Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:21

-

Vyana danışıqları, ictimai-siyasi vəziyyət, ölkədə ixracın azalması və idxaldan asılılıq bu gün medianın aparıcı mövzusudur.

GÜCLÜ LİDER-MÜSTƏQİL SİYASƏT

«Azərbaycan» qəzeti ölkədəki ictimai-siyasi vəziyyətdən və ordu quruculuğundan bəhs edən «Güclü lider-müstəqil siyasət» sərlövhəli məqalə verib.

Məqalədə qeyd edilir ki, xalqın prezident İlham Əliyevə güclü inamı, sədaqəti var. Müəllifə görə, aprel döyüşləri ordunun gücünün və xalqın birliyinin nümayişi idi və burada ölkə rəhbəri İ.Əliyevin müstəsna rolu olub: «Dövlət başçısının ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlər bu gün Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmağa imkan verir. Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən ilə artırılması, ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin qurulması ordu quruculuğu baxımından vacibdir».

Müəllif görülən işləri dövlət başçısı İ.Əliyevin Azərbaycanı müasir və qüdrətli dövlətə çevirməkdən ötrü atdığı məxsusi addımlar kimi dəyərləndirir.

Seymur Hazi

Seymur Hazi

İ.ƏLİYEV FUADDAN, ASİFDƏN, SEYMURDAN NİYƏ QORXUR?

«Azadlıq» qəzeti də ölkədəki ictimai-siyasi vəziyyəti dəyərləndirib. Ancaq bu qəzetdə dərc edilən yazıda hakimiyyətin AXCP-yə təzyiqlər göstərdiyi və bu təzyiqlərin qisasçılıq xarakteri aldığı qeyd olunur. Müəllifin düşüncəsinə görə, AXCP-yə təzyiqlər artıq qanunvericilik səviyyəsində həyata keçirilməyə başlayıb: «Uzun illərdir ki, hakimiyyət qanunları, məhkəmələri, Cinayət Məcəlləsini rəqiblərə qarşı cəza vasitəsinə, qisas aparatına çevirib. Bu ölkədə günahsız insanı şərləmək, vicdanlı insanı «vətən xaini» kimi təqdim etmək, şəxsi mülkiyyəti zorla mənimsəmək adi hala çevrilib».

Müəllif yazır ki, 10-dan çox AXCP üzvü günahsız yerə, siyasi sifarişlə həbs edilib. Məqalədə qeyd edilir ki, həbsxanalarda da onlara ayrıca münasibət var: «Bu gün də bu iyrənc ənənə davam edir. Hazırda 10-a yaxın AXCP üzvü həbsdədir. Məhkəmə proseslərində onların günahsızlığı sübut edilib, ittihamların qondarma olduğu aydın görünüb. Sadəcə, sifariş yuxarıdan gəldiyi üçün məhkəmə, qanun, hüquq aciz qalıb».

Müəllif AXCP sədrinin müavini Fuad Qəhrəmanlının bu günlər ittihamının ağırlaşdırılmasının da üzərində ayrıca durur: «İlham Əliyevin yaratdığı, inkişaf etdirdiyi və «yaşıl işıq» yandırdığı hüquq sistemi bu qədər eybəcər və iyrəncdir. Bütün bunlar acizliyin, qorxaqlığın göstəricisidir. Əgər İ.Əliyev xalqın 97 faizinin səsini alıbsa, Fuaddan, Asifdən, Seymurdan niyə qorxur?».

Vyana danışıqları

Vyana danışıqları

STATUS-KVO DƏYİŞMİR

«Novoye Vremya» qəzetində isə «Bakının status-kvo-ya məcbur edilməsi» başlıqlı yazı dərc edilib. Məqalədə Azərbaycan və Ermənistan dövlət başçılarının iştirakı ilə mayın 16-da Vyanada Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş danışıqlar dəyərləndirilir.

Müəllif danışıqlardan sonra Ermənistan dövlət başçısı S.Sarkisian-ın Yerevandakı açıqlamalarına toxunur və bunun əsasında bir sıra mülahizələr irəli sürür: «Sarkisian-ın dediklərindən əldə edilən nəticə budur ki, danışıq prosesinin iştirakçıları münaqişə tərəflərini nəyəsə məcbur etmək istəyirlər. Qarabağın statusu məsələsində tərəflərin bir-birinə zidd mövqelərini nəzərə alsaq, burada söhbət ciddi güzəştlərdən gedir».

Məqalədə deyilir ki, Ermənistan tərəfi işğal olunan rayonlardan 5-nin Azərbaycana qaytarılması, Dağlıq Qarabağa aralıq statusu verilməsi və sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsi variantına üstünlük verir. Azərbaycan tərəfi isə bəyan edir ki, konstitusiyada ölkənin bir hissəsində referendum keçirilməsi mümkün deyil.

Müəllifə görə, rəsmi Bakının qarşısına «ya status-kvo, ya Qarabağın tanınması» şərti qoyulub: «Bu iki variantın heç biri bizim xeyrimizə deyil. Beləliklə, faktiki olaraq, geosiyasi qüvvələr sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini desələr də, əməldə Bakıdan Dağlıq Qarabağı tanımağı tələb edirlər. Tarixi məntiqə görə, istər hərbi, istər siyasi və istərsə də iqtisadi baxımdan indi öz sözünü Azərbaycan xalqı deməlidir».

İxrac

İxrac

İXRAC NİYƏ AZALIR?

«Exo» qəzeti isə ölkədən ixracın azalmasını ekspertlərlə müzakirə edib. Ekspertlərdən Nəriman Ağayev qəzetə deyib ki, bu azalmaların arxasında əsasən neftin qiymətinin enməsi durur: «Maşınqayırma və kənd təsərrüfatı sahələrində ixrac azalır. Azərbaycan xarici bazarlarda yerini itirir. Mal ixracı azalan kimi, bizim yerimizi başqaları tutur. Bazarda həmin yeri təkrar əldə etmək, daha böyük səylər tələb edəcək».

N.Ağayev Azərbaycan bazarında xarici məhsulların həcm və çeşidlərinin çoxalmasına da diqqət çəkir: «Ölkədə çoxsaylı kiçik müəssisələrin fəaliyyətlərini dayandırmasına şahidlik edirik. İş adamları rentabelli idxalla məşğul olurlar».

Onun fikrincə, iş adamları maliyyə çətinlikləri üzündən istehsal bazarını tərk edirlər: «Azərbaycanın daxili istehsal bazarında boşluqdur. Ölkədə lift istehsal edilsə də, xaricdən bu qurğuların gətirilməsinə üstünlük verilir. Passiv münasibət üzündən dünyada mövqelərimizi itiririk. İlbəil Azərbaycandan ixrac azalacaq. Bunu da etiraf etmək lazımdır ki, xarici ticarət sahəsində Azərbaycan düzgün siyasət yeritmir. Bütün göstəricilər üzrə uğurlar olduqca azdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG