu qanunsuzluqları sənədləşdirən hakimlər var. Bizdə məhkəmələr notariusdan da zəifidir. Notariusda yenə nəyisə təsdiqləyəndə diqqətlə baxırlar ki, bütün sənədlər yerindədirmi? Amma məhkəmələr istintaq materiallarını sadəcə götürüb hökmə çevirirlər”.

Aslan İsmayılovun fikrincə, ölkədə ədalətli məhkəmələr olsa, bütün problemlər həll edilər: nə reketçilik olar, nə insan haqqı pozular, nə kiminsə əmlakı əlindən alınar, nə də məmur özbaşınalığı. Müsahibimiz onu da deyir ki, prezidentin çıxışının kəsərini görmək üçün çox az zaman lazımdır: “Görək, qanunsuz əməllərə görə cəza alan prokurorluq işçiləri, və ya hakimlər olacaq, ya yox?!"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG