Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:10

Yeni amnistiya astanasında


Həbsxana
Həbsxana

-

Amnistiya təşəbbüsü, Türkiyədəki hərbi təlimlər, səhiyyənin vəziyyəti və ərzaq təhlükəsizliyi bu gün medianın aparıcı mövzusudur.

AMNİSTİYA TƏŞƏBBÜSÇÜSÜ

«Azərbaycan» qəzeti «Mehriban Əliyevanın IV amnistiya təşəbbüsü» sərlövhəli məqalə dərc edib.

Məqalədə keçmiş prezident Heydər Əliyev dövründə qəbul edilən amnistiya aktları, əfv fərmanları barədə danışılır. Müəllifin düşüncəsinə görə, hazırda bu humanizm yolunu Heydər Əliyev Fondu davam etdirir: «Ulu öndərin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir».

Məqalədə qeyd edilir ki, Mehriban Əliyeva buna qədər 3 dəfə belə təşəbbüslə çıxış edib. Bu amnistiyalar nəticəsində minlərlə ailələrə sevinc bəxş edilib. Elə sonuncu amnistiya ilə 10 min şəxsin sevinəcəyi gözlənir: «Bu ondan xəbər verir ki, fond xeyriyyəçilik, səhiyyə, təhsil, mədəniyyət və incəsənətin inkişafı, mədəni irsin dünyada təbliği, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması ilə yanaşı, humanizm məfkurəsindən çıxış edən amnistiya təşəbbüsçüsüdür».

Ağcabədi Rayon Mərkəzi Xəstəxanası
Ağcabədi Rayon Mərkəzi Xəstəxanası

DƏBDƏBƏ VAR, KEYFİYYƏT YOX

«Azadlıq» qəzeti isə Səhiyyə Nazirliyinin yeni qaydasını tənqid edib. Söhbət aprel ayından etibarən rayonlardan gələn xəstələrin göndərişləri olmadığı təqdirdə paytaxt xəstəxanalarına qəbul edilməməsi ilə bağlı yenidən tətbiq olunan qaydadan gedir.

Məqalədə deyilir ki, nazirlik bu mövqeyini rayonlarda diaqnostika mərkəzləri, müasir xəstəxanaların tikilməsi ilə əlaqələndirir: «Səhiyyə Nazirliyinin belə qərar qəbul etməsi vətəndaşın hüquqlarının tapdanmasıdır. Yəni, istənilən şəxs harada müalicə və müayinə olunacağına özü qərar verir. Buna məhdudiyyət qoymaq yanlışıdır».

Müəllif yazır ki, Azərbaycanda əhalinin nəinki əyalətlərdəki, heç paytaxtda tibb müəssisələrinə etimadı yoxdur: «Bunun nəticəsidir ki, hər il 100 minlərlə vətəndaş müalicə və müayinə üçün Gürcüstan və İrana üz tutur. Binanın təmirli, avadanlığın müasir olması işlərin keyfiyyətli aparıldığı anlamına gəlmir. Ona qalsa, Azərbaycanda dəbdəbəli məktəb binaları var, amma içində elm yoxdur, dəbdəbəli məhkəmə binaları var, içində ədalət yoxdur, dəbdəbəli bank binaları var, amma bank sektoru iflic durumdadır».

Türkiyə ordusu
Türkiyə ordusu

AZƏRBAYCANA YENİ KOALİSİYA LAZIMDIRMI?

«Novoye Vremya» qəzeti mayın 15-də Türkiyənin İzmir şəhərində başlayan və iyunun 1-ə kimi davam edəcək hərbi təlimlərdən bəhs edir. Yazıda Azərbaycanın bu təlimlərdə iştirakı dəyərləndirilir. Müəllif yada salır ki, bir müddət öncə Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə «Antiterror koalisiyası» yaratmaq təklifi vermişdi: «O zaman Azərbaycan buna razılıq vermədi, amma indi dəyişikliklər baş verməkdədir, görünür, ölkələr artıq praktiki fəaliyyətlərə keçirlər».

Məqalədə qeyd edilir ki, təlimlərə Azərbaycan, Türkiyə, Qətər, ABŞ, Səudiyyə Ərəbistanı və daha bir neçə ölkə qatılıblar. Təlimlərdə əsas məqsəd terrora qarşı mübarizədə birgə fəaliyyətə və əlaqələndirməyə nail olmaqdır. Daha sonra müəllif sual edir: «ABŞ-ın başçılığı ilə bir böyük

Qərb koalisiyası var, digər tərəfdən Rusiya-İran koalisiyası var, daha bir koalisiyanı yaratmağın mənası nədir?».

Müəllif yazır ki, Səudiyyə-Türkiyə yaxınlaşması nəzərə alınsa, Azərbaycanın orada iştirakı başa düşüləndir. Amma yazıda bu koalisiyanın terrora qarşı mübarizədə uğur qazanacağına şübhə ilə yanaşılır: «34 ölkənin bu koalisiyada fəaliyyətinin necə koordinasiya ediləcəyi hələ aydın deyil. Həm də, Səudiyyənin Yəməndə husilərə qarşı koalisiyasının nəticəsizliyi də arxa plana keçirilə bilməz».

Şadlıq sarayı
Şadlıq sarayı

ŞADLIQ SARAYLARININ MƏDƏ AĞRIDAN MENYUSU

«Bizim Yol» qəzeti isə ölkə restoranlarında, şadlıq saraylarında hazırlanan yeməklərin keyfiyyətini araşdırmağa çalışıb.

Ekspertlərdən Eyyub Hüseynov qəzetə deyib ki, restoran və şadlıq saraylarında natəmizliyin qarısını almaqdan ötrü istehlakçı siyasəti formalaşmalıdır: «Belə hal ciddi epidemiyaların yayılmasına səbəb ola bilər. Odur ki, bu məsələ daim diqqət mərkəzində qalmalıdır».

İqtisadçı Natiq Cəfərli isə bu məsələdə «qızıl orta»nı tapmağı təklif edir: «Obyektlərdə yoxlamalar hansısa neqativ məsələni aşkar etməyə yox, korrupsiya mənbəyinə çevrilmişdi».

İqtisadçının fikrincə, ərzağın keyfiyyəti məsələsi diqqətdə saxlanmalıdır. Ancaq yoxlama adı ilə rüşvətə, soyğunçuluğa yol açmaq olmaz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG