Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:34

ABŞ-da açılmış bir tanışlıq agentliyi müştərilərinə mükəmməl can yoldaşı tapmaq üçün onlara namizədlərin çirkli paltarını iyləməyi təklif edir

Reuters agentliyinin müxbirləri Barbara Goldberg və Angela Moore yazırlar ki, Nyu Yorkda açılmış Smell Dating (Qoxu tanışlığı) tanışlıq firmasının əsas devizi “ilk qoxudan məhəbbətdir”.

Bu şirkət müştərilərinə mükəmməl can yoldaşı tapmaq üçün onlara namizədlərin çirkli maykalarını iyləməyi təklif edir.

Nyu Yorkdakı Poetik Hesablama Məktəbində (School for Poetic Computation) dərs deyən rəssamTega Brain və Nyu York Universitetinin araşdırmaçısı Sam Lavigne, əslində Smell Dating agentliyini incəsənət layihəsi kimi yaratdıqlarını deyirlər.

Agentlik ilk yüz müştərisindən hər birinə bir mayka verib və üç gün ərzində hamamlanmadan bu paltarda gəzməyi tapşırıb.

Bundan sonra müştərilər maykalarını poçtla Brain və Lavigne-in Nyu Yorkdakı "Sweat Shop" salonuna göndəriblər. Burada maykalar tikə-tikə doğranaraq hər birində 10 parça olmaqla müştərilərə göndərilib ki, bir həftə ərzində onları iyləməklə məşğul olsunlar.

55-in iyi 69-un xoşuna gəlirmi?

Bundan sonrası sadədir: kimin iyi kimin xoşuna gəlirsə, onu həmin namizədə “calayırlar”. Məsələn əgər “müştəri N 55”in qoxusu “müştəri N 69”un xoşuna gəlibsə, deməli onların “kəbini göylərdə kəsilib”. Təbii ki, 55-lə 69-un “qoxu məftunluğu” qarşılıqlı olmalıdır.

Sevgidə burun da göz qədər mühümdür

Sevgidə burun da göz qədər mühümdür

Reuters müxbirləri yazırlar ki, bu ideya “feromonlar elmi” üzərində qurulub. Feromonlar siçanlardan tutmuş zürafələrədək bütün canlıların cütləşmək üçün yaydıqları kimyəvi siqnallara deyilir.

Potensial qoxu yoldaşının yaşından, cinsindən və hətta seksual oriyentasiyasından xəbərdar olmadan bu işə qol, daha doğrusu, burun qoymaq üçün 25 dollarlıq haqq ödənməlidir.

Brain deyir ki, bir çox tanışlıq və evləndirmə agentlikləri əsasən müştərilərinin fotolarına əsaslanırlar, halbuki iy daha fundamental əhəmiyyəti olan xüsusiyyətdir.

Üfff və oxqay

Reuters yazır ki, 25 yaşlı Nyu York tələbəsi Jesse Donaldson da içərisində ayrıca paketlərə qoyulmuş 10 parçanı Bruklindəki mənzilində alıb və xeyli həyəcanlanıb.

O deyir ki, Smell Dating başqa tanışlıq agentliklərinin uğursuzluğa düçar olduğu məsələdə “quşu gözündən vurub”.

Donaldson bu qənaətdədir ki, əsl yoldaşı tapmağın ən təbii yolu onu iyləməkdir.

Bundan sonra Donaldson paketdəki parçalardan birini çıxarıb burnuna yaxınlaşdırır: “Paltaryuyan maşından təzə çıxıb” – deyir.

İkinci paketi açır: “Üfff…”

Və nəhayət üçüncü paket açılır: “Oxqay!!! Bu mənim adamımdır” – deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG